AZ

Həsrət bitdi!..

Xoşbəxt xalqıq ki, artıq dilimizdəki qaçqın, köçkün sözləri Böyük Qayıdış ifadəsi ilə əvəz olunur…

Tarix Zəfərimizdən sonra biz hər gün irəli gedir, yeni-yeni qələbələr qazanırıq. Gözümüzün önündə yeni Qarabağ və Şərqi Zəngəzur formalaşır. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın bu yerlərə hər səfəri yeni infrastruktur obyektlərinin, yaşayış məntəqələrinin istifadəyə verilməsi ilə yadda qalır.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunmuşdur. Milli Prioritetlərə əsaslanan "Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası" yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. "İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin olunması məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair l Dövlət Proqramı"  qəbul edilib və hazırda uğurla icra olunur. 

Mayın 10-da - xalqımızın Ümummilli  Lideri Heydər Əliyevin anadan olmasının 101-ci ildönümü günündə Azərbaycanın tarixində növbəti təntənəli hadisə yaşandı. Qarabağın tacı olan Şuşanın məcburi köçkünlük həyatı yaşamış sakinləri məhz həmin gün doğma şəhərə qayıtdılar. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər.  İyirmi üç binadan ibarət yaşayış kompleksinin ümumi sahəsi  8 hektara yaxındır.

Eyni zamanda, dövlət başçısının və birinci xanımın iştirakı ilə Şuşa rayonunun Turşsu qəsəbəsinin təməli qoyulub. Hazırda Turşsu qəsəbəsində 353 ailə, 1403 nəfər qeydiyyatdadır. Yenidənqurma layihəsinə əsasən Turşu qəsəbəsinin ümumi sahəsi 126,46 hektar olacaq. Birinci mərhələdə 79,37 hektar sahədə yenidənqurma işləri aparılacaq.

Onu da qeyd edək ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Şuşa şəhərinə növbəti köç karvanı mayın 14-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Şuşa şəhərinə 38 ailə - 136 nəfər köçürülüb. Xatırladaq ki, indiyədək Şuşa şəhərində 58 ailənin, yəni 224 nəfərin daimi məskunlaşması təmin edilib.

İndiyədək Şuşanın kommunal infrastrukturunun bərpası istiqamətində böyük işlər görülüb. Şəhərin elektrik enerjisi ilə təminatında heç bir problem yoxdur.  110/35/10 kilovoltluq "Şuşa" yarımstansiyası, "Azərişıq" ASC-nin Şuşa Rəqəmsal İdarəetmə Mərkəzi və Şuşa Elektrik Şəbəkələrinin İnnovativ Texnologiyalar Mərkəzi istifadəyə verilib. Bütün bunlar şəhərin dayanıqlı və keyfiyyətli enerji ilə təchizatı baxımından əhəmiyyətli hadisələrdir.

Şəhərdə daxili yollar da yenidən qurulur.  Baş plana əsasən, şəhərdə uzunluğu 36,2 kilometr olan mövcud yollarla yanaşı, həm də 17,6 kilometr yeni yolun inşası da nəzərdə tutulur. Şuşanın küçələrinin adları isə Vətən müharibəsindəki zəfərimizi, dövlətçiliyimizi, tariximizi ehtiva edir. Yenidən qurulan küçələrin Heydər Əliyev, 8 Noyabr, Dəmir yumruq, Zəfər, Qarabağ, Atatürk, Pənahəli xan adlandırılması Vətən müharibəsindəki qələbəmizi, tariximizə, milli irsimizə dərin ehtiramı, Azərbaycan-Türkiyə qardaşlığını özündə təcəssüm etdirir. 
Baş plan hazırlanarkən şəhərin relyefinə uyğun olaraq yaşıllıqları və landşaftı qoruyub saxlamaq, onu inkişaf etdirmək məqsədilə "yaşıl dəhliz"lərin inşası da nəzərdə tutulur. Qala şəhərimiz bütün əzəməti ilə yenidən dirçəlir. Bu dirçəliş həm də güclü Azərbaycanı simvolizə edən möhtəşəm quruculuq nümunəsidir.

Mayın 10-da Laçın rayonunun Sus kəndi də 32 ildən sonra doğma sakinlərinə qucaq açdı. 20 ailənin 75 sakini illərdir xəyallarında yaşatdıqları doğma yurda qayıtdılar. Daha 75 nəfər laçınlının Vətən həsrətinə son qoyuldu. Xatırladaq ki 1992-ci ilin may ayında Ermənistan silahlı qüvvələri tərəfindən rayon işğal olunana qədər Sus kəndində 53 ailə - 203 nəfər yaşayırdı. Bu gün Zabux çayının sahilində, dağların yamacında salınan Sus kəndi təbii gözəlliklər qoynunda salınan bir naxışa bənzəyir. 25 hektar ərazini əhatə edən kənddə 13 ikiotaqlı, 28 üçotaqlı, 14 dördotaqlı və 4 beşotaqlı fərdi ev tikilib. Kənddə 132 yerlik orta məktəb, 50 yerlik uşaq bağçası da inşa olunub. Sakinlərin asudə vaxtlarının səmərəli təşkili üçün istirahət parkı və müxtəlif uşaq meydançaları yaradılıb. Tamamilə yenidən tikilərək istifadəyə verilən kəndə ümumilikdə 59 ailə - 214 nəfərin köçürülməsi nəzərdə tutulub. Mayın 10-da Laçın rayonunun Sus kəndinə səfər edən Prezident İlham Əliyev görülmüş işlərlə tanış olub, kəndə köçmüş sakinlərlə görüşüb, onlarla səmimi söhbət edib.

Səfər çərçivəsində dövlət başçısının iştirakı ilə Laçın rayonunda “AzərEnerji” ASC-nin “Zabux” və “Qarıqışlaq” Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışları olub. İşğaldan azad olunmuş ərazilər yaşıl enerji potensialı ilə zəngindir. Bölgədə ümumi gücü 467 MVt olan 72 kiçik su elektrik stansiyasının yaradılması nəzərdə tutulub. Postmüharibə dövründə burada ümumi gücü 226 MVt olan 28 su elektrik stansiyası yenidən qurulub və ya yeni tikilib. Ümumi gücü 44 MVt olan 4 su elektrik stansiyasında isə avadanlıqların quraşdırılması və sazlama işləri icra edilir. Nəticədə, bütün region üzrə dayanıqlı elektrik təchizatı sxemi yaradılıb və COP29 tədbirinin keçiriləcəyi, “Yaşıl dünya naminə həmrəylik ili” elan edilmiş 2024-cü ilin birinci yarısında ümumi gücü 270 MVt olan 32 su elektrik stansiyası istismara veriləcək. Bu stansiyalarda il ərzində 600 milyon kilovat-saatdan çox yaşıl enerji istehsal ediləcək. 

“Zabux” KSES 2,8 MVt, “Qarıqışlaq” KSES isə 4 MVt gücündədir. “Zabux” KSES-də il ərzində 8-9 milyon, “Qarıqışlaq” KSES-də il ərzində 11-12 milyon kilovat-saat yaşıl enerji istehsal ediləcək. Yeni salınan yollar sayəsində bölgədə gediş-gəliş də asanlaşacaq. Hazırda Xankəndi-Şuşa-Laçın avtomobil yolunda işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov dövlətimizin başçısına görülən işlər barədə məlumat verib.  

Hazırda işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası layihəsi çərçivəsində Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunun tikintisi sürətlə davam etdirilir.  Prezident İlham Əliyev Əhmədbəyli-Füzuli-Şuşa avtomobil yolunda aparılan işlərlə tanış olub, bu yolda inşa edilmiş birinci tunelin açılışında iştirak edib. Qeyd edək ki, yolun tikintisi layihəsi üzrə nəzərdə tutulmuş və ümumi uzunluqları (sağ və sol istiqamət) 12,7 kilometr təşkil edən 7 avtomobil tunelindən 6-sında qazma işləri artıq yekunlaşıb. Hazırda tuneldaxili işlər həyata keçirilir.

Göründüyü kimi, işğaldan azad olunmuş ərazilərdə bərpa və yenidənqurma işləri sırasında infrastruktur quruculuğu xüsusi yer tutur ki, bu da təsadüfi deyil. Zəruri infrastruktur yaradılmadan bəhs olunan ərazilərdə bərpa işlərini həyata keçirmək, iqtisadiyyatı inkişaf etdirmək, eyni zamanda, Böyük Qayıdış Proqramını reallaşdırmaq mümkün olmazdı. 

Yaqut Ağaşahqızı, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
283
ikisahil.az

1Mənbələr