AZ

Bu, bir reallıqdır…

Çoxdan yararsız təşkilata çevrilən ATƏT-in Minsk qrupunun və onunla bağlı olan bütün təsisatların ləvğ olunmasının vaxtı gəlib çatıb

ATƏT 30 il ərzində Ermənistanla Azərbaycan arasında münaqişənin həllində “iştirak etmiş” təşkilat olmaqla, sadəcə regionlarda münaqişələri uzatmağa çalışan bir təsisat kimi özünü bir daha təsdiq edib. Qarabağ münaqişəsində ATƏT Minsk qrupunun vasitəçilik missiyasının uğursuzluğu ucbatından baş vermiş İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra Azərbaycan və Ermənistan bəzi əngəllərə baxmayaraq inamlı addımlarla münasibətlərin normallaşması yolunda irəliləyirlər. Ancaq 2022-ci ilin oktyabrında ATƏT-in Ermənistanla yenidən bəzi birtərəfli təşəbbüsə qoşulması bu sülh prosesinin gedişinə mənfi təsir göstərməyə bilməz.

Bir müddət əvvəl amerikalı ekspert Piter Teys bildirib ki, ATƏT-in Minsk qrupu Qarabağ münaqişəsinin həllində ən pis resurs idi. ATƏT nəticəsiz gedən danışıqlar prosesinə və ikitərəfli münasibətlərin normallaşmasına katalizator yox, maneə olduğuna görə Azərbaycan xalqından üzr istəməlidir.  O, həmçinin qeyd edib ki, Avropa İttifaqının Ermənistanda mövcudluğunu genişləndirdiyi bir vaxtda, avropalı vergi ödəyicilərinin Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı kimi faydasız qurumun fəaliyyətini maliyyələşdirməsinə ehtiyac yoxdur.

Bütun bunların fonunda onu da vurğulamaq lazımdır ki, ATƏT Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə heç vaxt qiymətləndirmə missiyası göndərməyib. Birmənalı demək lazımdır ki, bu təşkilat artıq öz ömrünü başa vurub. Ekspertlər bildirirlər ki ATƏT-in bundan sonra görə biləcəyi və edə biləcəyi iş ancaq humanitar sahə ilə bağlı ola bilər. Bundan əlavə, bildiyimiz kimi, ATƏT-in Minsk qrupunun 3 həmsədrindən ikisi ABŞ və Rusiya faktiki düşmən mövqeyindədirlər. Ukrayna uğrunda gedən döyüşlərdə əks cəbhələrdə yer alıblar. Üçüncü həmsədr ölkə olan Fransa isə Prezident Emmanuel Makronun sayəsində beynəlxalq aləmdə getdikcə nüfuzunu itirməkdədir.

Prezident İlham Əliyev mayın 14-də ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqun başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib ki, ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Ölkəmizin başçısı qeyd edib ki, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünün və torpaqlarımızın işğalının nəticələrinin aradan qaldırılması ATƏT-in yaranmasından bu təsisatın gündəliyində olmasına baxmayaraq, nə bu təşkilat, nə də ATƏT-in Minsk qrupunun həmsədrlik mexanizmi münaqişənin nəticələrinin aradan qaldırılması, Azərbaycan ərazilərinin işğaldan azad edilməsi, məcburi köçkünlərin geri qayıtması üçün heç nə etməmişdir. Bu illər ərzində ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən aparılan danışıqlar prosesi də Azərbaycan ərazilərinin işğalının davam etdirilməsinə xidmət göstərib.

Dövlətimizin başçısı, həmçinin vurğulayıb ki, Azərbaycan öz iradəsi və gücü hesabına beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Nizamnaməsinə uyğun olaraq ərazi bütövlüyünü və suverenliyini təmin edərək, işğala son qoyub. Artıq Ermənistan-Azərbaycan münaqişəsinin tarixdə qaldığını və mövcud olmadığını deyən dövlətimizin başçısı qeyd edib ki, buna görə ATƏT-in Minsk qrupu və onunla əlaqədar olan bütün təsisatların ləğv edilməsinin vaxtıdır. Azərbaycan tərəfi bu məsələni qaldırıb və Ermənistan tərəfinin də buna razı olmaması üçün hər hansı bir səbəb görünmür.

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in fəaliyyətdə olan sədri, Malta Respublikasının xarici, Avropa işləri və ticarət naziri İan Borqla keçirdiyi mətbuat konfransında deyib ki, ATƏT-in Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün yaradılmış Minsk qrupu, fəaliyyətdə olan sədrin nümayəndəsi, yüksək səviyyədə planlaşdırma kimi təsisatları nəticə verməyib. Nazir, həmçinin qeyd edib ki, arxaik fəaliyyət göstərən, keçmiş ifadələrdən istifadə edən bu təsisatları ATƏT-in məhdud büdcəsindən maliyyələşdirməyə ehtiyac yoxdur. Bu təşkilat digər layihələrə dəstək verə bilər. Belə ki, ATƏT mina təhlükəsizliyinin aradan qaldırılması, keçmiş köçkünlərin evlərinə qaytarılması, ətraf mühitə dəyən ziyanın aradan qaldırılması kimi layihələrə dəstək verə bilər.

Birmənalı demək olar ki, 30 ilə yaxın müddətdə keçmiş Qarabağ münaqişəsinin həlli ilə bağlı aparılan danışıqların uğursuz olması səbəblərindən biri də bu problemlə ATƏT-in Minsk qrupunun məşğul olması idi. Bu baxımdan artıq yararsız təşkilata çevrilən ATƏT-in Minsk qrupunun və onunla başğlı olan bütün təsisatların ləvğ olunmasının vaxtı gəlib çatıb. Bu gün artıq bu, bir reallıqdır…

Zahid Rza, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
167
ikisahil.az

1Mənbələr