AZ

İslam terrorla hədələmək dini deyil!

Azərbaycana qarşı təxribatçı mövqe tutmuş İranın şovinist fars rejimi ağlını başına yığmalıdır

Bir müddət davam etmiş “nisbi sabitlikdən” sonra İran mətbuatında yenidən Azərbaycan əleyhinə təxribat xarakterli, hədə və hədyanla dolu material tirajlandı. Bu, ilk hal olmadığı üçün təəccüb doğurmasa da mahiyyəti baxımından əvvəlkilərdən fərqlənir və məsələyə reaksiya vermək zərurəti yaradır. Belə ki, bir neçə gün əvvəl, daha dəqiqi mayın 10-da İranın ali dini lideri Əli Xameneyiyə birbaşa bağlı olduğu bildirilən “Keyhan” qəzetində dərc edilən məqalədə Azərbaycan-İsrail münasibətlərinə toxunulub, başda Azərbaycan olmaqla bəzi region ölkələrinə təhdidlər ünvanlanıb, bu da azmış kimi “əgər etinasızlıq etsəniz, İsraildən sonra növbə sizdədir!” məzmunlu xəbərdarlıq edib. “Azad İran” xəbər verir ki, məqalədə Xameneyinin İsrailin hücumlarını bəzi ölkələrin pisləməsi, bəzilərinin isə məsələyə münasibət bildirməməsi ilə bağlı fikirləri yer alıb. Təbii ki, “məsələyə münasibət bildirməyənlər” siyahısında isə ilk olaraq Azərbaycan hədəf alınıb. Yazıda açıq şəkildə enerji boru xətlərində təxribat törədilməsi ehtimalından danışılır: “Asiyada bu yazıda qeyd etdiyimiz başqa bir strateji marşrut var ki, o da Bakı-Tbilisi-Ceyhan boru xəttidir. Bu xəttin fəaliyyətinin pozulması “sionist rejim”in (İsrail nəzərdə tutulur – M.R.) bütün iqtisadiyyatında böhrana səbəb ola bilər.”

Belə çıxır ki, özü hər zaman işğalçı xristian Ermənistan ilə qardaşlıq edən İran indi müsəlman dövlətlərini, o cümlədən Azərbaycanı onun terror təşkilatlarını dəstəkləməyə çağırır. Özü də bu istəyini, “ərkyanalığını” İslam dini ilə əlaqələndirir. Bax, burada qonşu ağalara mütləq yaxın tarixin bəzi məqamlarını xatırlatmaq zərurəti yaranır...

Azərbaycanın yaratdığı yeni reallıqlar fonunda Cənubi Qafqazda baş verən son hadisələr, xüsusilə Ermənistan rəhbərliyinin ilkin mərhələdə Qazaxın işğal altındakı dörd kəndini geri qaytarmaq istiqamətində atdığı addımlar və birbaşa təmaslar nəticəsində sülh danışıqlarında ciddi irəliləyişlərə nail olunması bəzi dünya və region dövlətləri kimi, İranı da xarici siyasətində müəyyən dəyişikliklər etmək məcburiyyətində qoydu. Ona görə məcburiyyət ki, Cənub qonşumuz hadisələrin bu cür inkişafında maraqlı olmadığını, Ermənistanla Azərbaycan arasında uzun illər davam etmiş münaqişədən öz mənfəətləri üçün istifadə etdiyini gizli və açıq şəkildə dəfələrlə büruzə vermişdi. Bu mənada özü haqqında “sülhpərvər” görüntüsü yaratmaq üçün ara-sıra saxta “region üçün sülh” bəyanatları verən İranın fars-molla rejiminin əsl qaranlıq mahiyyətini gizləmək cəhdləri növbəti dəfə uğursuz alındı. Bir daha aydın oldu ki, İranın siyasi və dini hakimiyyətinin nə Azərbaycana olan kini-küdurəti, nə bu ölkədə yaşayan qırx milyona yaxın soydaşımıza olan qəddar münasibəti, nə də erməni qardaşlarına sevgisində heç bir dəyişiklik yoxdur. Hər gün ortaya çıxan yeni faktlar İranın Azərbaycana həmişə olduğu kimi, dost deyil düşmən mövqe sərgilədiyini, ölkəmizin gündən-günə artan siyasi nüfuzundan, iqtisadi gücündən və hərbi qüdrətindən narahat olduğunu, təşvişə düşdüyünü göstərir. İç üzü açıldıqca daha çox aydın olur ki, İranın ermənipərəst, şovinist fars-molla rejimi Azərbaycana qarşı öz xain məqsədlərini, fitnə-fəsadlarını, təxribatlarını həyata keçirmək naminə hər cür riyakarlığa hazırdır.

Yaxın keçmişlə bağlı qısa xatırlatmalar kifayətdir ki, fars rejiminin ölkəmiz əleyhinə davranışları haqqında ümumi fikir formalaşsın. İran 30 ilə yaxın müddətdə işğalçı Ermənistanı dəstəkləyərək düşmənimizə hərbi, iqtisadi yardım göstərib. Yük maşınları işğal altındakı ərazilərimizdən evlərimizi, tikililərimizi söküb satmaq məqsədilə İrana, ərzaq, silah-sursatı isə qanunsuz yollarla Qarabağdakı və Şərqi Zəngəzurdakı separatçılara daşıyıb. Hərbçiləri, mütəxəssisləri dəfələrlə işğal altındakı torpaqlarımıza göndərilib. Rəsmi İrəvanla bütün sahələrdə əməkdaşlığı bəzən heç özü üçün gərəkli olmasa belə inkişaf etdirib. İranda yaşayan ermənilərə qeyri-rəsmi xüsusi status verərək onların bütün qayğılarının həll edilməsi üçün canfəşanlıq göstərib.

Azərbaycana qarşı münasibətinə gəlincə, keçmiş münaqişə dövründə bir dəfə də olsun ədalətli mövqe tutmayıb. Düşmənimizə silah, yardım, bizə isə qeyri-qanuni yollarla narkotik göndərməyə çalışıb. Bütün bunlar azmış kimi, Azərbaycanda sabitliyi pozmaq, din pərdəsi altında xaos və iğtişaşlar yaratmaq məqsədilə xüsusi təlimlər keçərək hazırladıqları təxribatçıları, casusları ölkəmizə göndərib, burada casus şəbəkəsi formalaşdırmağa çalışıb.

Son il yarım ərazində Azərbaycanda İranın casus şəbəkələrinin aşkarlanması ilə bağlı çoxsaylı faktlara nəzər salaq: 2022-ci il noyabrın 1-də Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı İran xüsusi xidmət orqanlarının əli ilə qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan Respublikası vətəndaşı istintaqa cəlb olunub. Əməliyyat nəticəsində qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qeyri-qanuni yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması ölkəmizdə qadağan edilmiş müxtəlif kitablar, video-materiallar aşkar edilərək götürülüb.

Bundan cəmi iki həftə sonra, noyabrın 14-də DTX tərəfindən fitnəkar qonşumuzun xüsusi xidmət orqanları nümayəndələrinin ölkəmizə qarşı həyata keçirdiyi növbəti kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınması istiqamətində kompleks əməliyyat-istintaq tədbirlərinin davam etdirilməsi və daha bir casus şəbəkəsinin ifşa edilməsi ilə bağlı məlumat yayıldı.

2023-cü il yanvar ayının 26-da Tehrandakı səfirliyimizə qarşı həyata keçirilmiş silahlı terror aktının “ssenari müəlliflərinin” kimliyi də əslində aydın idi. Məlum olduğu kimi, bu qanlı terror aktı nəticəsində səfirliyin mühafizə xidmətinin rəhbəri Orxan Əsgərov şəhid olub, xidmətin iki əməkdaşı isə yaralanıb.

Yanvarın 31-də isə Bakıda İranın daha bir casus şəbəkəsi aşkarlanaraq zərərsizləşdirildi. Azərbaycan Daxili İşlər Nazirliyinin keçirdiyi xüsusi əməliyyat tədbirləri nəticəsində Bakıda və respublikanın digər bölgələrində 7 nəfər şübhəli şəxs qismində həbs edildi.

Bütün bunlar İranın Azərbaycana qarşı fəaliyyətinin yalnız bir qismidir. Bu faktlardan sonra sual yaranır: Fars-molla rejiminin yadına İslam dini yalnız özünə lazım olandamı düşdü? Qaldı ki, hədələməyə, yəqin İran hakimiyyəti unudur ki, indi qarşısındakı ötən əsrin 90-cı illərinin zəif, gücsüz Azərbaycanı deyil. Gücümüzə şübhə edənlər, dərslərini aldılar. Ona görə də olmayan ağıllarını başlarına yığsınlar, əks halda 50 milyonluq Azərbaycan türkünün qəzəbi ilə üzləşməli olarlar...

Mahir Rəsuloğlu, “İki sahil”

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
ikisahil.az

1Mənbələr