AZ

Qərbin agentura tələsində çabalayanlar

AXCP sədri Əli Kərimlinin formalaşdırdığı «beşinci kolon», trollar dəstəsi, söyüş şəbəkəsi qrant rəqabətinin qurbanlarıdır

Respublikada keçirilən siyasi kampaniyalarda ictimai etimad qazanmayan müxalifət düşərgəsinin radikal kəsimi üzləşdikləri məğlubiyyətləri diqqətdən yayındırmaq üçün buqələmun kimi cilddən- cildə girsələr də məntiqi dəyərləndirən nəticə dəyişməzdir. Sosial bazalarının kasadlığını gizlətsələr belə reallığı dəyişmək imkanlarından məhrum AXCP, «Milli Şura» təmsilçiləri guya siyasi proseslərə təsir imkanlarının olması görüntüsü yaratmaq üçün ənənəvi mitinq və aksiyalardan istifadə metodlarını təkrarlayırlar. Gurultulu, populist çıxışları ilə tör-töküntülərini icazəsiz mitinqlərə çağıran «Demokratik Qüvvələrin Milli Şurası» adlı amorf qurumda təmsil olunanlar cəmiyyətdə «mübarizlik» imici formalaşdırmağa çalışsalar da özləri deyib, özləri eşidirlər. Çünki ətraflarına 200-dən artıq iştirakçı toplamaq imkanları olmayan AXCP sədri Əli Kərimli özü kimi naxələflərə şirnikləndirici vədlər versə də cəmiyyətdə ciddi sosial dayaqları olmadığı üçün niyyətləri baş tutmur. Əvvəlcədən hazırladıqları, təlim keçdikləri dəstələrin vəziyyəti gərginləşdirmək təxribatları da baş tutmur. Heç tutmayacaq da. Ölkədəki inkişafı, tərəqqini, vətəndaşların iqtidara inamını özlərinin məhvi hesab edən radikal kəsimin başbiləni Əli Kərimli ağalarından aldığı sifarişləri yerinə yetirə bilmədiyi üçün yenə başına qara bağlayıb. Artıq kimin-kim olduğun dərk edən, qaranı-ağdan seçən, doğru ilə yalanı reallıqların fonunda ayırd edən müdrik xalqımız hələ də inkarçılıq psixologiyasından qurtara bilməyən bu zümrədən olan naxələflərə , əbədi məğlublara dəfələrlə «yox» deyib. Qutuda qalsalar belə çayır kimi orada-burada baş qaldıran, zəhlətökən «milli»lər əsası olmayan arqumentləri ilə gülüş mənbəyinə çevrilirlər. Müalicəsi olmayan psixoloji xəstəliklərə tutulan, ağalarının sifarişlərini «bəçeşm» deyərək yerinə yetirən, anti-Azərbaycan qüvvələr şəbəkəsi qanunsuz aksiyalar bəhanəsi ilə çirkli pulların yuyulması «mexanizmini» təkrarlamaq istəyirlər. Lakin ictimai-siyasi sabitliyi pozmağa çalışsalar da mənfur niyyətlərinə çata bilmirlər. Praqmatik düşüncəli, Azərbaycanı yeni qələbələrə aparan, ölkəmizi bölgənin lider dövlətinə, güc mərkəzinə çevirən Prezident İlham Əliyevin siyasəti qarşısında məğlub olsa da, istefa mədəniyyətindən kənar Əli Kərimli yuxusunda da «mitinq» deyə sayıqlayır. İsterik düşüncələrinin əsirinə çevrilən, başqa ölkələrdə baş verən aksiyaların ölkəmizdə də təkrarlanacağı həvəsi ilə ac toyuğun yuxusunda darı gördüyü təsəvvürü yaradan «Milli Şura»nı və AXCP-ni guya siyasi qüvvə kimi formalaşdırmağa çalışan Əli Kərimlinin xarici dairələr tərəfindən planlaşdırılan bəd niyyətləri baş tutmur. «Hüquq müdafiəçisi», «qeyri –hökumət təşkilatları», «siyasi partiya» adları ilə guya birlik yaratdığını təsəvvür edən Əli Kərimli və trolları, xarici ölkələrin günc-bucağında gizlənən söyüş mafiyası belə Azərbaycan həqiqətlərinə kölgə salmaq iqtidarında deyillər.

Ölkədə keçiriləcək parlament seçkiləri ərəfəsində «dirilən» anti-Azərbaycan dairələrin mitinq çağırışlarının əsasında xarici ölkələrdən ayırılan qrantlara sahiblənmək yarışının olduğunu cəmiyyətdə hər kəs bilir. Amma bir məsələni unudurlar ki, siyasətçi üçün nəzəriyyə ilə bərabər, praktika çox əhəmiyyətlidir. Cəmiyyətdə hörmət qazanmaq istəyən siyasətçi pafoslu çıxışlara deyil, reallığa əsaslanmalıdır.Yəni, verilən vəd əməli işlə doğrulmursa, vəhdətdə deyilsə, sosial baza yoxdursa, nəticə olmayacaq.

Əvvəlki illərdə «Milli Şura»nın kağız üzərindəki sədri, Əli Kərimlinin Fatısayağı «qalx, ötur» diktəsi ilə hərəkət edən Cəmil Həsənlinin «o vətəndaş ki, 1 manatını bizim seçki kampaniyamıza vermək qayğısı ilə yaşayacaq, o, bizim tərəfdarımızdır» kimi iyrənc çağırışının dövrü arxada qalıb. «Siyasəti» radikalizmdən qaynaqlanan Əli Kərimlinin xəyanətkar çağırışları insanlar tərəfindən nifrətlə qarşılanır. Siyasətdə radikallığı, ağa qara deməyi xəyanətləri üçün üsul seçənlər hələ də tarixdən dərs alıb, ibrət götürə bilmirlər.

Son günlərdə ölkəmizin siyasi həyatında baş verən uğurları, xarici ölkələrin rəsmi nümayəndələrinin respublikamıza davamlı səfərlərini Azərbaycana hörmətin, etimadın, inamın məntiqi nəticəsi kimi qəbul edən xalqımız Əli Kərimlinin ermənilərə dəstək çağırışlarını lənətləyir. AXC-Müsavat səbatsızlarının Azərbaycanda yaratdıqları xaosu unutmayan xalqımız artıq satqın Əli Kərimlini «siyasi meyit » hesab edir.

Qrant verdiyi xəyanətkarları özlərinin nökəri, əlaltısı, agenti hesab edən Qərb Əli Kərimli başda olmaqla «beşinci kolon»un digər antimillilərini istədiyi kimi idarə edir. Torpağının, Vətəninin qeyrətini şucaəti ilə qoruyan Azərbaycanın Mili Qəhrəmanı Mübariz İbrahimovu söyən Əli Kərimlinin «feministlər»i indi özlərini vətənpərvər, xalqa canıyanan kimi göstərməyə çalışırlar. Xatırladaq ki, Əli Kərimli tayfası «sülh tərəfdarları» cildinə bürünərək (əslində ermənilərə xidmət edərək) milli sərvətlərimizi qeyri-qanuni yolla dağıdanlara qarşı etirazlarını Xankəndi- Laçın yolunda keçirdikləri etirazları ilə bildirən könüllü ekofəalların aksiyalarına belə qarşı çıxırdı.

AXCP sədrinin trollarını «Kapitan Qrantın uşaqları» adlandıran mühacir jurnalist Elbəyi Həsənlinin sosial şəbəkədə yayımladığı statusundan bir nümunə gətirməklə antimilli şəbəkənin kimə və hansı əqidəyə xidmət etdiyini diqqətə çatdıraq: « Siyasətdən xəbərdar olanlar yaxşı bilir ki, Qubad İbadoğlu hal-hazırda Amerikanın Azərbaycandakı bir nömrəli adamıdır. Təbii ki, digərlərindən fərqli olaraq ona daha çox qrant ayrılır. Mən istəyirəm ki, Qubad bəy Amerikanın yox, Azərbaycanın bir nömrəli adamı olsun. Adam bunu istəmirsə, özü bilər…»

Uzun illərdən bəridir ki, siyasi ambisiyalarını ayırdığı qrant hesabına satın aldığı, manqurtlaşan Əli Kərimli kimi «peyk»lər vasitəsilə həyata keçirən Qərbin agentura bazarındakı icra mexanizmi sadədir. Məqsədlərinə çatmaq naminə seçdikləri ünvana qrant çatdırmaq üçün partiyaların əhatə dairəsində olan qeyri-hökumət təşkilatına amorf, səbəbi «gizli saxlanılan» layihələr üçün qrant ayrılır. Sonra həmin qrant partiya sədrinə çatdırılır. Bu «təcrübə» ssenarisinin aparıcı obrazı Əli Kərimli və digər milli satqınlardır. Bir sözlə, Əli Kərimlinin formalaşdırdığı «beşinci kolon»un, içimizdə olan düşmənlərin, özünü müxalifət adlandıran ünsürlərin antimilli xəyanətləri, nökərçilik missiyaları Qərbin tələsində çabalayan ovu xatırladır.

Xarici ağalarının sifarişləri ilə Azərbaycanda olmayan «siyasi məhbus» axtaran, əslində isə vicdanlarının məhbuslarına çevrilən satqınlar ilk növbədə özlərini antimillilik xəstəliyindən xilas etməlidirlər. Sosial şəbəkə statusunda « Ay millət, bu siyasi məhbuslar sizin haqqınızı tələb etdiyinə, bu ölkədə adam kimi yaşamaq mümkün olmasına çalaşdıqları üçün həbs olunublar. Ona görə də onların azadlığını tələb etmək cəmiyyət olaraq bizim mənəvi borcumuzdur» kimi sərsəmləmələri ilə özünü sıgortalamağa çalışan AXCP sədrinin müavini Fuad Qəhrəmanlıya bir həqiqəti xatırladaq: «Sizin «siyasi məhbus» hesab etdiyiniz «Abzas Media»nın, «Kanal 13»un, «Toplum TV»nin anti-Azərbaycan təbliğatı üçün topladıqları vəsaitləri, mənimsədikləri xəyanət pullarını kimin ayağına yazaq.» Bu kimi faktlar ölkəmizdə siyasi partiyalar arasında dialoq üçün ədalətli, demokratik mühitin yarandığı bir məqamda bu prosesdən kənarda qalan radikal düşüncəlilərin qaranlıq məramlarını bəlli edir.

Bu günlərdə Şuşaya köç edən yerli sakinlərlə görüşündə ötən əsrin sonlarında Azərbaycanda xaos yaradan AXC-Müsavat cütlüyünün xəyanətlərini bir daha xatırladan Prezident İlham Əliyevin vurğuladığı kimi, hakimiyyət uğrunda mübarizənin gücləndiyi , səriştəsiz, qorxaq, satqın, xain insanların iqtidarda vəzifə tutmaları insanlarda xof yaratmışdı. «Bütün bunlar Şuşa kimi şəhərin, digər şəhər və kəndlərimizin işğal altına düşməsinin səbəbi olmuşdur. Təsadüfi insanlar hakimiyyətə gəldi. Küçələrdən heç bir təhsil almamış, heç bir dövlət işində təcrübəsi olmayan, heç bir biliyə malik olmayan müdafiə nazirləri, dövlət katibləri, parlament sədrləri, prezident vəzifələrinə yiyələndilər və bunun acı nəticəsini Azərbaycan xalqı çəkdi. Şuşanı müdafiə etməyə söz verən, əks təqdirdə öz başına güllə çaxmağa söz verən o ünsür görəsən indi hansı hisslər yaşayır? Əminəm ki, bu günə sevinmir» söyləyən Prezident İlham Əliyevin vurğuladığı kimi, o vaxt hakimiyyətdə olan AXC-Müsavat cütlüyünün tör-töküntüləri, onların böyük əksəriyyəti bizim Zəfərimizə sevinməyiblər, əksinə peşman olublar. Şəhidlərimizin qanı bahasına qazandığımız Qələbəmizə bu gün də kölgə salmağa çalışanların, ermənilərlə əlbir olan ovaxtkı hakimiyyətin satqın, qorxaq səbatsızlarının xəyanətləri üzündən işğal altına düşən Şuşanın bugünkü büsatı xain xofluları narahat edir. Azərbaycan əleyhinə təbliğatı gücləndirən Qərbin əlində vasitəyə çevrilən antimillilərin mitinq istəklərinin mənbəyi də bəllidir. Amma Azərbaycanın qazandığı uğurlar zülmətdə belə parlayan nur kimidir. Onun ziyasına kölgə sala biləcək güc yoxdur, olmayacaq da. Günəşdən gizlənən yarasaların, köstəbəklərin bu ziyanı görmək imkanları tükənib.

Xuraman İsmayılqızı, «İki sahil»

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
171
ikisahil.az

1Mənbələr