AZ

“Real” çempion olandan sonra da dayanmaq bilmir - TURUN İCMALI

La Liqada çempion da bəllidi, demək olar ki, ÇL-ə vəsiqə qazanacaq qalan komandalar da.

“Football-plus.az” xəbər verir ki, “Valensiya” ilə “Vilyarreal” son üç turda “avrokubok qatarına sıçramağa çalışacaq”. Turnir cədvəlinin aşağı pillələrinə gəlincə, “Kadis” hələ də elitada qalmaq ümidini qoruyur.

Gözlənildiyi kimi, Ançelotti “Bavariya” ilə oyundan sonra əsas oyunçularına dincəlmək imkanı yaratmışdı, ancaq bu amil də onun komandasının "Qranada" ilə qarşılaşmadakı effektivliyinə təsir göstərmədi. Çempion kimi ilk oyununu keçirən Madrid nəhəngi bu statusa uyğun oynadı. Hərçənd qonaqlar qeyri-adi nəsə göstərmədilər, sadəcə, səviyyə hesabına qələbə qazandılar. Elitada qalmaq şansını itirən “Qranada” “qapını möhkəm çırpmaq” istəyir, əndəlüslərin çalışqanlığına söz ola bilməzdi. Ancaq onlar Kurtuanı ciddi şəkildə narahat etmədilər. “Real” bir qədər “artıran” kimi qollar sıralandı. Fran Qarsiya 38-ci dəqiqədə “kral klubu”nda qol hesabını açdı. Fasilə ərəfəsində isə Arda Gülər komandasının üstünlüyünü möhkəmlətdi. 2-ci hissənin əvvəlində fərq bir qədər də artdı. Dias 10 dəqiqə aralığında iki qol vurdu. Sona hələ yarım saat qalırdı, “Real” tennis hesabıyla qələbə qazana bilərdi. Ancaq Xoselu qol imkanlarını “sağa-sola xərclədi”. Meydan sahiblərinin də perspektivli hücumları var idi, Uzuni bir neçə dəfə dəqiq oynaya bilmədi. Hesab bir daha dəyişmədi. Böyükhesablı “quru” qələbə qazanan “Real” artıq 90 xal toplayıb. “Qranada” isə azarkeşləri ilə daha yaxşı vidalaşmaq imkanını sonuncu ev oyununa saxladı.
“Barselona” üzərindəki qələbədən sonra ÇL-ə vəsiqəni rəsmiləşdirən “Jirona” 2-ci pilləni əldən vermək fikrində deyil. Ancaq ortabablardan “Alaves”lə səfər oyunu Kataloniyanın kiçik təmsilçinin bu yöndəki planlarına ciddi zərbə vurdu. “Jirona” iki dəfə hesabda irəli çıxdı və heç bir halda üstünlüyü qoruya bilmədi. Quridi 90+9-cu dəqiqədə hesabı bərabərləşdirəndən sonra qonaqların nəsə etmək üçün vaxtı qalmamışdı.

Təbii ki, “Atletiko” da ÇL-ə vəsiqəyə can atır. “Hindular” “Selta” ilə oyunda qələbə topunu son dəqiqələrdə vurdu. Oyunun axarından narazı qalan Simeone 2-ci hissədə Morata, De Paul və Depayı da “döyüşə atdı”. Məhz De Paul 84-cü dəqiqədə topu sinəsi ilə rahatlayıb, yuxarı küncə dəqiq zərbə vurdu.

“Vilyarreal” – “Sevilya” oyunu gərgin mübarizə şəraitində keçdi. Baxmayaraq ki, artıq bu komandaların mövsümlə bağlı heç bir iddiası qalmayıb. İkisi də “avrokubok zonası”nda çox uzaqdı. Ən-Nəsiri iki dəfə “Sevilya”nı önə çıxardı. Ancaq sonluq qonaqlar üçün faciəvi alındı. Moskera 84-cü dəqiqədə hesabı bərabərləşdirdi, 90+7-ci dəqiqədə isə cari mövsümün bombardirlərindən Sörlot “sarı sualtı qayığ”a qələbə qazandıran qolu vurdu.
Ümumiyyətlə, hesabat turu uzatma dəqiqələrində vurulan qollarla zəngin oldu. “Atletik” də “Osasuna” ilə ev oyununa məğlubiyyətdən məhz bu yolla qaçdı. Basklar 0:2-ni 2:2-yə çevirməyi bacardı. Onları 90+6-cı dəqiqədə Vilyalibre sevindirdi.

“Avrokubok zonası”nda olan “Betis” elitadan gedəcəyi çoxdan dəqiqləşən “Almeriya”nı çətinliklə məğlub etdi. “Malyorka” – “Las-Palmas”, “Kadis” – “Xetafe” oyunlarında meydan sahibləri yeganə qolla qələbə qazandı. Turun qolsuz bitən yeganə oyununda “Valensiya” ilə “Rayo Valyekano” qarşılaşdı. Dünən axşam keçirilən son oyunda isə “Barselona” “Real Sosyedad”ı məğlub edib 2-ci pilləyə qayıtdı.

35-ci tur
Qranada – Real 0:4
F.Qarsiya, 38. Gülər, 45+2. Dias, 49; 58. (20058)
Real: Kurtua, F.Qarsiya, Rüdiger (Naço, 70), Militao, Vaskes, Sebalyos, Kamavinqa, Modriç (Kroos, 70), Dias, Gülər, Xoselu.
Alaves – Jirona 2:2
Quridi, 12; 90+9 – E.Qarsiya, 4. Errera, 44. (17906)
Jirona: Qassaniqa, Qutyerres (Xuanpe, 59), Blind, E.Qarsiya, Martines, Martin (A.Qarsiya, 73), Errera, Savio (Fernandes, 84), Portu (Kouto, 59), Sıqankov (Torre, 73), Dovbik.
Atletiko – Selta 1:0
De Paul, 84. (63014)
Atletiko: Oblak, Rikelme (Mandava, 75), Ermoso, Vitsel, Saviç (De Paul, 56), Aspilikueta, Lino (Morata, 46), Koke, Lyorente, Qrizmann (Depay, 75), Korrea (Barrios, 62).
Vilyarreal – Sevilya 3:2
Sörlot, 30; 90+7. Moskera, 84 – Ən-Nəsiri, 26-p.; 44. (16862)
Atletik – Osasuna 2:2
İ.Uilyams, 58. Vilyalibre, 90+6 – Ra.Qarsiya, 40. Rub.Qarsiya, 47. (45273)
Betis – Almeriya 3:2
Fornals, 8. İsko, 28. Peres, 64 – Baptistao, 45+1. Romero, 66. (48622)
Malyorka – Las-Palmas 1:0
Qonsales, 29. (16050)
Kadis – Xetafe 1:0
Alkaras, 35-p. (16592)
Valensiya – Rayo Valyekano 0:0
(42642)
Barselona – Real Sosyedad 2:0
Yamal, 40. Rafinya, 90+3-p. (35289)
1. Real 35 28 6 1 78-22 90
2. Barselona 35 23 7 5 72-43 76
3. Jirona 35 23 6 6 75-44 75
4. Atletiko 35 22 4 9 64-39 70
5. Atletik 35 17 11 7 57-35 62
6. Betis 35 14 13 8 46-41 55
7. Real Sosyedad 35 14 12 9 48-37 54
8. Valensiya 35 13 9 13 37-39 48
9. Vilyarreal 35 13 9 13 59-60 48
10. Xetafe 35 10 13 12 41-48 43
11. Alaves 35 11 9 15 34-40 42
12. Sevilya 35 10 11 14 47-49 41
13. Osasuna 35 11 7 17 39-53 40
14. Las-Palmas 35 10 7 18 30-44 37
15. Malyorka 35 7 14 14 28-40 35
16. Rayo Valyekano 35 7 14 14 27-43 35
17. Selta 35 8 10 17 40-53 34
18. Kadis 35 5 14 16 24-49 29
19. Qranada 35 4 9 22 36-68 21
20. Almeriya 35 2 11 22 35-70 17
Bombardirlər: Dovbik (Jirona) – 20, Sörlot (Vilyarreal) – 19, Bellingem (Real) - 18, Levandovski (Barselona) - 17, Budimir (Osasuna) – 16.

Turun rəqəmi
976 – Dieqo Simeone La Liqada qazandığı xal sayını bu həddə çatdırmaqla rekordçu oldu. 54 yaşlı argentinalı mütəxəssis Luis Araqonesi (973) arxada qoydu. İlk “5-liy”ə Xavyer İrureta (871), Ernesto Valverde (860) və Manuel Pelleqrini (814) də daxildi. Qeyd etməyə dəyər ki, İspaniyada 1995-ci ildən bəri qələbəyə görə 3 xal verilir.

Turun ulduzu
Braim Dias (Real) – madridlilərin 21 nömrəli oyunçusu möhtəşəm təsir bağışladı. Tez-tez oyunu öz üzərinə götürür, driblinqləri ilə heyran edirdi. Fasiləyə qədər iki qolun vurulmasında yaxından iştirak etdi. Fasilədən sonra isə özü də iki qol vurdu.

Turun sitatı
Florentino Peres, “Real”ın prezidenti:
“36-cı çempionluq bizim üçün xüsusidi, klubun dəyərləri sayəsində qazanılıb. Mövsümün gedişində ciddi zədə problemlərinin öhdəsindən gəldik. Tariximizin ən yaxı məşqçilərindən olan, hər kəsun sevgisini haqq edən Ançelotti sağ olsun. Tariximiz bizi yenə qələbələrə doğru itələyir. Evə Çempionlar Liqasının 15-ci kuboku ilə qayıtmaq üçün bütün gücümüzü qoyacağımıza heç kimin şübhəsi olmasın”.


Faktlar
* “Qranada” La Liqada “Real”a ardıcıl 16-cı dəfə uduzan ilk komana oldu. Bu seriya 2013-cü ilin avqustundan bəri davam edir.
* “Real” artıq 22 oyundu uduzmur. Sonuncu dəfə yanvarın 18-də kubok oyununda “Atletiko”ya uduzan madridlilər həmin vaxtdan bəri 16 oyunda (ÇL-də MS ilə oyunda penalti seriyasında qazanılan qələbə də nəzərə alınmaqla) qalib gəlib, 6 dəfə heç-heçə edib.
* “Real” tarixində ilk dəfə bir mövsümün gedişində ardıcıl 29 oyunda uduzmayıb. Madridlilər bu mövsüm La Liqada yalnız bir dəfə - sentyabrın 24-də “Atletiko” ilə oyunda məğlubiyyətlə barışıb (1:3), ardından 23 qələbə qazanıb, 6 dəfə heç-heçə ilə kifayətlənib. Madridlilərin heç vaxt bir mövsümün gedişində 29 oyunluq məğlubiyyətsiz seriyası olmamışdı. Fərqli mövsümləri nəzərə aldıqda isə seriya 30 oyundan (1988-in mayından 1989-un aprelinə qədər) ibarətdi.
* “Real” tarixində 3-cü dəfə İspaniya çempionatında 19 “quru” oyun keçirib. Bu oyunların 10-u Luninin, 7-si Kepanın, 2-si Kurtuanın hesabındadı. Madridlilər La Liqanın 1986/87 və 1987/88 mövsümlərində də belə nəticə ilə yadda qalıb. “Real”ın son üç oyunda (“Alaves”, “Vilyarreal”, “Betis”) klub rekordunu yeniləmək imkanı var.
* Arda Gülər La Liqada 3-cü qolunu vurdu. 19 yaşlı türkiyəli yarımmüdafiəçi bu qolları son 5 çempionat oyununda vurub, “Real”ın heyətində La Liqada 7 oyun keçirib.

Reaksiyalar
Karlo Ançelotti, “Real”ın baş məşqçisi:
“Əla hisslər keçirirəm. Hər kəs döyüşür, ustalğını göstərir. Kurtua və Militao “artırır”. Hədəf Çempionlar Liqasının finalına tam heyətlə və ən yaxşı formada hazırlaşmaqdı. Düşünürəm ki, Kroos və Modriç komandaya yardım etmək imkanına sevinclə yanaşırlar. Onların fikri yalnız finalda qələbə qazanmaqdan yanadı”.


Miçel Sançes, “Jirona”nın baş məşqçisi:
“İndi artıq hər şey bizdən asılı deyil. “Barsa” ardıcıl dörd qələbə qazansa, 2-ci yeri tutacaq. Turnir cədvəlindəki üstünlüyü əldən verdik. Lap sonda qələbəni qaçırmağımız məni məyus etdi. Hərçənd biz də əvvəllər bu yolla qələbə qazanmışıq. Meydandakı fədakarlıq nəticədə əksini tapmırsa, heç bir əhəmiyyəti olmur”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
64
football-plus.az

1Mənbələr