AZ

Kilsə etirazları Ermənistanı terror bataqlığına sürükləyir...

Image

Ermənistanda baş nazir Nikol Paşinyanın istefasını tələb edən etirazlarla bağlı hakimiyyət artıq sərt addımlar atmağa qərar verib. Bu fonda artıq eturazçıların saxlanılmasına start verilib. Bunlar, əsasən mitinqə başçılıq edən arxiyepiskop Baqrat Qalstanyanın çağırışı ilə paytaxt İrəvanda küçələri bağlayaraq şəhərdə hərəkəti iflic vəziyyətinə salmağa çalışanlardır.

Qalstanyan İrəvanda keçirilən mitinqdə paytaxtda və ölkənin başqa şəhərlərində nəqliyyatın hərəkətinə mane olmağa çağırmışdı. Bu çağırışa qoşulan yüzlərlə etirazçı mayın 13-də hərəkətə keçmişdi. İrəvanın mərkəzində qısa müddətdə nəqliyyatın hərəkəti dayanmışdı. Elə bundan sonra şəhər polisi hərəkətə keçərək küçələri açmağa başlayıb. Müxalifət tərəfdarları və etirazçılar polisi aşırı güc işlətməkdə və hətta yolları bağlamayanları da saxlamaqda ittiham edirlər. Bu arada keşiş Qalstanyan Yazıçılar və Rəssamlar ittifaqlarının üzvləri, alim və ziyalılarla görüşərək, baş nazir Nikol Paşinyanın istefası tələbinə daha çox dəstək toplamağa çalışır. Arxiyepiskop bu görüşlərə bir neçə yüz tərəfdarının müşayiəti ilə piyada gedir. Eyni zamanda Ermənistan parlamentinin deputatlarına təzyiqlər göstərilir. Qalstanyan parlamentdə Paşinyan barəsində etimad səsverməsinin keçirilməsini tələb edir. Parlamentdəki iki əsas müxalifət fraksiyası – keçmiş prezidentlər Robert Köçəryanın və Serj Sarkisyanın “Hayastan” və “Şərəfim var” fraksiyaları belə bir səsvermə təşəbbüsü ilə çıxış etməyə hazırlaşdıqlarını bildiriblər. Lakin hələlik baş nazirə etimad məsələsinin səsə qoyulması üçün lazım olan 36-cı səs tapılmayıb. Müxalifətin parlamentdə 35 deputatı var, lakin etimad səsverməsi üçün azı 36 səs tələb olunur. Müxalifət və Qalstanyan 2022-ci ildə “Şərəfim var” fraksiyasını tərk etmiş və nominal olaraq müstəqil sayılan deputat İşxan Zakaryandan dəstək almağa ümid edir. Qalstanyan daha əvvəl iddia etmişdi ki, Zakaryan prosesə qoşulmaqdan imtina etməyib. Lakin indi onun yalan danışdığı bəlli olur. Paşinyanın “Vətəndaş müqaviləsi” partiyasından olan deputatlar Zakaryanın müxalifətin təşəbbüsünə qoşulmayacağına əminlik ifadə edirlər. Zakaryan, hətta müxalifətin təşəbbüsünə qoşulsa belə, bilavasitə impiçmentə nail olunması üçün hakim partiyanın 71 deputatından 18-ni öz tərəfinə çəkə bilməyəcək. İndilikdə Baqrat Qalstanyan da Zakaryanın prosesə qoşulub-qoşulmayacağını bilmədiyini deyib. Paşinyan və müttəfiqləri Qalstanyanı, bütövlükdə Erməni Kilsəsini və onun başçısı katolikos II Qaregini ölkədə vəziyyəti qarışdırmaqda və xarici qüvvələrə xidmət etməkdə ittiham edirlər. Paşinyan iddia edib ki, Ermənistanda ruhani hakimiyyətini itirmiş kilsə siyasi hakimiyyət oyunlarına başlayıb. Baş nazir bunu da deyib ki, Erməni Kilsəsinin patriarxı – katolikos II Qareginin rəhbərliyi altında keçirilən etirazların əsas mənfəətdarı keçmiş prezident, əsas müxalifət alyansı olan “Hayastan” fraksiyasının başçısı Robert Köçəryandır. Hakim partiyadan millət vəkili Arsen Torosyan “Erməni Kilsəsinin 1700 illik tarixini” mif adlandırıb və deyib ki, bu mifin məhv edilməsinə ehtiyac var: “Xalqımızın qismətinə çox ağır tale düşüb. O, bu təlatümlü dənizdə üzmək üçün nəinki yüzillik mifləri və stereotiplləri dağıtmalı, hətta faktiki olaraq 1700 illik mifi məhv etməlidir. Hərçənd, o öz dövlətçiliyini qurarkən bunu qismən edə bilib”. 

Bunlar fonunda “armenuanreport” portalı yazır: “Kiminsə kimisə aldatmağa çalışması xoş deyil. Xüsusən də bütün xalqı aldatmaq cəhdi olduqda. Erməni Apostol Kilsəsinin nümayəndələri tərəfindən belə cəhdlərin necə həyata keçirildiyini müşahidə etmək xüsusilə xoşagəlməzdir. O, insanları parçalamamalıdır. Təəssüf ki, son vaxtlar tamamilə fərqli bir şey gördük. Erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının Primatı, arxiyepiskop Baqrat Qalstanyanın dediyi kimi, Ermənistan hakimiyyəti kilsənin işlərinə “daim müdaxilə edib və müdaxilə etməyə çalışacaq”. Bu səhvdir. İndiki iqtidarı çoxsaylı uğursuzluqlarına, kobud səhvlərinə və yerinə yetirilməmiş layihələrə, vədlərə görə tənqid etmək olar, amma burada vəziyyət tamam başqadır. Siyasi proseslərə kilsə müdaxilə etmək cəhdi edir. Bu qəbuledilməzdir. Bu, Konstitusiyamıza ziddir. Biz nə mollakratik İran, nə də Vatikanıq. Biz hökumətin ədalətli, demokratik seçkilər yolu ilə seçildiyi və dinin siyasətdən ayrıldığı dünyəvi dövlətik. Və heç kimə bu vəziyyətə göz yummağa icazə verilmir. Eyni zamanda, reallıqda tamamilə fərqli bir şey gördük. Arxiyepiskop Baqrat Qalstanyanın siyasi proseslərə cəlb edilməsi artıq yanlış addımdır. Baş verənlər o deməkdir ki, ölkə Konstitusiyasına məhəl qoyulmadığı bir təxribatla üz-üzəyik. Üstəlik, Kanada vətəndaşı pasportunu daşıyan Baqrat Qalstanyan tərəfindən.
 Arxiyepiskop Baqrat Qalstanyanın Castin Trüdonun zorakılıqla devrilməsi tələbi ilə Torontodan Monreala yürüşünü izləsəydik, onu çoxdan həbs edib türməyə atacaqdılar. Amma hökumətimiz kilsə rütbəsi adı altında bayağı siyasi spekulyasiyalarla məşğul olanlarla hələ də kifayət qədər ehtiyatlı davranır. Baqrat Qalstanyan bütün ermənilərin katolikosu II Qareqinlə vaxtaşırı görüşdüyünü etiraf edib. Onun sözlərinə görə, sonuncu görüş iki gün əvvəl baş tutub. Eyni zamanda, arxiyepiskop II Qareqinin onun təşəbbüsü ilə başladığı “Vətən naminə” hərəkatı ilə bağlı hansı fikri ifadə etdiyini açıqlamayıb. Amma bu görüşün özü onu göstərir ki, II Qaregin Baqrat Qalstanyanın fəaliyyətini koordinasiya edir. Və buna uyğun olaraq o, Rusiyanın göstərişi ilə hərəkət edən qüvvələrin tərəfində dayanır. Bu prosesin benefisiarına çevrilməyə çalışan Robert Köçəryan və Serj Sarkisyan Rusiyadan informasiya, siyasi və digər dəstək alırlar. Rusiyas prezidenti Vladimir Putin “torpaqların toplanması” missiyasını həyata keçirmək üçün sona qədər mübarizə aparmaq niyyətindədir. İndi o, bütün diqqətini Ukraynaya cəmləyib, burada Xarkov vilayətini ələ keçirməyə çalışır. Amma bu hərbi kampaniyanın sonunda o, bizim bölgəyə keçəcək. Və ilk növbədə Ermənistana. Rusiya hələ də etibarnamə ilə hərəkət etməyə çalışır. Məhz keçmiş, tamamilə korrupsioner hökumət və kilsə nümayəndələrinin əli ilə. Bu şəraitdə qanuni və demokratik yolla seçilmiş hökumətin bu təxribata qarşı çıxmaq üçün bütün rıçaqlardan istifadə etmək hüququ var. Səlahiyyətli orqanlar zəiflik göstərsə, etirazlar tamam başqa forma və miqyas ala bilər. Ta ki, Ermənistan qanlı terror bataqlığına qərq olana qədər. Bu, təbii ki, heç də ölkəmizə lazım olan, ona xeyir və firavanlıq gətirəcək şey deyil. Biz qonşularımızla beynəlxalq səviyyədə qəbul edilmiş beynəlxalq hüquq normalarına əsaslanan yeni münasibətlər formatı qurmalıyıq. Artıq rəsmi Bakının ritorikasının çox dəyişdiyini görürük. O, artıq sülhdən danışır, Ermənistana qarşı ərazi iddialarının olmadığını bəyan edir. Kilsə rəhbərliyinin və Ermənistanın keçmiş prezidentlərinin göstərişi ilə hərəkət edən Baqrat Qalstanyanın Rusiyanın əli ilə oynayan hərəkatı isə bütün bu prosesə ancaq əngəl törədir. Nə yaxşı ki, respublika əhalisinin əksəriyyəti bu aşkar reallığı dərk edir. Artıq özlərini Ermənistanın başında görənləri hiddətləndirən də məhz budur”.

Samirə SƏFƏROVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
99
baki-xeber.com

1Mənbələr