AZ

Qərbin demokratiya anlayışı çürüyüb: Ermənistan və Gürcüstandakı oxşar aksiyalarla fərqli münasibət riyakarlığın əlamətidir -TƏHLİL

Ermənistanda revanşist qüvvələr yenidən aktivləşib. Koçaryan-Sarkisyan ortaqlığı Azərbaycanla Ermənistan arasındakı delimitasiya prosesini bəhanə edərək, erməni kilsəsindən aktiv istifadə etməkdədir. Hazırda etiraz aksiyalarının rəhbəri və siması rolu erməni keşiş, arxiyepiskop Baqrat Qalstanyana həvalə olunub. O, Baş nazir Nikol Paşinyan hökumətini təslimçilikdə və seçkiqabağı vədlərini yerinə yetirməməkdə ittiham edir. Qalstanyan bir müddət sonra Baş nazir Nikol Paşinyanın istefasını da tələb etməyə başlayıb. Paşinyana istefaya getmək üçün bir saat vaxt versə də, istəyi baş tutmayıb. Bundan sonra keşiş bütün respublikada dinc itaətsizlik aksiyalarına başlamağa, parlamentin müxalifət fraksiyalarını isə Paşinyanın impiçmenti prosedurunu reallaşdırmağa çağırıb. Nəticədə hökumətin siyasətinə etiraz edən ermənilər İrəvanın küçələrinə axışıblar. Baş verənlərdən aydın görünür ki, məlum dairələr etiraz texnologiyalarını fərqli ssenari üzrə qurublar. Bunu Nikol Paşinyanın 2018-ci ilin aprelində kütləvi etirazlar fonunda hakimiyyətə gəlməsi ilə hazırkı aksiyalar arasında oxşar məqamlardan, o cümlədən paytaxta piyada yürüşdən, itaətsizlik aksiyalarından də görmək olar. 52 yaşlı keşiş Baqrat Qalstanyanın bioqrafiyası da müəmma və suallarla doludur. O, Böyük Britaniyada Lids və Kanadanın Monreal şəhərlərində teoloji təhsil alıb. Bundan başqa, 10 il Kanadadakı erməni kilsəsinə başçılıq edib. Erməni mediası onun Kanada vətəndaşlığı olduğunu da yazıb və daha sonra Qalstanyan özü bu faktı təsdiqləyib. Diqqət çəkən məqamlarından biri də Ermənistanın Azərbaycanla razılığını pozmaq istəyənlər sırasında ATƏT-in Minsk qrupunun keçmiş həmsədr ölkələrinin olmasıdır. Keçmiş həmsədr ölkələr ABŞ, Fransa və Rusiyanın bu prosesdə tutduğu mövqe Azərbaycanla Ermənistan arasında münasibətlərin tənzimlənməsi prosesi ilə tam ziddiyyət təşkil edir ki, bu da həmin ölkələrin danışıqlar prosesi zamanı əsl niyyətlərini ortaya qoyur. Buradan aydın olur ki, keçmiş həmsədrlər artıq tarixə qovuşmuş münaqişəsinin ədalətli həllində heç vaxt maraqlı olmayıblar. Əsas məsələ ondadır ki, keşiş Baqrat Qalstanyanın rəhbərliyi altında keçirilən mitinq və itaətsizlik aksiyalarında yüzlərlə insan saxlanılıb və fiziki zorakılığa məruz qalıblar. Təkcə mayın 13-də İrəvanda etiraz aksiyalarında 150-dən çox şəxs saxlanılıb. Yayılan video-görüntülərdən də görünür ki, Ermənistan polisi azyaşlı, qadın, yaşlı demədən etirazçılara qarşı qeyri-adekvat güc tətbiq edir, ciddi xəsarət yetirirlər. Hətta müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlara, hüquq müdafiəçilərinə və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir. Jurnalistlərin hadisələri işıqlandırmasına, peşə fəaliyyətini yerinə yetirməsinə mane olan polisin qanunsuz əməlləri Ermənistan Jurnalistlər İttifaqının da etirazına səbəb olub. Polis əməkdaşının pilləkənlərlə qalxan "ABC Media"nın operatoru Mher Davtyanı qəsdən arxadan itələyərək yıxması faktı ortadadır. Yəni Ermənistanda müxalifət qüvvələrinin Paşinyan hakimiyyətinə qarşı etirazları polis zorakılığı, mediaya təzyiqlər və kütləvi həbslərlə müşahidə olunmaqdadır. Qəribəsi odur ki, "Human Rights Watch”, "Amnesty İnternational", "Fredoom House” kimi özünü dünyanın əsas "insan hüquqlarının müdafiəçisi" elan edən təşkilatları, eləcə də beynəlxalq jurnalist təsisatları Ermənistanda yaşananlara, aksiyaçıların və jurnalistlərin təqiblərə, təzyiqlərə məruz qalmasına göz yumur, heç bir reaksiya vermirlər. Halbuki sözügedən təşkilatlar Azərbaycanda ən kiçik hadisəyə belə aşırı dərəcədə şişirdilmiş reaksiya verir, polislərin qanuna uyğun davranışını faciə kimi təqdim etməyə çalışırlar. Digər təəccüb doğuran məqam odur ki, "Human Rights Watch”, "Amnesty İnternational", "Fredoom House" kimi təşkilatlar qonşu Gürcüstanda günlərdir davam edən etiraz aksiyalarını məhz Azərbaycanda olduğu kimi zərrəbinlə izləyir və hər detalını ayrıca şərh edirlər. ABŞ və Avropa ölkələri Gürcüstandakı məlum hadisələrə gün ərzində bir neçə dəfə münasibət bildirir, hökumətin aksiyaçılara yönəlik addımlarını sərt tənqid edirlər. Halbuki hakim “Gürcü Arzusu” Partiyası ölkədə QHT sektorunda maliyyə şəffaflığını təmin etmək məqsədilə “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini parlamentdə qəbul etdirməyə çalışır. Ancaq göründüyü kimi, Qərb ölkələri, beynəlxalq strukturlar, xüsusən donor təşkilatlar "Xarici agentlər haqqında” qanun layihəsini öz maraqlarına təhlükə görürlər. Ermənistandakı aksiyalara göz yuman "Amnesty İnternational" qurumu Gürcüstan hakimiyyətindən dinc nümayişçilərə qarşı "qeyri-qanuni güc tətbiqini" dayandırmasını tələb edir. Bu absurd və ikiüzlü tələb “Amnesty İnternational” və digər təşkilatlar tərəfindən də eynən təkrarlanır. Bu isə Qərbin xoşuna gəlməyən məsələlərin insan haqları sahəsindəki “problemlər” yolu ilə əsaslandırılaraq qarşı tərəfə yeridilməsindən xəbər verir. Aydın şəkildə görünür ki, kollektiv Qərbin Ermənistan və Gürcüstandakı oxşar aksiyalarla bağlı ortaya qoyduğu ikili yanaşma onun demokratiya anlayışının standart olmadığını, sırf öz maraqlarına uyğun formada, təhrif edilmiş şəkildə həyata keçirildiyini göstərir. Halbuki hər iki ölkədə əhali məhz hökumətin yanlış hesab etdiyi addımlarına qarşı dinc aksiya keçirir. Məntiq isə onu deyir ki, "demokratik" Qərb strukturları həm Ermənistanda, həm də Gürcüstandakı aksiyalara eyni müstəvidə qiymət verməli, hər iki ölkədə baş verən polis zorakılığını pisləməlidir. Ancaq bunun tam əksini müşahidə edirik. Deməli, Paşinyan hökuməti qərbyönlü siyasət yürütməyə davam etdikcə, Rusiyadan uzaqlaşmaq siyasəti güddükcə, Qərb dövlətləri Ermənistandakı polis zorakılığına, həbslərə, jurnalistlərə təzyiqlərə səs çıxarmayacaqlar. Cənubi Qafqaz ölkələri arasında qoyulan açıq fərq bunu deməyə əsas verir. Qərb üçün insan haqları, media azadlığı, sərbəst toplaşma hüququ ölkələr üzrə dəyişir. Hansı ölkə Ermənistan kimi Qərb institutları ilə sıx əməkdaşlıq edirsə, həmin ölkədə insan haqlarını tapdalamaq, polis zorakılığına göz yummaq olar. Lakin bunun əksini edənlər avtomatik Qərbin "qara siyahısına" yazılırlar. Vaxtilə Paşinyanı hakimiyyətə gətirən küçə hərəkatını "demokratiyanın əsl təzahürü" kimi qiymətləndirən və protest aksiyalarının iştirakçılarına qarşı atıla biləcək sərt addımların yolverilməz olduğunu bildirən Qərbin indi Ermənistan hökumətinin sərt tədbirlərinə biganə qalması bunun əyani sübutudur. Daim insan haqları və demokratiyadan danışan Qərbin, beynəlxalq və regional təşkilatların riyakarlığı hansı məntiqə söykənir? 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
139
sherg.az

1Mənbələr