AZ

Uşaqlar arasında “İTi Zəka - 2” hakatonu keçiriləcək

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və Uşaq İnkişaf Platforması ilə birgə uşaqlar arasında “İTi Zəka - 2” hakatonu keçirəcək.

Dövlət Komitəsindən "Tehsil.biz"ə bildirilib ki, hakaton uşaqlara öz hüquqlarının təmin edilməsi istiqamətində təşəbbüs irəli sürmək, innovativ həll yolları təklif vermək imkanı yaratmaq, onlarda yaradıcı düşüncəni inkişaf etdirmək məqsədilə keçirilir. Hakaton iştirakçıları komandada işləmək, rəqəmsal bacarıqlarını inkişaf etdirmək, son texnoloji yenilikləri sahə üzrə yerli və xarici ekspertlərdən öyrənmək və tətbiq etmək imkanı qazanacaqlar.

Builki hakaton sağlam həyat tərzi, intellektual inkişaf, ekologiya və uşaqlar, informasiya təhlükəsizliyi, süni intellekt və uşaqlar, asudə vaxt və əyləncə mövzularını əhatə edəcək.

Hakatonda rəqəmsal bacarıqlara, eləcə də informasiya texnologiyaları sahəsində müəyyən bilik və bacarıqlara (sertifikat, diplom) malik olan, innovativ düşüncəli, bu sahəyə xüsusi maraq göstərən və komandada işləməyi bacaran 14-17 yaşlı uşaqlar iştirak edə bilərlər. Uşaqlar müsabiqəyə minimum 3, maksimum 5 nəfərlik (qız və oğlan təmsilçiliyi nəzərə alınmaqla) komandalar şəklində qeydiyyatdan keçməlidirlər. Seçilən namizədlərlə əlaqə saxlanılacaq.

Yarışma 4 mərhələdən ibarət olacaq. İlkin mərhələdə iştirakçılar yerli və xarici ekspertlərin onlayn təlimlərinə cəlb olunacaq və müvafiq mövzular üzrə təlimatlandırılacaq. Digər 3 mərhələ isə canlı təlimlər, hakaton və qaliblərin mükafatlandırılmasından ibarət olacaq.

Ən istedadlı 3 qalib komanda münsiflər tərəfindən müəyyən ediləcək və nəticələr mükafatlandırma mərasimində açıqlanacaq. Qalibləri (hər bir komanda üzvünü) dəyərli hədiyyələr gözləyir. Müsabiqə günlərində iştirakçılar lazımi ləvazimatlar və qidalanma ilə təmin ediləcək.

Müsabiqəyə qeydiyyat iyunun 10-u saat 18:00-dək elektron qeydiyyat forumunun linki vasitəsilə aparılır.

Əlavə suallar yaranarsa, [email protected] elektron poçt ünvanına müraciət ünvanlaya bilərsiniz.

Qeydiyyat forumunun linki: https://forms.gle/KyPxvAZga9FYGjTC9

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
149
4
tehsil.biz

5Mənbələr