AZ

“Turan Tovuz” özünə gəldi, Ayxan Abbasov kapitanını qınadı - REPORTAJ

“Araz-Naxçıvan”ın “Zirə” üzərindəki sürpriz qələbəsini saymasaq, hazırda enişdə olan iki komanda qarşı-qarşıya gəlirdi.

Bu üzdən hər biri qələbə əzmini qaytarmaq üçün bütün qüvvəsini səfərbər edəcəkdi.

Oyunda ilk real qol vəziyyətini nominal meydan sahibləri yaratdı. 6-cı dəqiqədə Vadimin zərbəsindən sonra qapı dirəyi qonaqların dadına çatdı. “Qırmızı ağlar” 33-cü dəqiqədə növbəti dəfə hesabı açmağa yaxın oldu. Manafovun qapı qarşısına etdiyi asmanı Nuno başla “çərçivə”yə yönəltsə də, qolkiper topun tora qovuşmasına imkan vermədi. Hər iki komanda sakit oyun sərgiləyərək, əks-hücumlardan yararlanmağa çalışırdı. Tovuz təmsilçisi ilk yarıya artırılmış sonuncu dəqiqədə Paçuyla hesabı aça bilərdi. Lakin həm Avramın seyvi, həm də epizodun davamında yan xətt hakiminin ofsayd bayrağını qaldırması birinci hissəsin qolsuz bərabərliklə yekunlaşmasına səbəb oldu. İkinci yarı başlar-başlamaz Tərlanın səhv ötürməsiylə Muxtar Respublika təmsilçisinin əks-hücumu baş tutdu. Amma Kuzmanoviçin zərbəsi çox zəif oldu və qapıçıya heç bir çətinlik yaratmadı. Tovuzlular 53-cü dəqiqədə “çərçivə”yə ilk zərbəsini endirdi. Ottonun işlək olmayan sol ayağıyla etdiyi vuruş da keyfiyyətsiz alındı. 60-cı dəqiqədə Kuzmanoviçin künc zərbəsindən qapı qarşısına göndərdiyi ötürməni Maşike hava mübarizəsindən qalib ayrılaraq “çərçivə”yə yönəltdi. Bayramov bu dəfə çıxışda səhvə yol versə də, Marandiçi onun xətasını kompensasiya edərək, topun qapı xəttini keçməsinə imkan vermədi. Abbasovun yetirmələri 63-cü dəqiqədə tablodakı rəqəmlərdən birini öz xeyrinə dəyişməyi bacardı. Quseynovun küncdən zərbədən cərimə meydançasına göndərdiyi topu rəqib futbolçularının diqqətindən yayınmağı bacaran Serrano sadə toxunuşla tora qovuşdurdu – 0:1. Qoldan sonra hər iki tərəf hücumlardan daha səmərəli istifadə etməyə çalışırdı. 82-ci dəqiqədə Beladjinin qüvvətli zərbəsini dəf edən Avram komandasını növbəti qoldan xilas etdi. Qarşılaşmanın əsas vaxtına əlavə olunmuş sonuncu dəqiqədə künc zərbəsini ev tapşırığıyla başlayan Baxşıyevin yetirmələri məğlubiyyətdən yaxa qurtarmaq üçün son cəhdini etdi. Nəsirlinin qapı önünə ötürməsini Bayramov tək yumruqla zərərsizləşdirdi.

Beləliklə, Muxtar Respublika təmsilçisi Baxşıyevin rəhbərliyi altında dördüncü məğlubiyyətinə imza atdı. “Bozqurd” isə ardıcıl üç məğlubiyyətdən sonra ilk qələbəsini qazandı.

Gözdən qaçmadı
* Zaur Axundov, İsgəndər Cavadov, Oqtay Abdullayev, Elxan Məmmədov oyunu izləyənlər arasındaydı.
* “Ultras Turan” görüşün əvvəlindən sonuna qədər komandadan dəstəyini əsirgəmədi.

KAMAL SƏFƏR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
football-plus.az

1Mənbələr