AZ

Son tura qədər amansız mübarizə gedəcək - TURUN İCMALI

Belə görünür ki, premyer-liqada çempionun adına yalnız son turda aydınlıq gələcək.

“Football-plus.az” xəbər verir ki, “Arsenal”la “Mançester Siti” 37-ci turu da itkisiz başa vurdu. “Topçular”a uduzan “Mançester Yunayted”, çox güman, avrokuboklardan kənarda qalacaq. “Çelsi” mövsümün sonunda qələbələri sıralayır. Elə Londonun digər nəhəngi – “Tottenhem” də, nəhayət, məğlubiyyət seriyasına son qoydu.

Turun mərkəzi oyununda MS “Arsenal”ı qəbul etdi. Topa daha çox sahib olan meydan sahibləri müdafiədə də etibarlı oynayır, rəqibə boş zona verməməyə çalışırdı. Bununla belə, “topçular” qol vura bildi. Onananın qeyri-dəqiq ötürməsindən yararlanan Uayt sərbəst Havertsi cinahla hücuma qoşdu, o isə cərimə meydançasına daxil olaraq qapıçı meydançasına ötürmə verdi. Müdafiəçini qabaqlayan Trossar topu tora göndərdi. Hesabda irəli çıxan londonlular sakitcə topu meydanın özünə aid hissəsində fırladırdı. Bir neçə dəqiqədən sonra qonaqlar fərqi artıra bilərdi. Ancaq Sakanın yaxın məsafədən zərbəsi dirəyin yanından keçdi. 2-ci hissədə də oyunun axarı dəyişmədi. “Arsenal” topu özündə saxlamaqla rəqibi pressinq etməyə sövq edir, belədə müdafiədə boşluqlar yaranırdı. Londonlular iki dəfə uğura yaxın oldu: Martinelli ilə Raysın zərbələrindən sonra mankunianları Onana xilas etdi. Ten Haq dəyişikliklər hesabına oyunun axarına müdaxilə etməyə çalışsa da, bu da alınmadı. Beləliklə, oyunu qələbəyə daşıyan qonaqlar turu zirvədə başa vurdu. Amma MS-nin bir oyun az keçirdiyini də unutmayaq.

Elə həmin MS son 4 çempionat oyununda 3-cü böyükhesablı qələbəsini qazandı. Qvardiolanın komandası çempionluq yarışında bir addım da geri atmaq fikrində deyil. “Fulhem” “şəhərlilər” üçün münasib rəqibdi ki, hesabat turu bunu bir daha təsdiqlədi. Marko Silvanın komandası hədsiz “dişsiz” təsir bağışladı, sanki meydan sahibləri 1 xal qazanmağın da mümkünlüyünə inanmırdı. “Bağbanlar” oyunboyu Edersonun qoruduğu qapıya yalnız bir zərbə vurdu. MS-nin isə ilk tutarlı hücumu qolla nəticələndi. Hücumu Qvardiol təşkil etdi və dəqiq zərbə ilə bitirdi. Qonaqlar fasiləyə qədər əsasən topa nəzarətlə kifayətləndi, bir daha fərqlənmədi. Onlar 2-ci hissədə bir qədər də “artıraraq” fərqi darmadağın həddinə çatdırdı. Əvvəlcə Foden cərimə meydançasının xətti üzərindən gözəl zərbə vurdu, ardından Qvardiol dublu rəsmiləşdirdi. Lap sonda isə Diop həm 2-ci “sarı” ilə meydandan qovuldu, həm də penaltiyə səbəbkar oldu. Sonradan meydana çıxan Alvares zərbəni dəqiq yerinə yetirdi. “Siti” bu gün keçiriləcək “Tottenhem”lə oyuna əla əhval-ruhiyyədə hazırlaşacaq. Təbii ki, bu, “şəhərlilər”in titul yolunda əsas maneədi. “Fulhem”in turnir vəziyyəti isə heç bir halda dəyişməyəcək.

“Tottenhem” ardıcıl 4 məğlubiyyətdən sonra qələbə qazana bildi. Baxmayaraq ki, “mahmızlar” aşkar autsayder “Bernli” ilə ev oyununda da ciddi çətinliklərlə üzləşdi. Əlbəttə, elitada yerini qorumaq üçün son şansdan da yararlanmağa çalışan qonaqlar böyük motivasiya ilə oynayırdı. Ancaq bu məqam da hazırda çox pis formada olan “Tottenhem”ə haqq qazandırmır. Hesabı 25-ci dəqiqədə qonaqlar açdı, ancaq cəmi 7 dəqiqə sonra Porro “status-kvo”nu bərpa etdi. Londonlular 2-ci hissədə uzun müddət hesabı öz xeyrinə dəyişə bilmədi. Yalnız 82-ci dəqiqədə Van de Ven Muriçi təslim olmağa məcbur etdi – 2:1. Kosovolu qapıçı dəfələrlə qonaqlar xilas etsə də, bu dəfə bacarmadı. Son dəqiqələrdəki standart vəziyyət zamanı hətta qapıçı da hücuma qoşulmuşdu. Ancaq Vensan Kompaninin komandası məğlubiyyətdən qurtula bilmədi. “Bernli” elitadan getsə də, belə oyunla alqışlanmağı haqq etdi.
“Çelsi” mövsümün sonunda sürəti artırıb. Ancaq autsayderlərdən “Nottingem Forest”lə oyundakı qələbə “zadəganlar”a heç də asan başa gəlmədi. Mudrik artıq 8-ci dəqiqədə onları irəli çıxarsa da, 8 dəqiqə sonra Boli tablodakı rəqəmləri eyniləşdirdi. Bundan sonra meydanda tam bərabər səviyyədə oyun getdi. 75-ci dəqiqədə Hadson-Odoi sabiq komandasının qapısına yol tapanda düşünmək olardı ki, “meşəçilər” cari mövsümdə 2-ci dəfə “Çelsi”ni məğlub edəcək. Ancaq yox, Poçettino uğurlu dəyişikliklər etdi. Əvvəlcə Sterlinq hesabı bərabərləşdirdi. Ardından zədə üzündən uzun müddət oynamayan Ceyms Ceksonun qələbə topunu vurmasına şərait yaratdı. “Çelsi” “avrokubok zonası”nda yerini qorudu. “Nottingem Forest” isə nəzəri cəhətdən elitadan getmək təhlükəsindən qurtulmasa da, praktiki cəhətdən bu mümkün deyil. “Meşəçilər”in top fərqi “Luton”la müqayisədə çox yaxşıdı.

“Brayton”la heç-heçə edən “Nyukasl” da “avrokubok zonası”nda qərarlaşıb. Turun qalan oyunlarına gəlincə, “Brentford” səfərdə “Bornmut”a, “Everton” evdə “Şeffild Yunayted”ə qalib gəldi. “Vest Hem” - “Luton”, “Vulverhempton” – “Kristal Pelas” oyunlarında eyni hesab (3:1) qeydə alındı. Birincidə “çəkicdöyənlər”, ikincidə “qartallar” qalib gəldi. Turun dünən axşam keçirilən son oyununda isə “Liverpul” “Aston Villa” ilə heç-heçə etdi.

37-ci tur
Mançester Yunayted – Arsenal 0:1
Trossar, 20. (73600)
MY: Onana, Dalot, Kazemiro, Evans (Kambvala, 75), Van-Bissaka (Forson, 87), Maynu, Amrabat (Eriksen, 87), Dyallo (Antoni, 70), Maktominey, Qarnaço, Heylunn (Uitli, 88).
Arsenal: Rayya, Uayt, Saliba, Qabriel, Tomiyasu, Edeqor (Jorjinyo, 90+3), Parti (Kivyor, 90+3), Rays, Saka (Jezus, 82), Haverts, Trossar (Martinelli, 66).
Fulhem – Mançester Siti 0:4
Qvardiol, 13; 71. Foden, 59. Alvares, 90+7-p. (24418)
MS: Ederson, Akanci, Diaş, Ake (Uoker, 22), Qvardiol, Rodri, Kovaçiç (Lüis, 82), B.Silva, De Bruyne (Dokyu, 75), Foden (Bobb, 82), Holann (Alvares, 82).
Tottenhem – Bernli 2:1
Porro, 32. Van de Ven, 82 – Brun-Larsen, 25. (61148)
Tottenhem: Vikario, Porro, Romero, Van de Ven, Skipp (Drequşin, 75), Bissuma (Bentankur, 75), Sarr (Heybyerq, 88), Kulusevski (Skarlett, 75), Meddison (Lo Çelso, 88), Conson, Son Hın Min.
Nottingem Forest – Çelsi 2:3
Boli, 16. Hadson-Odoi, 75 – Mudrik, 8. Sterlinq, 80. Cekson, 82. (29708)
Çelsi: Petroviç, Çaloba, Silva, Badyaşil (Hüsto, 58), Kukurelya, Kaysedo, Qallaher (Ceyms, 79), Madueke (Nkunku, 58), Palmer, Mudrik (Sterlinq, 73), Cekson.
Bornmut – Brentford 1:2
Solanke, 90 – Mbemo, 87. Vissa, 90+5. (11154)
Vest Hem – Luton 3:1
Uord-Prouz, 54. Souçek, 66. Erti, 77 – Sambi Lokonqa, 6.
Vulverhempton – Kristal Pelas 1:3
Kunya, 68 – Olise, 26. Mateta, 28. Eze, 73. (31424)
Nyukasl – Brayton 1:1
Lonqstaff, 45+5 – Veltman, 1. (51997)
Everton – Şeffild Yunayted 1:0
Dukure, 31. (39221)
Aston Villa – Liverpul 3:3
Tilemans, 12. Duran, 85; 88 – Martines, 2-öz qapısına. Qakpo, 23. Kuansa, 48.
1. Arsenal 37 27 5 5 89-28 86
2. Mançester S. 36 26 7 3 91-33 85
3. Liverpul 37 23 10 4 84-41 79
4. Aston Villa 37 20 8 9 76-56 68
5. Tottenhem 36 19 6 11 71-59 63
6. Nyukasl 36 17 6 13 79-57 57
7. Çelsi 36 16 9 11 73-61 57
8. Mançester Y.36 16 6 14 52-56 54
9. Vest Hem 37 14 10 13 59-71 52
10. Brayton 36 12 12 12 54-58 48
11. Bornmut 37 13 9 15 53-65 48
12. Kristal Pelas 37 12 10 15 52-58 46
13. Vulverhempton 37 13 7 17 50-63 46
14. Fulhem 37 12 8 17 51-59 44
15. Everton (-8) 37 13 9 15 39-49 40
16. Brentford 37 10 9 18 54-61 39
17. Nottingem F. (-4) 37 8 9 20 47-66 29
18. Luton 37 6 8 23 50-81 26
19. Bernli 37 5 9 23 40-76 24
20. Şeffild Y. 37 3 7 27 35-101 16
Bombardirlər: Holann (MS) - 25, Palmer (Çelsi) - 21, İsak (Nyukasl) – 20, Uotkins (Aston Villa), Solanke (Bornmut) - 19, Salah (Liverpul) – 18.
Sonuncu turun oyunları mayın 19-da keçiriləcək: Arsenal – Everton, Bernli – Nottingem Forest, Brayton – Mançester Yunayted, Brentford – Nyukasl, Kristal Pelas – Aston Villa, Liverpul – Vulverhempton, Luton – Fulhem, Mançester Siti – Vest Hem, Çelsi – Bornmut, Şeffild Yunayted – Tottenhem.

Turun rəqəmi
100 – Qallaher “Nottingem Forest”lə oyunun 34-cü dəqiqəsində “Çelsi” futbolçularının bu mövsüm aldığı sarı vərəqələrin sayını 100-ə çatdırdı. Cekson da 82-ci dəqiqədə cəzalandı və bununla da premyer-liqanın rekordu təkrarlandı. “Lids”in futbolçuları da 2021/22 mövsümündə 101 dəfə sarı vərəqə ilə cəzalanmışdı. Qeyd etməyə dəyər ki, bu statistikada 2-ci sarı vərəqələr nəzərə alınmır.

Turun ulduzu
Leandro Trossar (Arsenal) – sol cinah vingeri komandasına çox vacib qələbə qazandırdı. Üstəlik müdafiədə də əlindən gələni etdi. Arteta 66-cı dəqiqədə ona dincəlmək imkanı yaratdı.

Turun sitatı
Kay Haverts, “Arsenal”ın hücumçusu:
“Mayın 14-də “Tottenhem”ə azarkeşlik edəcəyik. Həmin gün “Tottenhem”in ən böyük fanatları biz olacağıq. Gəlin, hadisələrin ən yaxşı axarına hücum edək”.


Faktlar
* MS-nin xavbeki De Bruyne “Fulhem”lə oyunda premyer-liqada 111-ci dəfə məhsuldar ötürmə verməklə bu göstəricidə Fabreqasa çatdı. 1-ci pillədə isə 162 ötürmə ilə Giqqz qərarlaşıb.
* Rodri ptremyer-liqada ardıcıl 48-ci oyunda uduzmadı. Bu göstəricidə rekordçu 2002-04-cü illər aralığında 56 oyunda məğlubiyyət tanımayan Sol Kempbelldi.
* MY bu mövsüm son 53 ildə ən çox qol buraxıb. Ten Haqın çalışdırdığı komanda bütün turnirlərdə keçirdiyi 49 oyunda 82 dəfə məyus olub. Bu isə MY-nin 1970/71 mövsümündən bəri ən pis göstəricisidi.
* MY premyer-liqada mövsüm ərzində məğlubiyyət sayına (14) görə antirekordu yenilədi. Klub tarixində bundan da pis göstərici hələ premyer-liqanın yaranmadığı 1989/90 mövsümündə qeydə alınıb – 16 məğlubiyyət. Onda komanda 13-cü yeri tutmuşdu.
* MY öz stadionunda məğlubiyyət sayına görə antirekordu da təkrarladı. 1920/21, 1930/31, 1933/34, 1962/63, 1973/74 mövsümlərində də evdə 9 məğlubiyyət qeydə alınıb.
* “Arsenal” bu mövsüm “böyük altılıq” komandaları ilə keçirdiyi 10 oyunun heç birində uduzmayıb. “Topçular”ın MS, MY, “Çelsi”, “Liverpul” və “Tottenhem” ilə oyunlarda 6 qələbəsi, 4 heç-heçəsi var.
* Cari mövsümdə 27-ci qələbəsini qazanan “Arsenal” premyer-liqa tarixində heç vaxt belə nəticəyə nail olmamışdı. Premyer-liqa yaranana qədər isə sonuncu dəfə 27 qələbə 1970/71 mövsümündə qeydə alınıb. Onda londonlular 29 qələbə qazanıb. Sadəcə, həmin mövsüm elitada 20 yox, 22 komanda mübarizə aparıb.
* “Arsenal” son 17 ildə ilk dəfə MY-ni mövsümün hər iki oyununda məğlub etdi. İlk dövrənin oyununda 3:1 hesabı qeydə alınmışdı. “Topçular” sonuncu dəfə hər iki oyunda 2006/07 mövsümündə qələbə qazanmışdı.
* “Arsenal” əvvəlki 19 mövsümlə müqayisədə premyer-liqada daha çox xal toplayıb. Hazırda “topçular”ın hesabında 86 xal var. Onlar İngiltərə çempionatında sonuncu dəfə 2003/04 mövsümündə bu həddə çatıb. Onda komanda bir dəfə də uduzmamaqla 90 xalla mövsümü çempion kimi bitirmişdi.

Reaksiyalar
Pep Qvardiola, MS-nin baş məşqçisi:
“Böyük oyunçulara böyük təzyiq altında oynamaq xoş gəlir. Bu oyunçular son bir neçə ildə uğura nail olub və biz yenidən sonuncu mərhələdəyik. Bir neçə həftə əvvəl “Arsenal” “Aston Villa”ya uduzandan sonra dediyimiz kimi, arzumuz son tura taleyimizin öz əlimizdə olduğunu bilərək daxil olmaqdı. Çox yaxşı oynadıq, Mançesterə qayıdıb, ardından Londona yollanacağıq ki, “Tottenhem”lə böyük final oynayaq, titulumuzu qoruyaq”.


Mikel Arteta, “Arsenal”ın baş məşqçisi:
“Bu gün həqiqətən mürəkkəb vəziyyətdə bizə nəticə lazım idi. Oyuna yaxşı başladıq və dominantlıq etdik. Qoldan sonra hədsiz ehtiyatlı oynadıq. Bəzi oyunçular indiyə qədər belə vəziyyətlə üzləşməyib. Onlar dekabrdan və ya yanvardan bəri ancaq qələbə qazanmağın necə çətin iş olduğunu anlamaqdadılar. Sonuncu turda azarkeşlərimiz qarşısında oynayacağıq. Ailələrimiz də orda olacaq, o günü birlikdə gözəlləşdirmək istəyirik. MS-nin “Tottenhem”lə oyununa mütləq baxacağıq. Futbolda şans həmişə var”.


Erik ten Haq, MY-nin baş məşqçisi:
“Bu gün fanatların gözünün içinə baxa bilərik. “Kristal Pelas”la oyundan sonra bu, mümkün deyildi. Hər şey işə doğru münasibətdən başlayır. Start heyətinin yeddi oyunçusu sərəncamımda olmasa da, liqanın ən yaxşı komandalarından biri iıə yaxşı döyüşdük. Sən vəzifənə doğru yanaşmırsansa, lazımi şəkildə pressinq etmirsəndə, rəqibin işi asanlaşır. Qol vəziyyətində yarımmüdafiəçimiz kiçik səhvə yol verdi. MY-nin futbolçuları üçün hər oyun finaldı. Qələbə qazanmaq istəyən hər oyunda özünü göstərməlidi. Fanatlarımız vəziyyəti anlayır. Bu qədər zədəliniz varsa - xüsusən də həlledici mövqelərdə - , haqq etdiyiniz nəticəni qazana bilməzsiz. Fanatlar bizi dəstəkləyir, onlar yanımızdadılar. Futbolçular da insandı. Üç ayda bir dəfə səhvə yol verə bilərlər. Məsələn, “Kristal Pelas”la oyunda olduğu kimi. Ancaq bu komandanın möhkəm ruhu var”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
football-plus.az

1Mənbələr