AZ

Zəngəzur dəhlizində Kalininqrad modeli yenidən gündəmə gəldi...

Image

Azərbaycan prezidenti İlham Əliyev hələ bu il yanvarın 10-da yerli televiziyalara müsahibəsində belə bir mühüm məqama diqqət çəkmişdi ki, Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına insanlar və yüklər heç bir yoxlama aparılmadan keçməlidir: 

“Əks təqdirdə, Ermənistan əbədi dalan kimi qalacaq və dediyim marşrut açılmasa, biz Ermənistanla heç bir başqa yerdə sərhədimizi açmaq fikrində deyilik. Yəni beləliklə, onlar bundan daha çox ziyan görəcəklər, nəinki xeyir”.

Bu açıqlamadan sonra Azərbaycandan Ermənistan ərazisi vasitəsilə Naxçıvan Muxtar Respublikasına keçid üçün Kalininqrad variantından istifadə gündəmə gəldi. Elə prezidentin köməkçisi Hikmət Hacıyev Almaniyanın “Berliner Zeitung” qəzetinə müsahibəsində Ermənistandan keçməklə Naxçıvan Muxtar Respublikasını Azərbaycanın əsas ərazisi ilə birləşdirə biləcək yola aid mövqelərini ifadə etdi. O bildirdi ki, ölkəsi malların gömrük və sərhəd nəzarətindən yalnız Naxçıvana daşındığı zaman azad edilməsini gözləyir: “Ancaq mallar Azərbaycandan üçüncü ölkəyə daşındıqda, təbii ki, gömrük və sərhəd nəzarəti Ermənistan tərəfindən təmin olunacaq”. Bu fonda prezidentin köməkçisi Kalininqrad modelindən də danışdı: “Azərbaycan asanlaşdırılmış keçidin təmin olunmasını gözləyirdi və biz Kalininqrad kimi modelləri nəzərdən keçirməyə hazırıq”. Hazırda Azərbayacnın yanaşması ermənistana yenidən gündəmə gəlib. Qarabağdakı keçmiş separatçıların qondarma “müdafiə naziri” olmuş, hazırda Ermənistanda baş nazir Nikol Paşinyana yaxın mövqe sərgiləyən Samvel Babayan da qeyd edir ki, Azərbaycana Naxçıvana çıxış üçün Kalininqrad variantından istifadə etmək imkanı vermək lazımdır. Babayan bildirib ki, əsas problem demarkasiya yox, yol məsələsidir: “4 kənd verildi, sonra anklavlar, konstitusiyanı dəyişdirmək, gerbin dəyişməsi və s. ilə üzləşəcəyik. Sonda da yol verməli olacağıq. Mən deyirəm ki, Azərbaycanın Ermənistan ərazisi vasitəsilə Naxçıvana çıxışına şərait yaradaq, o halda qalan problemlər həllini tapacaq. Biz bununla sərhədi dəyişmirik, Kalininqrad variantından istifadə edirik. Azərbaycanla bu çərçivədə danışıqlar aparıb, həll yollarını tapmaq lazımdır”. Jurnalist “Azərbaycan Zəngəzur dəhlizi istəyir” sözlərinə Babayan “Yalan deyirsiniz” deyə cavab verib: “Azərbaycan prezidentinin noyabr ayında verdiyi bəyanata baxın. Orada deyilir ki, Kalininqrad variantını müzakirə etməyə hazırdırlar və bu, dəhliz demək deyil”. Qeyd edək ki, Kalininqrad variantı Azərbaycanın Naxçıvana maneəsiz keçidini təmin etməyə imkan verir. Bu variantda Azərbaycandan Naxçıvana gedən sərnişinlər və daşınan yüklər gömrük yoxlanışına məruz qalmır, lakin bu yoldan istifadə edən üçüncü ölkələrin sərnişin və yüklərinə gömrük və sərhəd yoxlanışı tətbiq edilir.

Azərbaycana Naxçıvana çıxış imkanı verən yol üçün Kalininqrad modelini hələ 2021-ci ildə beynəlxalq siyasət və hüquq üzrə israilli mütəxəssis Mixail Finkel təklif etmişdi. SSRİ dağılandan sonra, digər respublikalar kimi, Litva da müstəqillik qazanıb və Rusiyanın eksklavı olan Kalininqrad ölkənin əsas hissəsi ilə əlaqəni itirmiş olub. Litva ilə Rusiya arasında sərhədlərlə bağlı saziş hələ 1997-ci ildə imzalansa da, Duma bu sazişi ratifikasiya etməmişdi. Rusiya yalnız Kalininqrad vilayətinə tranzit yüklərin keçməsi ilə bağlı razılaşma əldə olunandan sonra həmin sazişi ratifikasiya etdi. Bununla da Litva öz ərazisindən vizasız tranzitə razılaşıb. Amma Avropa İttifaqı ilə Rusiyanın 2002-ci ildəki birgə bəyanatında bildirilir ki, tranzit rejimi Litvanın lazım olan nəzarəti həyata keçirməsinə və öz ərazisinə giriş qadağasını tətbiq etməsinə suveren hüququnu məhdudlaşdırmayacaq. Rus siyasi analitik Andrey Areşev isə qeyd edir ki, Azərbaycan əsas məqsədindən, yəni Ermənistan ərazisindən keçməklə, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında nəzarətsiz kommunikasiya olmasından imtina etmir. Onun sözlərinə görə, ritorikanı nəzərə alsaq, bəzi geosiyasi mövqelər dəyişə bilər, lakin 2020-ci il müharibəsindən sonra Azərbaycan bu ideyadan heç vaxt imtina etməyib: “Sadəcə olaraq, İranın təklifi bir az dəyişdi və bəzi oyun kartlarını, o cümlədən Qərbin oyun kartlarını qarışdırdı, çünki Qərb İran versiyasının əleyhinədir, erməni variantı Qərb üçün daha məqbuldur, müəyyən təmaslardan sonra erməni variantına qayıtmalarının səbəbi də budur. Bu, həm də o deməkdir ki, bunu əldə etmək üçün təzyiq göstərmək lazımdır. Lakin hesab edirəm ki, bu gün bu, böhran mərhələsində olan məsələ deyil, çünki tərəflər ünsiyyət qururlar və delimitasiya ilə bağlı bir-birlərinin qərarlarından razıdırlar, lakin bu, hələ də davam etdirilməlidir və hər hansı düşünülməmiş addım bu prosesə mane ola bilər. Ona görə də hesab edirəm ki, bu marşrut məsələsi bir az sonra aktiv müzakirələrin gündəminə düşəcək”.  Fransız politoloq Sebastian Bussua isə qeyd edir ki, Zəngəzur dəhlizi ilə bağlı məsələnin həlli təkcə Naxçıvana birbaşa çıxışı bərpa edəcək Azərbaycana deyil, həm də qonşuları ilə ticarət əlaqələri qura biləcək Ermənistana sərfəli olacaq: “Çinlilər belə razılaşmaları hər iki tərəf üçün uğurlu razılaşma adlandırırlar. Hər iki tərəf ümid edir ki, sülh sazişi noyabrın sonunda Bakıda keçiriləcək COP29-dan əvvəl imzalanacaq”.

Tahir TAĞIYEV





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
143
baki-xeber.com

1Mənbələr