AZ

Ərazilərimizin işğalında Yeltsinin məsuliyyəti ilk dəfə rəsmi deyildi...

Image

Məhəmməd Əsədullazadə: “O vaxt, başda Rusiya olmaqla, bir sıra Qərb dövlətləri ərazilərimizin işğalına dəstək verib”

Prezident İlham Əliyev Şuşa sakinləri ilə görüşdə torpaqlarımızı ermənilərə vəd edənlərlə bağlı maraqlı məqamlara toxunub. Ölkə başçısı qeyd edib ki, Minsk Qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəlib: 

“Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər. Onlar bu torpaqları ermənilərə vəd vermişdilər. Necə ki, sovet dövründə ermənipərəst Qorbaçov və ondan sonra Yeltsin bu torpaqları ermənilərə vəd vermişdilər və Fransa da, Amerika da, həmçinin. Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa”.

Burada diqqəti çəkən məqam odur ki, Prezident Əliyev ilk dəfə Qarabağ məsələsində Rusiyanın ovaxtkı prezidenti Boris Yelsini ittiham etdi. Əslində erməni separatizmi Qorbaçovun dövründə başlasa da, ərazilərimiz bilavasitə Yelsin prezident olandan sonra işğal edildi. Çünki 1991-ci ilin avqustunda uğursuz QKÇP çevriliş cəhdindən sonra Rusiyada bütün təşəbbüs Yeltsinin əlinə keçdi və sentyabrdan Qarabağda erməni işğalı genişlənməyə başladı. 1991-ci ilin aprel-iyulunda “Halqa” əməliyyatı çərçivəsində erməni quldurlarından təmizlənən bir sıra kəndlər yenidən ermənilərin nəzarətinə keçdi. Qarabağda ard-arda faciələr baş verdi. 1992-ci ilin mayında Şuşanın işğalı ilə keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti tamamilə ermənilərin nəzarətinə keçdi. Sonrakı dövrlərdə ətraf 7 rayon işğal edildi. O vaxt Yeltsin Rusiyasının yardımı olmadan ermənilər heç vaxt ərazilərimizi belə sürətlə işğal edə bilməzdilər. 

“Ona görə də biz hər zaman güclü olmalıyıq ki, bir daha belə faciələr baş verməsin” 

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən politoloq Məhəmməd Əsədullazadə hesab edir ki, Prezidentin səsləndirdiyi fikirlər reallığı əks etdirir: “Bəli, Qarabağın yaxın tarixinə nəzər saldıqda görürük ki, o vaxt başda Rusiya olmaqla, bir sıra Qərb dövlətləri ərazilərimizin işğalına dəstək verib. Daha sonra Minsk Qrupu Ermənistanın ərazilərimizi işğal siyasətini rəsmiləşdirməyə çalışdı. O vaxt açıq deyilirdi ki, Rusiyanın yardımı olmasa Ermənistan işğalı davam etdirə bilməz. Üstəlik, Qarabağ yeganə münaqişə idi ki, burada Rusiya ilə Qərbin mövqeyi üst-üstə düşürdü. Ona görə də məhz Azərbaycan dövlətinin prinsipiallığı, aparılan siyasət nəticəsində Ermənistan işğalı hüquqi baxımdan rəsmiləşdirə bilmədi. Həqiqətən də Azərbaycan tərəfi ərazilərlə bağlı güzəştə getmədi. Milli maraqlara zidd olan planları qəbul etmədi. Bunun nəticəsi idi ki, Azərbaycan 2020-ci ildə 44 günlük müharibə və 2023-cü ildə bir günlük antiterror əməliyyatları sayəsində ərazi bütövlüyünü tam bərpa etdi. Prezident Əliyev tarixə ekskursiya etməklə gedən prosesləri unutmamağı, bundan ciddi dərs çıxarmağı tövsiyə edir. Ona görə də dövlətimizin əldə etdiyi möhtəşəm qələbə Azərbaycanın zəfər tarixidir. Hər zaman ölkəmizə qarşı ikili siyasət aparılıb. Məhz məqsədyönlü siyasət sayəsində işğala son qoyuldu. Ordu quruculuğu, tərəfdaş ölkələrlə əlaqələrin gücləndirilməsi qələbəmizi təmin etdi. Ona görə də biz hər zaman güclü olmalıyıq ki, bir daha belə faciələr baş verməsin. Hər zaman güclü olmalıyıq, xalqın və dövlətin bütövlüyünü qorumalıyıq. Bir sözlə, biz XXI əsrdə işğala son qoyan ilk xalqıq”.

Vidadi ORDAHALLI





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
133
baki-xeber.com

1Mənbələr