AZ

Paşinyan nümayəndə heyəti ilə Bakıya gələcək: Razılıq verilib... - Vacib gəlişmə

Almatıda Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında keçirilən görüşün nəticələri ilə bağlı müsbət fikirlər səslənir. Tərəflərin bundan sonra da müzakirələri davam etdirəcəyi deyilib. Bakı ilə İrəvan arasında sülh müstəvisində qarşılıqlı olaraq təmaslar var idi. Bu da tərəflərin birbaşa müzakirələr aparmasına təsir edən amillərdəndir.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı Rasim Musabəyov deyib.

O qeyd edib ki, xarici işlər nazirləri Almatı görüşü bağlı öz rəhbərləri ilə məsləhətləşmələrdən sonra yenidən bir araya gələ bilər:

“Növbəti dəfə Almatıda xarici işlər nazirlərinin bir-iki gün danışıqlar aparması mümkündür. Prosesə son nöqtəni qoymaq üçün bu kimi addımlar atılacaq. Bu görüşün nəticəsi olaraq konkret detallar haqqında heç bir açıqlama verilmədi. Ola bilsin ki, bu, Ermənistanda keşişin aranı qarışdırması ilə izah olunur".

Millət vəkili hesab edir ki, tələsik hansısa bəyanatlar vermək də düzgün deyil:

“Ermənistanda kilsənin Nikol Paşinyana qarşı nümayişləri zaman etibarilə dayanacaq. Çünki bu cür etiraz üsulları ilə Paşinyanı devirmək mümkün olmayacaq. Azərbaycanla Ermənistan arasında sülh müstəvisində danışıqlar öz müsbət sonluğuna çatana qədər davam edəcək”.

Rasim Musabəyova görə, böyük ehtimalla bu ilin noyabrına, yəni Bakıda keçiriləcək COP29-a kimi sülh sənədi paraflanıb, imzalana bilər:

“İstisna edilmir ki, bu halda Paşinyan Ermənistan nümayəndə heyəti ilə Bakıya, COP29 tədbirinə gələcək. COP29 tədbirinin Azərbaycanda keçirilməsi müqabilində Ermənistanın da bu təşkilatın büro üzvlüyünə seçilməsinə razıllıq verilib. Belə olan halda Ermənistan baş nazirinin Bakıya gəlməsi də mümkündür”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
163
4
teleqraf.com

5Mənbələr