AZ

Gəl Mahir, gəl, gəl...

2021-ci ildə böyük ümidlərlə Avropa yola saldığımız Mahir Emreli növbəti mövsümdə yəqin ki, karyerasını Azərbaycanda davam etdirəcək.

Polşa “Legiya”sının başlanğıcında parlaq karyera yaşayan, sonradan azarkeşlərin qəzəbinə tuş gəldiyi üçün Zaqreb “Dinamo”suna yollanan Azərbaycan millisinin üzvü bir müddət icarə əsasında “Konyaspor”da top qovmuşdu.

Mahir yaydan bu yana “Dinamo”nun düşərgəsindədir. Ötən ilin iyulundan dekabrına qədər müəyyən qədər forma şansı qazanıb, 2024-cü ilin əvvəlində zədəyə görə oynamayıb, indi isə şans qazanmır.

Emrelinin cari mövsüm üçün statistik göstəricilərinə nəzər salaq.

Xorvatiya çempionatı - 12 oyun (543 dəqiqə), 4 qol, 3 assist

Xorvatiya kuboku – 1 oyun (28 dəqiqə), 1 qol

Çempionlar Liqası – 3 oyun (132 dəqiqə), 1 assist

Avropa Liqası – 2 oyun (44 dəqiqə)

Konfrans Liqası – 5 oyun (210 dəqiqə), 1 assist

Mövsümboyu 22 oyunda 5 qol və 5 məhsuldar ötürmə. 2024-cü ildə rəsmi görüşlərdə 1 dəqiqə də şans qazanmayan Mahirin Avropanın “göbəyində” göstərdiyi performansdır.

Bu göstərici ilə “köhnə qitə”də çətin kimsə ona yaxın dursun. “Dinamo”nun saxlayacağı da inandırıcı deyil.

Xorvatiya nəhəngi ilə 2026-cı ilin yayına qədər müqaviləsi olan həmyerlimiz özünə qarşı soyuqluğu gördüyü halda orada qalacaqsa, deməli, pulu düşünəcək. Yox, oynamağı cibdən üstün tutacaqsa, o zaman Azərbaycana qayıtmaq məcburiyyətində qalacaq. Ən yaxşı halda menecerlər Türkiyənin hansısa klubuna urcah edəcəklər.

Uğur olsun, Mahir!

HƏBİB / SPORTİNFO.AZ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
68
sportinfo.az

1Mənbələr