AZ

Liseydə “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli-530” adlı sərgi təşkil olunub

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) Erudit liseyində “Dahi Azərbaycan şairi Məhəmməd Füzuli-530” adlı kitab sərgisi təşkil edib.

Bu barədə "Tehsil.biz"ə MEK-dən məlumat verilib.

Sərgi “Dahi Azərbaycan şairi Məhəmməd Füzulinin 530 illiyinin qeyd edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 25 yanvar tarixli Sərəncamından irəli gələn vəzifələrin icrası istiqamətində AMEA-nın Tədbirlər planına əsasən “Füzuli günləri” layihəsi çərçivəsində reallaşıb. Erudit liseyinin bir qrup müəllim və şagirdinin iştirakı ilə keçirilən tədbirdə əvvəlcə kitab sərgisinə baxış olub. MEK-in Xidmət şöbəsinin əməkdaşı Sədaqət Kazımova sərgi haqqında ümumi məlumat verərək bildirib ki, kitabxananın fondlarındakı kitablar əsasında sərgilənən nəşrlər dahi Azərbaycan şairi M.Füzulinin zəngin yaradıcılığını özündə ehtiva edir.

Liseyin direktor müavini Sevil Əliyeva bu cür sərgilərin məktəblərdə keçirilməsinin önəmli olduğunu vurğulayaraq dahi şairin yaradıcılığına tez-tez müraciət etdiklərini diqqətə çatdırıb. Direktor müavini qeyd edib ki, Füzulinin yubileyinin beynəlxalq səviyyədə qeyd edilməsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bildirilib ki, ölməz şairin 500 illiyi müstəqil Azərbaycan Respublikasında keçirilən ilk dünya miqyaslı möhtəşəm mədəniyyət və sənət bayramı olub.

MEK-in Biblioqrafik və elektron informasiya xidməti şöbəsinin rəhbəri filologiya üzrə fəlsəfə doktoru Aytən Əliyeva görkəmli şairin həyat və yaradıcılığından danışıb. Qeyd edib ki, Məhəmməd Füzuli Azərbaycan şeirinin ən gözəl nümunələrini yaradıb. A.Əliyeva şairin ana dilində yazdığı “Hədiqətüs-süəda”, eləcə də “Bəngü-Badə”, 302 qəzəl və rübailərindən ibarət “Divan”ı, o cümlədən farsca yazdığı 327 beytdən və yeddi hissədən ibarət “Həft cam” məsnəvisi, “Rindu-zahid” adlı nəsr əsəri, ərəbcə yazdığı “Mətləül-etiqad” fəlsəfi-teoloji traktatı haqqında söz açıb.

A.Əliyeva şairin türkcə “Divan”ının ən qədim nüsxəsinin AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanıldığını da vurğulayıb.

Liseyin şagirdləri M.Füzuli haqqında öz tarixi biliklərini çatdırıb, şairin həyatı, mühiti və əsərləri haqqında danışıb, qəzəllərindən parçalar səsləndiriblər.

Sonda MEK məktəblilərə dünya klassik ədəbiyyatının incilərindən olan kitablar hədiyyə edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
59
2
tehsil.biz

3Mənbələr