AZ

İsa Qəmbərə çətin sual... - Oğlu niyə ermənilər haqqında film çəkib?

Mayın 4-də Müsavat partiyasının XI qurultayı keçirilib. Müsavat partiyasının sabiq başqanı İsa Qəmbər 10 il sonra yenidən namizədliyini irəli sürüb və yenidən partiyanın sükanı arxasına keçib.

Teleqraf.com xəbər verir ki, Müsavat partiyasının nizamnaməsinə əsasən, başqan ardıcıl 2 müddətdən artıq eyni vəzifəyə seçilə bilməz.

Ona görə də, Arif Hacılının namizədliyini irəli sürmək imkanı olmayıb. İsa Qəmbərə isə Müsavat partiyasının divan üzvü Osman Kazımov və Səbail təşkilatının üzvü Natiq Mehdi opponentlik edib. Amma hər iki namizəd İsa Qəmbərin xeyrinə iddialarından geri çəkilib.

Müsavatın qurultayında yeni başqan bir çox məsələlərdən danışıb, qurultay iştirakçıları ona bəzi suallar ünvanlayıb. 10 ildən sonra partiya başqanlığına qayıdan İsa Qəmbər növbəti dəfə özünə xas tərzdə ünvanlanan sualları cavablandırmağa çalışıb. Diqqətçəkən məqam isə İsa Qəmbərə Kanadada yaşayan oğlu İlkin Qəmbərin qondarma "erməni soyqırımı" və ermənilər haqqında film çəkməsi ilə bağlı hansı sualların verilməsi və buna başqanın cavabının necə olması ilə bağlıdır.

Çünki özünü millətçi kəsimin önündə hesab edən bir şəxsin, yəni İsa Qəmbərin oğlu İlkin Qəmbər "Ermənistan Krallığı: Roma ilə Parfiya arasında - Qədim tarix adlı film çəkib. Eyni zamanda həmin filmin ssenari müəllifi də İlkin Qəmbərdir. Hətta bu qondarma filmin ərsəyə gəlməsində bir neçə azərbaycanlı da iştirak edib.

Bizimlə söhbətində Müsavat partiyasının tanınmış üzvü, BDU-nun filologiya fakültəsinin dosenti Nüşabə Sadıxlı qurultayda belə bir məsələnin müzakirə və yaxud söhbət mövzusu olmadığını deyib: “Bu barədə qurultayda heç bir söz belə işlədilmədi. İsa bəyə sual vermək, nəsə soruşmaq kimi fakt olmadı. Heç mənim özüm də o filmi görməmişəm”.

Nüşabə Sadıxlı bildirib ki, qurultayı idarə edən Arif Hacılı olub, özü də onun yanında dayanıb: “Qətiyyən bu mövzu ilə bağlı hansısa sual və yaxud fikir səslənməyib. Ola bilsin ki, kimsə gizlin nəsə deyib. Ondan xəbərim yoxdur”.


Müəllif: Tapdıq Qurbanlı
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
66
teleqraf.com

1Mənbələr