AZ

Rövşən Nəcəfin deməyə sözü yoxdur, Sərxan Hacıyevin isə söz haqqı - AFFA-nın cavabsız qoyduğu suallar

"Sabah"ın Tovuzdakı axırıncı oyunundan sonra oradakı süni ot örtüyündən gileylənən Renduliç demişdi ki, Xorvatiyada Premyer Liqa matçlarının belə meydançalarda keçirilməsinə icazə verilmir, elita klubları yalnız təbii otda oynayırlar. Xorvat mütəxəssisin açıqlamasından sonra AFFA rəhbərliyinin məsələyə reaksiya verəcəyini gözləsək də, bu mövzüda heç bir açıqlama olmadı. 

Bunu nəzərə alıb sportal.az saytı olaraq, AFFA-ya sorğu göndərdik. Federasiyanın əvvəlki rəhbərliyi Tovuz stadionunda ot örtüyünün dəyişdirilməsində kluba yardım etməkdən imtina etmişdi və xərclərin 50 faizini üzərinə götürə bilməyəcəklərini açıqlamışdı. Maraqlıdır, AFFA-nın indiki rəhbərliyinin də "Turan Tovuz"a kömək eləməyə pulu yoxdur? Təəssüf ki, AFFA-nın mətbuat katibi Elnur Məmmədliyə ünvanladığımız suala cavab ala bilmirik. Federasiya rəhbəri Rövşən Nəcəf nə çıxıb etiraf eləmir ki, kömək etmirlər, nə də deyə bilmir ki, kömək edirlər. 

AFFA-ya ağır gələn suallarımızdan biri də yayım keyfiyyətinin artırılması ilə bağlıdır. Həm Rövşən Nəcəf, həm də İcraiyyə Komitəsinin üzvü Maqsud Adıgözəlov açıqlamasında bu məsələnin vacibliyinə toxunub. Lakin bizim araşdırmalarımıza görə, yayım keyfiyyətinin artırılması üçün təxminən 20 milyon avroya ehtiyac var. AFFA-nın bu qədər pulu yoxdur. Bu maliyyəni ya SOCAR ayırmalıdır, ya da dövlət tərəfindən dəstək olmalıdır. Bu istiqamətdə hansı işlər görülür, maliyyəni kim verəcək və s. suallara da cavab almaq mümkün deyil. 

Hər nə qədər AFFA-nın dəyişdiyi, futbola xidmət etmək istəyi görüntüsü yaradılsa da, yenə bürokratik təfəkkür idarəetmə sistemi qalmaqdadır. Belə görünür ki, Rövşən Nəcəfin deməyə sözü yoxdur, icraçı vitse-prezident Sərxan Hacıyevin isə söz haqqı. Bu da futbolumuzun guya dəyişən acı mənzərəsi.

Sportal.az

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
181
1
sportal.az

2Mənbələr