AZ

“Bayer-04”ün seriyası davam etdi, ÇL-in finalçısı darmadağın oldu - TURUN ŞƏRHİ

Turun açılış oyununda “Ştutqart”, çətinliklə də olsa, səfərdə “Auqsburq”u üstələməyi bacardı.

“Football-plus.az” xəbər verir ki, mövsümün əsas kəşflərindən biri olan və bir sıra Avropa nəhənglərinin diqqət mərkəzinə düşən Girassi növbəti – 26-cı qolunu vurdu. Fransızəsilli qvineyalı forvard bu mövsüm 11-ci dəfə komandasını 1:0 önə keçirən qolun müəllifi oldu. O, bu göstəricidə bundesliqa tarixində legionerlər arasında yalnız Ayltondan geri qalır. Sabiq braziliyalı forvard 2003/04-də “Verder”in heyətində 12 oyunda ilk qolu vurmağı bacarmışdı. Bundan başqa, “Ştutqart” mövsümdə 22-ci qələbəsini qazanmaqla şəxsi rekordunu yenilədi.

Şənbə gününün əsas sürprizi Mayntsda qeydə alındı. “Borussiya”nın artıq hər oyununa maraq böyükdü. Düzdü, komanda motivasiyazıdı, üstəlik meydana əsas heyətlə çıxmamışdı. Amma istənilən halda Çempionlar Liqasının finalçısının darmadağın olması elə-belə hadisə deyil. “Maynts-05” Bo Henrikssenin fevraldakı təyinatından bəri evdə keçirdiyi 7 oyunda 21 mümkün xaldan 17-ni toplayıb və bu göstəricidə “Bayer-04” ilə birlikdə liderdi. “Karnavalçılar” bu qələbə sayəsində pley-off zonasından çıxaraq 15-ci pilləyə yüksəldilər. Bu, “Union”un dramatik məğlubiyyəti sayəsində mümkün oldu. Çox bərbad durumda olan, Nenad Byelitsa ilə yollarını ayıran paytaxt təmsilçisi “Köln”lə səfər oyununda fasiləyə 2 topluq üstünlüklə yollansa da, ikinci hissədə 3 qol buraxaraq fanatlarına şok yaşatdı. “Köln” sonuncu dəfə 2022-nin aprelində “Verder”lə oyunda 0:2-ni 3:2-yə çevirmişdi. 16-cı pilləyə, yəni pley-off zonasına geriləyən “Union” isə bundesliqada ilk dəfə 2 top fərqi ilə öndə olduğu qarşılaşmadan məğlub ayrıldı. Şeşkonun ardıcıl 6-cı turda fərqlənməsinə baxmayaraq, “Leyptsiq” “Verder”i məğlub edə bilmədi.

Bazar gününün oyunlarında maraqlı nəticələr qeydə alındı. “Hoffenhaym” elitanı tərk etməsi çoxdan rəsmiləşən “Darmştadt”ı səfərdə darmadağın etdi və ilk dəfə bundesliqa matçının ilk yarısında 5 qol vurdu. “Bavariya” sevimli rəqiblərindən olan “Volfsburq”u qəbul etdi. Belə ki, “canavarlar” bu oyuna qədər bütün turnirlər daxil olmaqla səfərdə “Bavariya”ya qarşı keçirdiyi 26 qarşılaşmanın hamısında qələbəyə həsrət qalmışdı (2 heç-heçə, 24 məğlubiyyət)! “Rekordmayster”in həvəssiz, üstəlik ikinci heyətlə oynamasına baxmayaraq, “Volfsburq” üçün bu faciəvi seriya davam etdi. İki erkən qol Tomas Tuxelin kollektivinə qələbə qazandırdı. Turun son matçında “Bayer-04” “Bohum”u qəbul etdi. Leverkuzenliləri oyundan öncə iki məqam narahat edirdi. Birincisi, rəsmi matçlarda “Bayer-04”ü məğlıub edən son klub məhz “Bohum” idi. Bu hadisə ötən mövsümün son turunda baş vermişdi. Digər məqam isə o idi ki, “aspirinlər” bu rəqibi sonuncu dəfə səfərdə 2013-cü ildə məğlub etmişdilər. Amma bu faktlara baxmayaraq, Xabi Alonsonun kollektivinin məğlubiyyətsiz seriyası davam etdi. Rəqibin artıq 15-ci dəqiqədən etibarən azlıqda qalması da qonaqların işini asanlaşdırdı. Nəticədə 5 cavabsız qolla qalib gələn “Bayer-04” bu mövsüm keçirdiyi 50-ci rəsmi oyunda da uduzmadı (41 qələbə, 9 heç-heçə)! Komanda mövsümü səfərdə uduzmadan tamamladı və turnirin tarixində “Bavariya”dan (1986/87, 2012/13) sonra bunu bacaran 2-ci komanda oldu. “Bayer-04” həmçinin mövsümdə 16-cı dəfə qapısını toxunulmaz saxlamaqla şəxsi rekordunu da təkrarladı.

33-cü tur
Bavariya – Volfsburq 2:0
Zvonarek, 4. Qoretska, 13. (75000)
Bavariya: Noyer (Perets, 74), Kimmix, Upamekano, Kim Min Çje (De Liqt, 75), Devis, Pavloviç, Qoretska (Laymer, 74), Zvonarek (Yensen, 90), Müller, Saraqosa (Vinlöf, 75), Tel.

Bohum – Bayer-04 0:5
Şik, 41. Bonifas, 45+2. Adli, 45+2. Stanişiç, 86. Qrimaldo, 90+3. (26000)
Bayer-04: Qradetski, Stanişiç, Kossunu (Hofmann, 64), Ta, Tapsoba, Artur, Andrix, Caka (Puerta, 80), Tella (Qrimaldo, 80), Bonifas (İqlesias, 64), Şik (Adli, 69).

Maynts-05 – Borussiya D 3:0
Barreyro, 12. Li Çje Sun, 19; 23. (33000)
Borussiya D: Mayer, Volf , Zyule, Şlotterbek, Morey (Maatsen, 46), Roys, Salih Özcan (Brandt, 46), F.Nmeça (Polmann, 69), Malen (Sanço, 46), Bayno-Gittens (Vatyen, 76), Mukoko.

Leyptsiq – Verder 1:1
Şeşko, 61 – Zayvald, 35-öz qapısına. (47069)
Leyptsiq: Qulaçi, Simakan, Klostermann (Bitşiabu, 77), Orban, Lukeba, Henrixs, Zayvald (Kampl, 64), Aydara (Lents, 80), Poulsen (Şeşko, 46), Baumqartner (Elmas, 64), Openda.

Auqsburq – Ştutqart 0:1
Girassi, 48. (30660)
Ştutqart: Nübel, Stergiu, Anton, İto, Mittelştadt, Miyo (Karazor, 84), Ştiller, Levelinq (Katompa Mvumpa, 71), Fürix (Çon Vu Yon, 71), Dəniz Undav (Ruo, 84), Girassi.

Borussiya M – Ayntraxt F 1:1
Hak, 9 – Dina Ebimbe, 35. (54042)

Köln – Union 3:2
Kaynts, 45-p. Tiqqes, 87. Dauns, 90+2 – Knoxe, 15. Folland, 19-p. (50000)

Darmştadt – Hoffenhaym 0:6
Bebu, 2; 51. Bayer, 6; 44. Kaderjabek, 22. Ozan Kabak, 26. (17810)

Frayburq – Haydenhaym 1:1
Doan, 29 – Sessa, 37. (34700)

1. Bayer-04 33 27 6 0 87-23 87
2. Bavariya 33 23 3 7 92-41 72
3. Ştutqart 33 22 4 7 74-39 70
4. Leyptsiq 33 19 7 7 75-37 64
5. Borussiya D 33 17 9 7 64-43 60
6. Ayntraxt F 33 11 13 9 49-48 46
7. Hoffenhaym 33 12 7 14 62-64 43
8. Frayburq 33 11 9 13 44-56 42
9. Haydenhaym 33 9 12 12 46-54 39
10. Auqsburq 33 10 9 14 49-58 39
11. Verder 33 10 9 14 44-53 39
12. Volfsburq 33 10 7 16 40-53 37
13. Borussiya M 33 7 13 13 56-63 34
14. Bohum 33 7 12 14 41-70 33
15. Maynts-05 33 6 14 13 36-50 32
16. Union 33 8 6 19 31-57 30
17. Köln 33 5 12 16 27-56 27
18. Darmştadt 33 3 8 22 30-82 17
Bombardirlər: Keyn (Bavariya) – 36, Girassi (Ştutqart) – 26, Openda (Leyptsiq) – 24, Dəniz Undav (Ştutqart) – 18.
Sonuncu turun oyunları mayın 18-də keçiriləcək: Union – Frayburq, Bayer-04 – Auqsburq, Hoffenhaym – Bavariya, Ştutqart – Borussiya M, Verder – Bohum, Borussiya D – Darmştadt, Haydenhaym – Köln, Volfsburq – Maynts-05, Ayntraxt F – Leyptsiq.

Turun rəqəmi
500 – “Real”la vacib qarşılaşmada kobud səhvlə yadda qalan Noyer bu tur bundesliqada yubiley - 500-ci oyununu keçirdi. O, bu oyunlardan 156-nı “Şalke-04”ün, 344-nü “Bavariya”nın heyətində keçirib. Noyer bundesliqa tarixində Oliver Kan (557), Ayke İmmel (534) və Uli Ştayndan (512) sonra 500 oyun həddinə çatan 4-cü qapıçı oldu.

Turun ulduzu
Li Çje Sun (Maynts-05) – təcrübəli koreyalı futbolçu bu tur dubl edən 3 oyunçudan biri oldu. O, bunu ÇL-in finalçısına qarşı etdiyi üçün turun ulduzu seçilməyə artıqlamasıyla layiqdi. 31 yaşlı futbolçu bu mövsüm bundesliqada vurduğu qolların sayını 6-ya çatdırdı. Maraqlıdı ki. Li Çje Sun bundesliqada son 11 qolun hamısını ev oyunlarında vurub.

Turun sitatı
Edin Terziç, Dortmund “Borussiya”sının baş məşqçisi:
“Bu gün bir komanda meydana qələbə üçün can qoymağa, digər komanda, sadəcə, futbol oynamağa çıxmışdı. Demək olar, bütün ikili mübarizələrdə gecikdik və ya məğlub olduq. Bu da oyunun taleyini həll etdi. Belə nəticəni qəbul etmək ağır olsa da, onun ədalətli olduğunu etiraf etməliyəm. Bizim üçün faciəvi bir gün oldu”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
159
football-plus.az

1Mənbələr