AZ

Qərbin ikili siyasəti Ermənistanda və Gürcüstanda baş verən hadisələrdə də özünü göstərir TƏHLİL

Son günlər Ermənistanda Nikol Paşinyanın istefası tələbi ilə kütləvi etiraz aksiyaları keçirilir. Vəziyyətin məcrasından çıxmasından narahat olan ölkənin hüquq-mühafizə orqanları müxtəlif zorakı vasitələrdən istifadə etməklə aksiya iştirakçılarını geri çəkilməyə məcbur etməyə çalışır. Lakin insanlar döyülsələr də, həbs edilib polis bölmələrinə aparılsalar da məqsədlərindən dönmək fikrində deyillər. Bu da polislə vətəndaşlar arasında qarşıdurmanın daha da şiddətlənməsinə gətirib çıxarır. Azərbaycanla sərhədlərin delimitasiyası və demorkasiyasına öz ağılları və düşüncələri ilə etiraz etdiklərini bildirən kilsənin nümayəndəsi olan Baqrat Qalstanyanın başçılıq etdiyi “Tavuş hərəkatı”nın fəalları İrəvanın bəzi mərkəzi küçə və meydanlarını bağlamağa müvəffəq olublar. Polis isə Nikol Paşinyanın istefasını tələb edən aksiya iştirakçılarına qarşı sərt tədbirlərini gücləndirəcəyi xəbərdarlığını edir. Daha doğrusu, artıq xəbərdarlıqların nəticə vermədiyini anladığından bütün zorakı üsullardan istifadə etməyə başlayıb. Nəticədə yalnız mayın 13-də 159 nəfər aksiya iştirakçısı saxlanılıb ki, onlardan da 34 nəfər haqqında cinayət işi qaldırılaraq həbs ediliblər. 27 nəfər haqqında isə pul cəriməsi tətbiq etməklə sərbəst buraxılıblar. Digərlərinə isə xəbərdarlıqlar olunub. Diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanda keçirilən etiraz aksiyaları zamanı polis azyaşlı, qadın, yaşlı demədən bütün etirazçılara qarşı qeyri-proporsional güc tətbiq edir, bəzi hallarda isə xəsarət yetirir. Aksiyalarda müxalifət fəalları ilə yanaşı, adi vətəndaşlar, hüquq müdafiəçiləri və jurnalistlərə də polis tərəfindən zorakılıq edilir, bəziləri hətta saxlanılıblar. Jurnalistlərin hadisələri işıqlandırmasına, peşə fəaliyyətini yerinə yetirməsinə mane olan polisin qanunsuz əməlləri Ermənistan Jurnalistlər İttifaqının da etirazına səbəb olub. İttifaqın etiraz bəyanatında vətəndaşların kütləvi həbsi zamanı xüsusi təyinatlı polis dəstəsinin və post-patrul xidməti əməkdaşlarının polis zorakılığını qeydə alan 24news.am əməkdaşı Meri Manukyana zorakılıq göstərməsi, bu zaman onun huşunu itirməsi, yaxud başqa bir epizodda polis əməkdaşının pilləkənlərlə qalxan ABC Media-nın operatoru Mher Davtyanı qəsdən arxadan itələyərək yıxması, onun əlindən xəsarət almasına səbəb olması faktları sadalanır. İttifaq Ermənistan hakimiyyətinin iqtidaryönlü media nümayəndələrinə isə yumşaq, həlim münasibət göstərməsini, müxalifət jurnalistlərinə ikili standartlar və təzyiq metodu seçməsini tənqid edir. Media nümayəndələrinə sonuncu təzyiq faktı isə mediahub.am saytının əməkdaşı Nare Qevorkyanın polis maşını tərəfindən vurulmasıdır. Ayağından xəsarət alan jurnalist tibbi klinikalardan birinə yerləşdirilib. Ermənistanın müxalif media tərəfindən lentə alınan və yayılan kadrlarda nümayişçilərdən birini saxlayarkən bir neçə polis əməkdaşının eyni vaxtda onun üzünə və başına necə zərbələr endirdiyi göstərilir. Digər videogörüntülərdə isə bir neçə polis əməkdaşı yerə yıxılan aksiya iştirakçısını mühasirəyə alaraq təpiklə vurduğu görünür. Daha bir etirazçı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən sözün əsl mənasında kütlənin arasından qoparılaraq kordondan kənara çıxarılır. Görünən ondan ibarətdir ki, Ermənistanın hakim rejimi ABŞ-da və Avropanın bəzi ölkələrinin aksiya iştirakçılarını necə sıradan çıxarmaq təcrübəsindən geniş şəkildə yararlanır. Hansı ki, ABŞ-da və Avropanın özlərini dünyaya demokratik ölkə kimi təqdim etməyə cəhd edən ölkələrində su şırnaqları ilə aksiya iştirakçıları sıradan çıxarılmasına cəhdlər edilir. Bu vasitələr nəticə vermədikdə atlardan, quduzlaşmış itlərdən istifadə edilir. İnsanları tüstü bombaları, vahimə yaradan səs gücləndirici vasitələrlə “zərərsizləşdirməyə” də cəhdlər göstərilir. Diqqətçəkən məqam ondan ibarətdir ki, Ermənistanda aksiya iştirakçılarına qarşı amansız formada polis zorakılığı həyata keçirilsə də beynəlxalq təşkilatlar susmağa üstünlük verirlər. Hətta Azərbaycanda xırda bir məişət problemi “aşkarlayan” kimi vay-şüvən qoparmağa adət edən "Human Rights Watch”, "Amnesty İnternational", "Fredoom House” kimi özünü dünyanın əsas insan hüquqlarının müdafiəçisi elan edən təşkilatlar, eləcə də beynəlxalq jurnalist təsisatlarının heç biri Ermənistanda yaşananlara reaksiyaları görünmür. Ermənistandan fərqli olaraq Gürcüstanda baş verənlərə Qərb dərhal münasibət bildirir. Çünki “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsini öz maraqlarına təhlükə görür. Buna görə ABŞ Dövlət Departamenti, Fransa və digər Avropa ölkələrinin XİN-i, Avropa Şurası və Avropa parlamenti ilə yanaşı, özlərini insan hüquqlarının qoruyucusu elan edən təşkilatlar etiraz aksiyalarında polis zorakılığını pisləyir, pozuntuları tirajlayır. ABŞ Dövlət Departamenti, Fransa XİN, Avropa İttifaqının açıqlamalarında “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin geri çəkilməsi barədə tələb “Amnesty İnternational” və digər təşkilatlar tərəfindən də eynən təkrarlanır. Bu isə həmin təşkilatların müstəqilliyini sual altına qoyur, Qərbin xoşuna gəlməyən məsələlərin insan haqları sahəsindəki “problemlər” yolu ilə əsaslandırılaraq qarşı tərəfə yeridilməsindən xəbər verir.Belə çıxır ki, nə qədər Paşinyan və onun başçılıq etdiyi hökumət qərbyönümlü siyasət yürüdür, Rusiyanın təsir orbitindən çıxmağa doğru gedir, nə Qərb hökumətləri, nə də onların təsiri altında olan QHT-lər Ermənistandakı aksiyalarda polis zorakılığına, həbslərə, qondarma ittihamlara, jurnalistlərə təzyiqlərə, siyasi opponentlərin saxlanılmasına, hətta səs çıxaracaq. Gəlinən nəticə budur ki, Qərb üçün insan haqları, media azadlığı, sərbəst toplaşma hüququ ölkələr üzrə dəyişir. Hansı ölkə Qərb ölkələri, Qərb institutları ilə əməkdaşlıq edir, onların istədiyi kimi davranır – indiki halda Ermənistan kimi – orada bütün sadalanan haqları tapdalamaq, polis zorakılığına göz yummaq olar. Hansı ölkə Qərbin iradəsinin əksinə gedir, həmin ölkələrdə havada uçan milçəyin belə hüquqlarının qorunması qərbdəkilər üçün çox vacibdir. Ona görə də o fikri vurğulamaq olar ki, ABŞ-ın və Avropanın demokratiyası, insan hüququ və azadlıqlarının təmin olunması barədə pafoslu bəyanatları sadəcə öz maraqlarını təmin olunmasına hesablanan söz yığnağından başqa bir şey deyil.

İLHAM ƏLİYEV

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
192
1
sesqazeti.az

2Mənbələr