AZ

Ermənistanda delimitasiya əleyhinə prosesi hansı dövlət idarə edir- rəsmi eyham...

Image

Akif Nağı: “Delimitasiyanın əleyhinə gedən keçmiş diplomatların davranışları Mirzoyanı qıcıqlandırır və o da onlara qarşı belə sərt ifadələr işlədir”

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Azərbaycanla sərhədlərin delimitasiya prosesinə etiraz edən erməni diplomatları fərari adlandırıb. Mirzoyan bu barədə ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borqla birgə mətbuat konfransında deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycan-Ermənistan sərhədlərinin delimitasiya prosesinə etiraz edən "təcrübəli diplomatlar" vaxtilə öz vəzifələrini tərk edən fərarilərdir. "Bu şəxslər Almatı Bəyannaməsini və ona əsaslanan sülh prosesini hədəf almaqla, Ermənistan Respublikasının suverenliyini, dövlətçiliyini və ərazi bütövlüyünü hədəf alırlar. Onlar bunu ən yaxşı halda dərk etmədən, ən pis halda isə başqa bir dövlətin birbaşa sifarişi ilə edirlər", - deyə o əlavə edib.

Qeyd edilir ki, Ermənistanda Azərbaycanla sərhədlərin delimitasiyası prosesinə etiraz edənlərin nümayişi davam edir. Bu gün (14 may-red.) səhər saatlarına olan məlumata görə, İrəvanda saxlanılan nümayişçilərin sayı 151-ə çatıb.

Etirazçıların əsas qüvvəsi isə revanşist kütlədən təşkil olunub. Onlar Ermənistanla Azərbaycan arasında sərhəd dirəklərinin quraşdırılmasına, Tovuzun işğal altında olan bir neçə kəndinin Azərbaycana qaytarılmasına, ümumilikdə sülh prosesinə əngəl olmağa cəhd edirlər.

Mirzoyan deyib ki, delimitasiyanın əleyhinə getmək erməni dövlətçiliyinə düşmənçilikdir, başqa dövlətin sifarişini icra etməkdir.

Ermənistanda delimitasiya əleyhinə prosesi hansı dövlət idarə edir? Rəsmi eyham hara yönəlib?

“Burada Rusiyanın da, Fransa kimi bəzi Qərb dövlətlərinin də, ABŞ-ın da maraqlı olduğu ehtimalı yox deyil” 

Azad Vətən Partiyasının sədri Akif Nağı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Ermənistanda mürəkkəb situasiya yaranıb, buna birmənalı qiymət vermək və bu proseslərin kimlər, hansı dövlətlər tərəfindən ortaya atıldığını, idarə edildiyini demək çətindir. “Amma hər halda bir məsələ aydındır ki, Ermənistanda kimlərsə vəziyyəti dəyişmək istəyir. Burada söhbət hansısa qüvvələrdən gedir ki, buna üçüncü qüvvələr də demək olar. Hər cür yanaşma mümkündür. Amma kilsə ortadadır. Deyək ki, kilsə üçüncü qüvvə kimi ortaya çıxdı. Başqa heç bir siyasi qüvvə Ermənistanda hansısa tezizi, şüarı ortaya atıb insanları bir araya gətirə bilmədi. Bu illər ərzində, İkinci Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən sonra çox cəhdlər oldu, çox variantlar yoxlanıldı, amma Ermənistan cəmiyyətində hansısa bir siyasi, yaxud hərbi müxalifətin formalaşdırılması üçün cəhdlər alınmadı. Kilsə onların sonuncu “ümid” yeridir ki, kilsənin də rolu ermənilər üçün həddən artıq böyükdür. Çünki onlar bilirlər ki, yüz illərlə erməni toplumunu kilsə xilas edib. Onların dövləti olmayıb və bu səbəbdən də kilsə tərəfindən idarə olunublar. Həmin kilsənin dünyaya yayılmış geniş şəbəkəsi var, kilsə imkanlı şəxslərlə, mərkəzlərlə bağlıdır  və özünün maliyyə imkanlarını işə salarsa müəyyən nəticələrə nail ola bilər. Kilsənin həm maliyyə imkanları var, həm geniş struktura, təsir imkanlarına malikdir, müəyyən ölkələrin rəhbərliyinə belə təsir etmək imkanları mövcuddur. Bax, bu cəhətdən kilsənin işə qarışması  vəziyyəti tamamilə dəyişir. Məqsəd nədən ibarətdir? Aksiyalar keçirilir, tutalım, onların arzu etdiyi, 20, 30, 50, 100 min nəfər aksiyalara qatılır, bununla hakimiyyəti dəyişmək mümkün olacaq, yoxsa yox? Belə görsənir ki, artıq mitinqlə hakimiyyət dəyişikliyinə imkan verilməyəcək. Paşinyan özü mitinqlərdən hakimiyyətə gəldi, mitinqlərin necə idarə olunmasını da, onlara qarşı hansı tədbirlərin görülməli olduğunu da yaxşı bilir. Görünən odur ki, onlar sakit şəkildə mitinqləri izləyirlər, lazımı addımlar atırlar. Hiss olunmur ki, mitinqlərdə çoxlu sayda adam iştirak edir, ciddi artım görsənmir. Müəyyən bir təbəqə var, ondan o tərəfə keçmir, mitinq “qaynama” həddinə hələ gəlib çatmayıb və çatmaq meyli də hiss olunmur. Ona görə də lokal tədbirlərə keçirlər”-deyə A.Nağı  bildirdi. Partiya sədri hesab edir ki, onlar bununla da heç bir nəticəyə çata bilməyəcəklər.  

Ararat Mirzoyanın fikirlərinə gəlincə, A.Nağı bildirdi ki, Ermənistanda bəzi diplomatların revanşistlərin tərəfinə keçməsi ona qıcıq verir. “Mirzoyanın öz sahəsi olduğu kimi, keçmiş diplomatların qarşı tərəfə keçməsi onu qıcıqlandırır. Keçmiş diplomatlar, keçmiş xarici işlər naziri Vardan Oskanyan və digəriləri özlərini bir az “ağıllı” göstərirlər ki, guya 1991-ci il Almatı bəyannaməsi ilə məsələnin nizamlanması ermənilərin maraqlarına cavab vermir, onlar fərqli mövqe ortaya qoymağa çalışırlar. Əslində Azərbaycan cəmiyyəti də 1991-ci il Almatı bəyannaməsi ilə razı deyil. Amma bunlar hakimiyyətin xarici siyasətini tənqid etmək məqsədilə bu tezisi ortaya atırlar”. 

A.Nağının qeyd etdiyinə görə, Mirzoyanın əsas təbliğat forması Almatı bəyannaməsi ilə bağlıdır və dəfələrlə Paşinyan da bildirib ki, imzalanan sülh müqaviləsində 1991-ci il Almatı bəyannaməsi nəzərə alınsın. A.Nağı bildirdi ki, Azərbaycan qalib dövlətdir və şərtləri də Azərbaycan diqtə edir, 1991-ci ildə imzalanan Almatı bəyannaməsini nəzərə almaq olar, amma onu əsas kimi götürmək mümkün deyil. Onun fikrincə, çünki 1991-ci ilə qədər Sovet imperiyası dövründə Moskva-Kreml tərəfindən Azərbaycanın xeyli ərazisi qanunsuz olaraq Ermənistana verilib, həmin ərazilərlə bağlı araşdırmalar aparılmalıdır və Azərbaycana qaytarılmalıdır. “Azərbaycanın mövqeyi həm də bundan ibarətdir. Ona görə də birmənalı şəkildə deyək ki, 1991-ci ilin dekabr ayında nə vardısa hamsı yerində qalsın, bu o qədər də Azərbaycan üçün qəbuledilən variant deyil. Amma görürsüz ki, onların keçmiş diplomatları da Almatı bəyannaməsini o qədər yaxına buraxmırlar. Orda da əsas məqsəd indiki Ermənistanın xarici siyasətini tənqid etməkdir. Yəni onlar müxalifətçi mövqedən çıxış edib Ermənistanın düzgün yolda olmadığını deyirlər. Ona görə də, delimitasiyanın əleyhinə gedən keçmiş diplomatların davranışları Mirzoyanı qıcıqlandırır və o da onlara qarşı belə sərt ifadələr işlədir. Eyni zamanda Mirzoyan bu prosesin xarici dövlətlər tərəfindən idarə olunduğuna işarə edir. Bu, Rusiyanın da maraqlarında var ki, regionda, Ermənistanda vəziyyət gərginlik içində olsun, xaosdan istifadə edib müxtəlif ssenariləri işə salsınlar. Yəni orada müəyyən ssenarilər ola bilər.  Baş verənlərdə Amerikanın, Qərb dövlətlərinin, Fransanın də marağı ola bilər. Burada Rusiyanın da, Fransa kimi bəzi Qərb dövlətlərinin də, ABŞ-ın da maraqlı olduğu ehtimalı yox deyil.  Ona görə də xarici işlər naziri onlara işarə edir. Amma hesab edirəm ki, bu proseslər sonda Paşinyan hakimiyyətinin möhkəmlənməsinə gətirib çıxaracaq. Yəni hakimiyyətdəkilərin istefa verməsi, kənara çəkilməsi ehtimalı azdır. Belə görünür ki, Paşinyan hökuməti məsələni nəzarətdə saxlayır, sonuncu maneələri aradan qaldırır, bunları zərərsizləşdirdikdən və kilsənin də dəstəklədiyi hərəkat məğlub olandan sonra Paşinyan artıq ölkədə tam şəkildə öz planını həyata keçirmək imkanı qazanacaq”-deyə bildirən A.Nağı hesab edir ki, o cümlədən konstitutsiyanı dəyişəcək, böyük ehtimalla, Ermənistanı  yenidən prezident üsul-idarəsinə qaytaracaq. A.Nağının fikrincə, Paşinyan bütün siyasi, dini, ideoloji rəqiblərini sıradan çıxarmış olacaq. “Bu da bir ehtimaldır ki, Paşinyan özü bu cür hərəkətlərin ortaya çıxmasına onları ya təhrik edib, yaxud bu cür vəziyyətin yaranmasında özü maraqlıdır. Yəni bundan sonra Ermənistanda tam şəkildə vəziyyətə nəzarət etsin. Bu gün üçün hələlik bunları demək olar”-deyə A.Nağı əlavə etdi.

A.Nağı onu da qeyd etdi ki, qarşıdakı proseslər bütün məsələləri tam şəkildə aydınlaşdıracaq, onda Mirzoyanın hansı dövlətləri işarələdiyini demək mümkün olar, amma hələlik birmənalı fikir söyləmək çətindir.   

İradə SARIYEVA





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
96
baki-xeber.com

1Mənbələr