AZ

Azərbaycanda şəkər bahalaşa bilər 

Rusiya hökuməti şəkər ixracını müvəqqəti dayandırıb. Məhdudiyyət bu il avqustun 31-dək qüvvədə olacaq. Qərar daxili ərzaq bazarının sabitliyini qorumaq məqsədi daşıyır. Qərarda bir sıra istisnalar nəzərdə tutulur. Belə ki, Avrasiya İqtisadi İttifaqı ölkələrinə müəyyən həcmdə şəkər tədarükü mümkün olacaq. 

Modern.az xəbər verir ki, bu barədə Rusiya Nazirlər Kabinetinin "Teleqram" kanalında bildirilib. 

Bəs, maraqlıdır Rusiyanın bu addımı Azərbaycan bazarına necə təsir edəcək? Azərbaycanda şəkərin qiyməti qalxa bilərmi? 

Məsələ ilə bağlı iqtisadçı-ekspert Xalid Kərimli deyib ki, Azərbaycanda şəkər istehsal edilsə də, xammalın əhəmiyyətli hissəsi xaricdən gətirilir: 

"Məsələn, 2022-ci ildə ölkədə 210 min ton xammal istehsal edilib, amma 322 min ton xammal idxal edilib. Xammalın təxminən 60-70 faizi xaricdən gətirilib və burada Rusiyanın payı daha yüksəkdir. İqlim şəraitimiz imkan vermir ki, xammala olan tələbatı tam daxili istehsal hesabına ödəyək. Bu baxımdan Rusiyada şəkərin ixracına məhdudiyyət qoyulması Azərbaycana təsir edəcək. Amma Azərbaycan bazarında ciddi qiymət artımı olmayacaq, çünki bu qadağa qısamüddətlidir. Yəni bu məhdudiyyət qısamüddətli olduğuna görə bazarda ciddi problem yaratmayacaq". 

Ekspert bildirib ki, digər tərəfdən, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) dünya ərzaq qiymətləri indeksinə görə, bu ilin aprel ayında illik müqayisədə dünyada şəkərin qiyməti 15 faiz ucuzlaşıb. 

"Ümumiyyətlə, bu ilin mart-aprel aylarında şəkərin qiymətində ucuzlaşma davam edir. Ona görə də daxili bazarımızda şəkərin qiymətində ciddi bahalaşma olmayacaq. Qısamüddətli problemlərin həlli üçün Azərbaycanın şəkər ehtiyatları kifayət qədərdir. Məsələn, 2022-ci ilin sonuna ölkədə şəkər qalığı 651 min ton olub. Bu da əhalinin şəxsi istehlak fondundan 2 dəfə çoxdur. Ona görə də Rusiyada qısamüddətli qadağa bizim bazarda narahatçılıq yaratmır" - o, "Sputnik"ə açıqlamasında deyib. 

Xatırladaq ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycanın xam şəkər idxalı 19,7 faiz, şəkər ixracı 42,2 faiz azalıb. Keçən il Azərbaycandan 32 min ton şəkər xaricə göndərilib. Ölkədə 313 min ton şəkər, qənd istehsal edilib. Keçən il şəkər çuğundurunun istehsalı 2022-ci ilə nisbətən 2,2 faiz azalaraq 206,1 min ton olub. 

Əlavə edək ki, müvəqqəti qadağa dövründə Avrasiya İqtisadi İttifaqının dörd ölkəsinə məhdud səviyyədə ixraca icazə veriləcək: 

Ermənistana 28 min ton,

Belarusa 5 min ton,

Qazaxıstana 120 min ton,

Qırğızıstana 28,5 min ton.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
83
17
ucnoqta.az

10Mənbələr