AZ

Ninqa “Sumqayıt”ı Avropaya bir addım da yaxınlaşdırdı - REPORTAJ

Sumqayıtda keçirilən oyunun nəticəsi məhz meydan sahibləri üçün böyük əhəmiyyət daşıyırdı.

Bir qədər əvvəl bitən matçda “Sabah”ın büdrədiyini duyan komanda bütün gücündən istifadə edərək ikinci pilləni ələ keçirlə bilərdi. Belədə onlar avrokuboklar uğrunda mübarizədə ən “qoluzorlu” komanda ünvanına sahib çıxacaqdı. “Səbail” isə mövsüm ərzində yenə bilmədiyi komandadan intiqam almaq niyyətindəydi. Bu, həm də 2023/24 mövsümünü 6-ci pillədə tamamlaya bilmək baxımından vacib idi.

İlk dəqiqələrdə komandaların hegemonluğu ələ almaq və diqtə edən tərəf olmaq istəyi ilə “alışıb-yandığına” şahidlik etdik. Lakin tərəflərin əzmkarlığı baxımlı oyun araya-ərsəyə gətirsə də, azarkeşlərin həyəcanlanması üçün səbəb tapılmadı. Nəhayət, 17-ci dəqiqədə “Səbail”in bu yöndə səyləri işə yaradı. Pedronun “çərçivə”ni dəqiq nişan almasına Mehdi icazə vermədi. Onun operativ müdaxiləsi komandasını qoldan xilas etdi. Nuno növbəti dəfə bəxtini sınamaq üçün çox gözləmədi. 21-ci dəqiqədə yenidən qapıya zərbə endirmək istəyən portuqaliyalı rəqibi çaşdırmaq məqsədiylə Qutanın ötürməsini birdən çevrilərək dəyərləndirmək istədi. Onun hiyləgər cəhdini Cənnətov yox, topu yanlış istiqamətə göndərməsi puç etdi. “Səbail”in üçüncü təhlükəli hücumu 30-cu dəqiqədə qeydə alındı. Baş rol ifaçısı yenə Pedro idi, amma son nöqtəni qoymaq Quetanın öhdəsinə düşdü. Burda Nuno Rüfətin ötürməsindən sonra topu Madiyə çatdırsa da, sonuncunun əlverişli mövqedə olmaması planları pozdu. Nəticədə Rövlanın sahibsiz qalan topu cərimə meydançasından uzaqlaşdırması çətin olmadı.

Hadisələrin axarı “Səbail”in üstün oyunuyla müşayiət olunurdu ki, “Sumqayıt” penalti qazandı. Çünki Rövlanın küncdən zərbəylə oyuna daxil etdiyi top cərimə meydançasında Adilin əlinə toxundu. Həmzəzadənin əvvəl “yox”, VAR-a baxandan sonra “var” dediyi penaltini 41-ci dəqiqədə Ninqa dəqiq yerinə yetirdi.

Hələ “dənizçilər” toparlanmamışdı ki, meydan sahibləri ikinci dəfə topu tora qovuşdurdu. Bir qədər əvvəl künc zərbəsi vasitəsilə penalti qazanan “kimyaçılar” bu dəfə eyni epizod və futbolçu sayəsində fərqi artırdı. Daha dəqiqi, Səlahət Rövlanın ötürməsindən sonra Oktavionun başla zərbəsini dəf etdi. Meydanda qalan top Ninqanın zərbəsiylə qapı xəttini keçdi. Çadlının dublu matçın taleyini, demək olar ki, həll etdi. Baxmayaraq ki, ikinci hissə də “Səbail”in üstünlüyü şəraitində keçdi.

Mehdi 48-ci dəqiqədə Pedronun uzaqdan birbaşa qapıya zərbəsini əla seyvlə dəf etdi. “Sumqayıt”ın təhlükəli hücumuna isə 50-ci dəqiqədə şahidlik etdik. Kehat özünün Səbuhinin cərimə meydançası daxilinə ötürməsinə çatdırsa da, fərqlənə bilmədi. Bir qədər sonra Oktavio, ardından Luqasi oxşar səhvlər üzündən fürsəti qaçırdı. 76-cı dəqiqədə “Sumqayıt” növbəti qolu vura bilərdi. Lakin Kehatın ötürməsindən sonra Elvinin zərbəsi dirəkdən döndü.

“Səbail”in yeganə qoluna gəlincə, burda Ramalinqomun əzmkarlığı gözdən qaçmadı. O, Rafaelin ötürməsini dəyərləndirmək üçün Elvinlə təkbətək mübarizədən qalib ayrılıb qapını dəqiq nişan aldı. Ramalinqom 90+7-ci dəqiqədə hesabı bərabərləşdirmək imkanını əldən verdi. Daha dəqiqi, Alluşun göndərdiyi topa başla zərbə endirsə də, qeyri-dəqiq oldu.

Beləliklə, “Səbail” “Turan Tovuz”la aradakı xal fərqini bağlaya bilmədisə, “Sumqayıt” ikinci pilləyə yüksəldi. Onu da qeyd edək ki, “kimyaçılar” son 7 matçda uduzmayıb!

Gözdən qaçmadı
* “Sumqayıt”ın qapıçılar üzrə məşqçisi Anar Niftəliyev 68-ci dəqiqədə hakimin qərarına etiraz etidiynə görə sarı vərəqə aldı.
* “Kimyaçılar” “Ultras kimyaçılar” və “Dənizçilər” fanklubu son ana qədər komandalarını dəstəklədilər.

KƏNAN BAHADIR

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
91
football-plus.az

1Mənbələr