AZ

Azərbaycan bu məsələdə Serbiyaya dəstək göstərə bilər – Politoloq

Bu günlərdə Serbiya Prezidenti Aleksandr Vuçiç ukraynalı həmkarı Volodimir Zelenskinin xanımı Yelena Zelenskaya ilə görüşüb. Görüş zamanı Serbiya lideri ölkəsinin Kosovonu tanımayan Ukrayna ilə əməkdaşlığa ehtiyacı olduğunu və  özünü respublika elan etmiş Kosovonun Avropa Şurasına qəbul edilməsinə mane olacağına ümid etdiyini bildirib. Bu məsələdə diqqət çəkan məqamlardan biri də Kosovonun Avropa Şurasına qəbul edilməsi məsələsi Azərbaycanın maraqlarına toxuna bilərmi? Azərbaycan Serbiya ilə həmrəy olacaqmı?

Mövzu ilə bağlı sualımızı cavablandıran politoloq Sultan Zahidov bildirdi ki, Serbiyanın bu məsələdə Ukrayna ilə əməkdaşlığa ehtiyacı var və ümid edir ki, Ukrayna Kosovonun Avropa Şurasına qəbul edilməsinə mane olacaq:

“Ukrayna bu günə kimi Kosovonu tanımayan ölkələrdən biridir. Amma bununla belə düşünmürəm ki, Ukrayna Kosovo məsələsində tam şəkildə Serbiyaya dəstək göstərər. Bunun iki səbəbi var. Birincisi, Ukraynanın başı özünə qarışıb. Hazırda bütün diqqəti müharibənin nəticələrini dəyişməyə yönəlib. Digər tərəfdən Serbiya heç vaxt Rusiya-Ukrayna müharibəsində tam şəkildə Ukraynanın yanında yer almayıb. Əksinə, biz bilirik ki, rəsmi Belqrad bu gün Rusiyanın regionda ən vacib və ən ali müttəfiqlərindən biridir. Belə olan halda Ukraynanın Serbiyaya analoji dəstək göstərəcəyi qeyri- real görsənir”.

Politoloq  hesab edir ki, Azərbaycan  separatizmə qarşı olan bir ölkə kimi bu məsələdə maraqları Serbiya ilə ust-üstə düşə bilər:

“Biz bilirik ki, Azərbaycan 2008-ci ildə Kosovonu tanımamış və öz sülhməramlılarının Kosovodan çıxarılmasına göstəriş vermişdir. Baxmayaraq ki, bu gün Azərbaycan artıq Dağlıq Qarabağ münaqişəsini həll edib, yenə də Azərbaycanın prinsipial mövqeyi separatizmlə mübarizədən keçir. Buna qarşı hər zaman qəti mövqe sərgiləyir. Belə olan halda Kosovonun Avropa Şurasına qəbul edilməsi məsələsi Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Amma bundan Azərbaycanın çox böyük ziyan görəcəyini düşünmürəm. Bunun da siyasi müstəvidə Azərbaycanın Serbiyanı dəstəkləməyəcəyi anlamını vermir. Çünki hər iki ölkə separatizmdən əziyyət çəkib. Serbiya indi də bu problemi yaşamaqdadır və Azərbaycan Serbiya arasında olan münasibətlər, Azərbaycanın Serbiyanın ərazi bütövlüyünü tanıması ona dəlalət edir ki, Azərbaycan bu məsələdə Serbiyaya dəstək göstərə bilər”.

Politoloq  onu da vurğuladı ki, Kosovo bir çox dövlətlər tərəfindən tanınır. Və bu da Kosovonun Avropa Şurasına üzvlüyünü sürətləndirəcək amillərdəndir.

Elnurə İSAXAN

 

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
118
herbiand.az

1Mənbələr