AZ

“Rusiyada həmişə deyiblər ki, Fransanın müstəmləkəçilik metodları xoşumuza gəlir...”

“Fransızlar Parisdə Sorbonna universitetində oxuyan xüsusi müstəmləkə inzibatçıları hazırlayırdılar. Bu ixtisasa yiyələnənlər çox qəddar adamlar olurdu. Fransızlar  qəbilələrdən qəddar, Fransaya kor-koranə xidmət etmək istəyənləri seçirdilər ki, metropoliyaya sədaqətlə xidmət etsin, ölkələrində nə varsa, hamısını öz ağalarına daşısınlar. Həmin adamlara xalq çox nifrət edrdi...”
 
Azərbaycanın görkəmli ictimai-siyasi və dövlət xadimi, 1958-1961-ci illərdə  Azərbaycan Həmkarlar İttifaqları Şurasının(AHİŞ) sədri,  1961-1968-ci illlərdə isə SSSRİ Ümumittifaq Həmkarlar İttifaqı Mərkəzi Şurasının(ÜHİMŞ) kimi çalışmış  Kamran Hüseynov özünün “Bir ömrün salnaməsi” kitabının “Afrika təəssüratları” bölməsində  1961-ci ilin martında ÜHİMŞ-nın nümayəndə heyətinin tərkibində Fransa paytaxtı Parisdən keçməklə  Afrika ölkələrinə səfərindən,  Qərb ölkələrinin müstəmləkəçiliyindən yenicə qurtulmuş xalqların yaşam tərzi, etnopsixoloji xüsusiyyətləri və s. haqda  maraqlı müşahidələrini qələmə alıb.  
Bu günümüzdə Azərbaycan dövlətinin  Afrika qitəsinin bir sıra ölkələri ilə əməkdaşlığı genişləndirdiyi bir şəraitdə aktuallığını nəzərə alaraq sözügedən materialı Moderator.az oxucularının nəzərinə çatdırırıq:
 
(Əvvəli burada: )
 
“...XIV sərdən başlayaraq 50 il qul alveri getmişdir. Bu müddətdə Afrikadan avropalıların müstəmləkələrinə milyonlarca nəfər qul satılmışdır. Yalnız Amerika qitəsinə salamat gəlib çıxanların sayı  20 milyon nəfər olmuşdur.  Ancaq onları qovub tutanda, eləcə də yolda həlak olanlar bu rəqəmə daxil deyildir.  Uilyam Foster və başqalrının mülahizələrinə görə, qul alveri dövründə Afrikanın  əhalisi 60 milyon nəfər azalmışdır.  Yerli qəbilə başçıları da qul alverində öz iştahalarını çarəsiz adamların hesabına artırırdılar... 
 
Portuqaliya tarixçisi Oliver Martini yazır:
“Qulları çox köhnə, dar gəmilərdə aparırdılar. O gəmilərin nəfəs almaq üçün pəncərələri də olmurdu.  Salamat gəlib çıxanları pambıq tarlalarında, şəkər qamışı plantasiyalarında döyə-döyə gündə 15-20 saat işlədirdilər.  Ağır işdən, dözülməz vəziyyətdən bəziləri qaçırdılar. Qaçanları tutub üstlərinə yırtıcı itlər buraxır, vəhşicəsinə öldürürdülər...
 
1815-ci ildə Vyana konqresində üzdə bir çox Avropa dövlətləri quldarlığın ləğvindən danışsalar da, İngiltərə, Hollandiya, İspaniya və s. ölkələrin nümayəndələri deyirdilər ki, konqresin quldarlığı ləğv etməyə səlahiyyəti çatmır, bu hər bir dövlətin öz daxili işidir.  Bəşər tarixində ləkə olan bu üsullarla yalnız 1807-1847-ci illər arasında Afrikadan 5 milyon nəfərdən çox qul aparıldı və satıldı!..
 
XIX əsr həm də quldarlığın ləğvi əsri oldu. Çox görkəmli dövlət xadimləri bu çirkin işdən əl çəkməyi tələb etdilər...
 
10 yanvar 1863-cü ildən Şimali Amerikada quldarlıq ləğv olundu. Amerikanın 16-cı prezidenti Avraam Linkolnun bu işdə böyük xidməti var. Onu elə bunun üstündə 14 aprel 1865-ci ildə Vaşinqtonda – Fordun teatrında bir sui-qəsdlə öldürdülər.  Linkolnun ölümü haqda böyük rus yazıçısı L.N.Tolstoy demişdi: “Musiqidə Bethoven, şeiriyyətdə Dante, rəssamlıqda Rafael, fəlsəfədə İusus Xristos kimdirsə,  siyasətdə də Avraam Linkoln odur...”
 
...Xülasə, Afrika  məni çox maraqlandırırdı. Bəlkə də nə vaxtsa Afrika haqda qeydlərimi ayrıca kitab şəklinə salacağam...
 
Rusiya imperiyasında həmişə deyiblər ki, Fransanın müstəmləkəçilik metodları bizim xoşumuza gəlir. Bu da səbəbsiz deyil.  Müstəmləkə idarəçiliyində hərənin öz iş üslubu var idi.  Məsələn, İngiltərə çalışırdı ki, onun müstəmləkələrinin əhalisi tamamilə savadsız qalmasın. Savadsızlara hər işi tapşırmaq, etibar etmək olmur.  Eyni zamanda çalışırdı ki, onların bacarıqlılarını təhsil almaq üçün İngiltərəyə göndərsin.  Həm də müstəmləkələrdən gələn tələbələri yataqxanalarda yerləşdirmirdi. Onları ailələrə paylayırdılar ki, həm ingilislərə kömək etsinlər, həm də onların adət-ənənələrini öyrənsinlər.  İngilislər bu yolla öz həyat tərzlərini Afrikaya yaymaq istəyirdilər(Bizim günlərdə ABŞ-yə göndərilən-aparılan azərbaycanlı uşaqları da amerikan ailələrinə bu məqsədlə paylayırlar)... 
 
Fransızlarsa, əksinə, Parisdə Sorbonna universitetində oxuyan xüsusi müstəmləkə inzibatçıları hazırlayırdılar. Bu ixtisasa yiyələnənlər çox qəddar adamlar olurdu. Fransızlar  qəbilələrdən qəddar, Fransaya kor-koranə xidmət etmək istəyənləri seçirdilər ki, metropoliyaya sədaqətlə xidmət etsin, ölkələrində nə varsa, hamısını öz ağalarına daşısınlar. Həmin adamlara xalq çox nifrət edrdi. Beləliklə, ədavət qızışırdı. Fransızlar gördülər ki, belə davam edərsə, cəmiyyətdə böyük partlayış baş verə bilər. Odur ki, bir qəbiləyə başqa qəbilədən, bir tayfaya o birisindən inzibatçı-nəzarətçi təyin edirdilər. Lakin zavallı yerli  camaat bu yandan fransızlara dua edirdi ki, nə yaxşı nəzarətçini dəyişirlər. Fransızların iş metodlarında yaxşı cəhətlər də var idi. Onlar öz müstəmləkələrində çoxlu savadlı aktivlər yetişdirmişdilər. Həmkarlar təşkilatı da çox fəal işləyirdi. Amma onlar da əsasən bu üsulla hərəkət edirdilər...
 
(Davamı var)
 
Təqdim etdi:
 
Sultan Laçın 
 
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
109
moderator.az

1Mənbələr