AZ

Türkiyə Ermənistanla sərhədi açır? - Son dəqiqə açıqlaması

Son günlər Ermənistanda Türkiyə ilə sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası gündəmdədir. Bir sıra erməni KİV-ləri yaxın vaxtlarda iki ölkə arasında sərhədlərin açıla biləcəyini iddia edir. 

Lakin rəsmi Ankara dəfələrlə bildirib ki, sərhədlərin açılması yalnız Azərbaycanla münasibətlərin bərpasından və sülh müqaviləsinin imzalanmasından sonra baş tuta bilər. Hazırda Azərbaycan və Ermənistan arasında sərhəddə delimitasiya işləri başlayıb, sülh danışıqları isə davam edir. Bu gedişin fonunda rəsmi Ankara yaxın vaxtlarda Ermənistanla sərhədləri aça bilərmi? 

Mövzu ilə bağlı Yenisabah.az-a danışan siyasi şərhçi Mətin Məmmədli bildirib ki, iki ölkə arasında sərhədlərin açılması Ermənistanın Azərbaycanla sülh müqaviləsi imzalamasından asılıdır: 

“İkinci Qarabağ müharibəsinə qədər, yəni Azərbaycan torpaqları işğal olduğu dövrdə Türkiyə və Ermənistan arasında münasibətlərin normallaşmasında əsas problem məhz işğal faktoru idi. Təbii ki, Azərbaycan torpaqlarını işğaldan azad etdikdən və ərazi bütövlüyünü təmin etdikdən sonra Ermənistan -Türkiyə münasibətlərində bu maneə aradan qalxıb. Buna baxmayaraq, Azərbaycan və Ermənistan arasında hələ də ciddi dərəcədə post-münaqişə problemləri qalmaqdadır. Bu problemlər həll edilmədən və sülh müqaviləsi imzalanmadan düşünmürəm ki, Türkiyə-Ermənistan münasibətlərində hər hansı bir ciddi inkişaf baş versin. Sərhədlərin açılması və diplomatik münasibətlərin bərpası istiqamətində bu çox önəmli faktordur”. 

Mətin Məmmədli Türkiyə tərəfinin də dəfələrlə məhz bununla bağlı Ermənistana xəbərdarlıq etdiyini qeyd edib: 

“Türkiyə prezidenti və digər rəsmiləri də hər zaman Ermənistanı Azərbaycanla sülhə çağırır. Bu o deməkdir ki, Azərbaycanla sülhə gəlmədən, problemləri həll etmədən Türkiyə-Ermənistan münasibətlərində də ciddi dönüşə nail olmaq mümkün deyil. Rəsmi Ankaranın bu mövzuda siyasətinin dəyişdiyini düşünmürəm. Hesab edirəm ki, Ermənistan və Azərbaycan arasında ən azı sülh müqaviləsi imzalandıqdan sonra Türkiyə-Ermənistan münasibətlərində də ciddi dönüşün şahidi ola bilərik”. 

Nazim Hacıyev 


Telegram kanalımız
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
yenisabah.az

1Mənbələr