AZ

Türkiyəli politoloq: Ermənistanda delimitasiya əleyhinə etiraz edən revanşistlər heç bir ciddi nəticə əldə edə bilməyəcəklər – ŞƏRH

Ermənistanda revanşistlər həmişə olub, amma bu tendensiya 44 günlük müharibədən sonra xüsusilə güclənib. Amma həmin dairələrin ciddi dayağı və dəstəyi yoxdur. Onların gücü də azdır. Ermənistanda keçirilən son seçkilərin nəticələri, konkret desək, müharibədə məğlub olan Paşinyanın seçkilərdə qələbəsi erməni əhalisinin uzun müddət ermənilərə zülm edən Qarabağ klanından narazı olduğunu göstərir. Xalq regionda sülh istəyən, hadisələrə real baxan və son nəticədə Ermənistanın Cənubi Qafqazda normal mövcudluğu istiqamətində səylər göstərən baş nazir Paşinyanı dəstəkləyir.

Bu barədə AZƏRTAC-a müsahibəsində İrəvanda Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanla sərhədin delimitasiyası üzrə siyasətinə etirazları şərh edən türkiyəli politoloq, Ankara Universitetinin professoru Toğrul İsmayıl bildirib.

İstər Ermənistanda, istərsə də xaricdə Daşnaksutyun kimi müxtəlif qrupların və siyasi qüvvələrin bir əsrə yaxındır terrorla məşğul olduğunu, kritik şərait yaratmağa çalışdığını, “Böyük Ermənistan” mifi və ya qondarma “soyqırımı” ətrafında hay-küy saldığını söyləyən politoloq əlavə edib ki, bu qruplar və bəzi böyük dövlətlər bununla da öz imperiya və digər siyasi ambisiyalarını müxtəlif regionlarda, xüsusən də Cənubi Qafqazda reallaşdırmağa çalışırlar. Ekspert əlavə edib: “Lakin reallıq tamam başqadır. Bu gün reallıq ondan ibarətdir ki, Azərbaycan kifayət qədər balanslaşdırılmış, beynəlxalq hüquqa əsaslanan və geosiyasi amilləri nəzərə alan siyasət aparır. Məsələn, Türkiyə ilə Şuşa Bəyannaməsinin imzalanması iki ölkə arasında münasibətləri strateji tərəfdaşlıq müstəvisindən müttəfiqlik səviyyəsinə qaldırdı. Bundan əlavə, Azərbaycan Rusiya ilə analoji saziş imzalamaqla lazımi geosiyasi sabitliyi təmin etdi. Dünya gücləri də tədricən yeni reallıqları və Ermənistandakı revanşist qüvvələrə kənardan dəstək verməyə ehtiyac olmadığını dərk etməyə başlayır. Üstəlik, Paşinyanın Putinlə görüşündən sonra hesab edirəm ki, bəzi məsələlər artıq həll olunub”.

Politoloqun sözlərinə görə, Rusiya da regionda reallıqları nəzərə alır və Ermənistanla vəziyyətin eskalasiyasından çəkinməyə çalışır. Beləliklə, hazırkı mərhələdə Ermənistanda baş verən hadisələrdə hər hansı ciddi nəticə əldə etmək mümkün deyil.

Azərbaycanın hərəkətlərinin beynəlxalq hüquq normalarına uyğun olduğunu vurğulayan ekspert əlavə edib ki, sərhədin demarkasiyası və delimitasiyası prosesi davam edəcək. Türkiyəli professor sözlərinə yekun vurub: “Biz Almatıda danışıqların pozitivliyini gördük, həmçinin Ermənistanın baş nazirinin son çıxışlarını eşitdik. Ümidvarıq ki, yaxın vaxtlarda sülh sazişi imzalanacaq və bizim regionda münaqişə tarixə qovuşacaq. Əlbəttə, Cənubi Qafqazda sülhün bərqərar olması, bütün region ölkələrinin iqtisadi cəhətdən sabit inkişafı və milli təhlükəsizliyi baxımından təbii ki, əvvəlcə Azərbaycanla sülh sazişi bağlanmalı, sonradan isə Türkiyə də Ermənistanla danışıqlar prosesinə qoşulmalıdır”.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
xalqqazeti.az

2Mənbələr