AZ

Azərbaycan İslam dünyası üçün nümunəyə çevrilirŞƏRH

Azərbaycan

Bakı, 14 may, AZƏRTAC

İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) Baş direktoru Salim bin Məhəmməd əl-Malikin Azərbaycana, o cümlədən Şuşa şəhərinə səfəri çərçivəsində verdiyi açıqlamalar çox önəmlidir. O, öz nitqində müsəlman aləminin Azərbaycana baxışını çox səlis və dolğun şəkildə ifadə etdi. Dediklərinin məntiqi yekunu bu idi ki, Azərbaycanın inkişaf modeli İslam dünyası üçün nümunəyə çevrilir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında Mətbuat Şurası İdarə Heyətinin üzvü, media eksperti Müşfiq Ələsgərli söyləyib.

O bildirib ki, Azərbaycan demokratik inkişaf yolu tutmuş sekulyar dövlətdir, modern dünyanın təsbit etdiyi insan hüquq və azadlıqlarının təmin olunduğu bir ölkədir. Paralel olaraq, səmavi dinlərə məxsus dəyərlərin, o cümlədən İslam mədəniyyətinin yaşadılıb inkişaf etdirilməsi üçün mühüm töhfələr verir. Bu cür harmoniyanı yarada bilməklə Azərbaycan müsəlman ölkələri sırasında diqqət çəkir. Məhəmməd əl-Maliki Şuşa şəhərinin 2024-cü il üçün “İslam dünyasının mədəniyyət paytaxtı” elan edilməsi mərasimindəki çıxışında Azərbaycanın İslam mədəniyyətinə verdiyi töhfələri xüsusi vurğuladı. Bununla yanaşı, Azərbaycanın hərbi, siyasi, iqtisadi və diplomatik müstəvidə əldə etdiyi nailiyyətlərin də diqqətlə izlənilib öyrənildiyini vurğuladı.

“Fərəhləndirici haldır ki, Azərbaycan son 4 il müddətində Qarabağ regionunda həyata keçirdiyi fəaliyyətlərlə təkcə İslam coğrafiyasında deyil, bütün dünyada diqqət çəkib. Modern texnologiyalara əsaslanan sürətli, qısamüddətli və az itkili hərbi əməliyyatları təşkil etmək, işğal altındakı torpaqları geri almaq və azad olunmuş ərazilərdə çox sürətli şəkildə bərpa işləri həyata keçirmək, infrastruktur yaratmaq Azərbaycanı nümunəyə çevirir. Məhəmməd əl-Maliki çıxışında bu amili də xüsusi qabartdı. Şuşa şəhərinin işğaldan azad edildikdən cəmi bir il sonra - 2021-ci ildə Azərbaycanın mədəniyyət paytaxtı olmasını, 2023-cü ildə Türk dünyasının mədəniyyət paytaxtı seçilməsini, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı elan olunmasını özünəməxsusluq kimi dəyərləndirdi. Bildirdi ki, bu cür nailiyyətlər yalnız diqqət və qayğıya deyil, həm də imkanlara bağlıdır. Azərbaycan bu cür imkanları yarada bilir və örnəyə çevrilir”, - deyə ekspert vurğulayıb.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
150
1
azertag.az

2Mənbələr