AZ

Aşqarlar Kimyası İnstitutunda “Ən yaxşı elmi məruzə” müsabiqəsi

Bakı, 14 may, AZƏRTAC

Elm və Təhsil Nazirliyinin akademik Əli Quliyev adına Aşqarlar Kimyası İnstitutunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində gənc alim, doktorant, dissertant və magistrantlar arasında keçirilən “Ən yaxşı elmi məruzə” müsabiqəsinə təqdim edilən məruzələr dinlənilib.

Bu barədə AZƏRTAC-a institutdan bildirilib.

İnstitutun icraçı direktoru professor Əfsun Sucayev bildirib ki, gənclərin ətraf mühitin ekoloji sağlamlaşdırılması və problemlərinin həllini əhatə edən, konkret olaraq neftlə çirklənmiş ərazilərin təmizlənməsi, kənara atılan yağların regenerasiyası, turş qudronun emalı və sair istiqamətdə apardıqları tədqiqatların nəticələri ilə bağlı məruzələri “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilib. Bu müsabiqələr gənclərin alim kimi hazırlanmasına, onların cəmiyyət həyatında layiqli təbəqə kimi yetişməsinə kömək olur.

On ilə yaxındır ki, bu müsabiqələr keçirilir və ənənə halını alıb. Namizədlərin seçimi zamanı mövzunun aktuallığı, əldə olunan nəticələrin elmi-nəzəri və praktiki əhəmiyyəti, məruzəçinin sualları cavablandırma səviyyəsi və mövzu ilə əlaqədar dərc etdirdiyi elmi əsərlər kimi meyarlar əsas götürülür.

Elmi müsabiqənin şərtlərinə uyğun olaraq Ekspert Komissiyasının üzvləri qiymətləndirmə aparmaq üçün namizədlərin elmi-tədqiqat mövzularına uyğun hazırladıqları məruzələrini dinləyiblər. Hər bir namizədə 10-15 dəqiqə vaxt verilib. Təqdimat zamanı 7 elmi məruzə dinlənilib və suallar cavablandırılıb. Daha sonra məruzələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bildirilib ki, müsabiqənin qalibləri may ayının sonunda elan olunacaq. Qaliblərə diplom və pul mükafatları veriləcək.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
55
1
azertag.az

2Mənbələr