AZ

Amin Məmmədov: Son illər ağacların kəsilməsi və ətraf mühitin çirkləndirilməsinə qarşı ciddi tədbirlər görülür

Qusar rayonunda meşədə ağacların qanunsuz kəsilməsinə görə cinayət işi başlanıb. Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib. Qeyd olunub ki, Qusar rayonunda ağacların qanunsuz kəsilməsi barədə daxil olmuş məlumatlar əsasında Baş Prokurorluqda araşdırma aparılıb.Araşdırmalarla vəzifəli şəxslər tərəfindən səlahiyyətlərindən sui-istifadə edilərək çoxillik ağaclarla əhatə olunmuş meşə fonduna aid 22,3 hektar (ha) torpaq sahəsinin təyinatının əsassız şəkildə dəyişdirilib yaşayış məntəqələrinin torpaqları kimi Qusar şəhər bələdiyyəsinin balansına verilməsinə, meşə fondunun ziyan və itkisinin natamam və qeyri-dəqiq hesablanmasına, vəzifə saxtakarlığına yol verilərək torpaq sahəsinin qanunsuz olaraq müxtəlif vətəndaşlara satılmasına, habelə torpaq sahələrində müxtəlif diametrli və cinsli ağacların qanunsuz kəsilməsi nəticəsində təbiətə külli miqdarda ziyan vurulmasına əsaslı şübhələr müəyyən edilib. Qeyd olunanlar hadisə yerinə baxış və istintaq hərəkəti protokolları, fotoşəkillər, videgörüntülər, müxtəlif dövlət qurumlarının rəyləri, izahatlar və toplanmış digər sənədlərlə təsdiq olunub. Toplanmış material əsasında Cinayət Məcəlləsinin 259.2.4 (külli miqdarda ziyan vurmaqla qanunsuz ağac kəsmə) və 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə), 313 (vəzifə saxtakarlığı) və 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddələri ilə cinayət işinin başlanıb və ibtidai istintaqın aparılması Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə tapşırılıb.

Məsələ ilə bağlı danışan Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri Amin Məmmədov "Sherg.az"a söyləyib ki, Azərbaycan höküməti tərəfindən ətraf mühitin qorunmasına görə, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, onun müvafiq strukturları müntəzəm monitorinqlər keçirir:


“Bir sözlə, ciddi nəzarət mexanizmi mövcuddur. Bu da Azərbaycan Respublikasının beynəlxalq ictimaiyyətin etibarlı və məsuliyyətli üzvü kimi iqlim dəyişmələrinin fəsadlarına qarşı mübarizəyə öz töhfəsini verdiyini bir daha sübut edir. Həmçinin yaşıllıqların bərpası və artırılması, sağlamlaşdırılması, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır. Nəzərə almaq lazımdır ki, bu il COP29 Azərbaycanda keçiriləcək. Belə mühüm qlobal konfransa ev sahibliyi etmək beynəlxalq nüfuzumuzu və ekoloji gündəliyə sadiqliyimizi nümayiş etdirir. Həmçinin, Prezident İlham Əliyevin sərəncamı ilə 2024-cü il "Yaşı dünya naminə həmrəylik ili" elan edilib. Ümumiyyətlə, son illər ağacların kəsilməsi və ətraf mühitin çirkləndirilməsi kimi hadisələrə bunun səbəbkarlarına qarşı ciddi tədbirlər görülür".
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
7
sherg.az

10Mənbələr