AZ

Kartof 50 faiz ucuzlaşdı, fermerlərsə narazı deyil - Açıqlama

Ölkə üzrə kartof yığımına görə üçüncü yerdə qərarlaşan Cəlilabadda hazırda istixana şəraitində yetişdirilən kartofun yığımı davam edir. Bunun ardınca açıq şəraitdə yetişdirilən kartof yığılacaq. Fermerlər isə nikbindir. Çünki ötən illə müqayisədə qiymətlər qənaətbəxşdir.



Fermer Kamal Şahbazov Bakupost.az -a açıqlamasında bu il kartofun qiymətinin fermerlər üçün sərfəli olmasının səbəblərindən danışıb.

O qeyd eib ki, ötən illə müqayisədə bu il kartof az əkilib:

"Ötən il kartof ucuz qiymətə satıldığı üçün əksər fermerlər zərər etdi və bu il onların çoxu kartof əkmədilər. Hazırda isə istixana kartofunun yığımı davam edir. İlk başlanğıcda 1 manat 30 qəpiyə satışı başlayan məhsul indi 70-80 qəpiyə təklif olunur. Ötən il isə istixana kartofu 40 qəpiyə satılırdı. Hazırda ölkə daxilində, eləcə də Rusiya və Ukrayna kimi ölkələrə kartof satışı davam edir”.

K.Bayramov məhsuldarlığın bol olmasının toxumdan asılı olduğunu bildirib:

“Kartof toxumu bizə Rusiya və Ukraynadan gətirilir. Mən özüm Rusiyada “arizona” və “udaçi” toxumları gətirirəm. Bu toxumdan həm özüm əkirəm, həm də kənd sakinlərinə satırıq. Toxumun qiyməti isə 1-1,20 manat arası dəyişir. Bu toxumlar hektara ortalama 30-35 ton məhsul verir. Hazırkı vəziyyət isə qənaətbəxşdir”.

K.Şahbazov kartof becərməyin xərclərini də sadalayıb:

“Kartofun becərilməsi üçün kifayət qədər vəsait xərclənir. Bunun üçün “klyonka” alınır, kartof yetişdirildiyi müddətdə onu xəstəliklərdən qorumaq üçün müxtəlif cür dərmanlardan istifadə olunur və buna da xeyli pul xərclənir. Günü 18-20 manata fəhlə işləyir və s. Bir çoxları düşünür ki, indi kartof bahadır, amma əslində baha yox, elə öz qiymətinədir. Fermer kartof yığımı zamanı mayasını çıxarmağı yox, qazanc etməyi fikirləşməlidir”.




Bakupost.az -a açıqlamasında iqtisadçı Əli Əlirzayev ölkədə kartofun qiymətinin baha və ucuz olmasının səbəblərini belə izah edib:

“Kartof və digər məhsulların qiymətinin dəyişməsinin müxtəlif səbəbləri var. İndi kartof əkən fermerlərin sayı çoxalıb. Ümumiyyətlə, kənd təsərrüfatına meyl daha çoxdur. Məhsul çox olanda bazarda qiymət aşağı düşür. Bu həm də ixracatdan və idxaldan da asılıdır. Ölkəyə İrandan, Belarusdan kartof gətiriləndə yerli kartofun qiymətinin aşağı düşməsi müşahidə olunur. Ötən il bunu etmişdilər. İnsanlar isə daha çox ucuz qiymətə kartof alırlar. Hər bir rayonun özünün kartofunun müxtəlif qiymətləri var. Bir sözlə, bütün bunlar tələb və təklifdən asılıdır”.


Vasif Əlihüseyn
BakuPost
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
34
bakupost.az

1Mənbələr