AZ

Qalmaqallı qanun Gürcüstan parlamentini qarışdırdı- əlbəyaxa dava, söz atışmaları işə yaramadı, qanun parlamentdən keçdi

Image

Gürcüstan parlamentində “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin üçüncü oxunuşda müzakirəsi zamanı hakim partiya nümayəndələri ilə müxalifət arasında qarşıdurma yaşanıb.

Qarşıdurmaya səbəb Levan Xabeişvilinin çıxışı olub və çıxış zamanı Dimitri Samxaradze ilə Levan Xabeişvili bir-birini təhqir ediblər.

Şifahi mübahisədən sonra hakim “Gürcü Arzusu-Demokratik Gürcüstan” partiyasının üzvləri ilə müxalif “Vahid Milli Hərəkat” partiyasının deputatları əlbəyaxa olublar. Mühafizəçilərin və digər deputatların müdaxiləsindən sonra ara sakitləşib, iclas davam etdirilib.

Müxalifətdən olan deputat Tariel Nakaidzenin çıxışı da parlamentdə hakim partiya üzvləri ilə müxalifətçilər arasında qarşıdurma yaradıb. “Gürcüstanın müstəqilliyini və Avropa gələcəyini satmayın. Əcdadların əməyini suya atmayın. Əgər ölkənin məhvinə imza atsanız, Orconikidzelərin yanında olacaqsınız”- deyə Nakaidze hakim partiya üzvlərinə səslənib. Hakim partiya üzvləri isə Tariel Nakaidzeni “bir nömrəli agent” adlandırıblar.

İclasda hakim partiyadan İrakli Kadaqişvili ilə müxalifətçi Paata Mancqaladze arasında da sözlü qarşıdurma yaşanıb. Qarşıdurmaya səbəb müxalifətdən olan deputatın çıxışı olub. Paata Mancqaladze deyib ki, Zviad Qamsaxurdianı Çauşesko adlandıran şəxs indi onu təxribatçı adlandırır.

“Siz 9 Aprel qəssabının, Lebedin sponsorlarısınız” – deyə Mancqaladze hakim partiya üzvlərinə səslənib. İrakli Kadaqişvili isə Mancqaladzenin çıxışına etiraz edib və biabırçı müxalifətçilərdən 9 Aprel haqda heç bir replika qəbul edə bilməyəcəyini deyib. O, Mancqaladzeni “toyuq”, “it oğlu”, “bişərəf” adlandırıb.

“Sizlər vətən xainlərisiz. 9 Aprel haqda sizdən nə dinləməliyəm? Gürcüstanın şüarı belə idi – Gürcüstan Gürcüstanda doğulur və yenə də belədir - Gürcüstan Gürcüstanda doğulur!” - deyə Kadaqişvili deyib.

Sonda parlament “Xarici təsirin şəffaflığı” qanun layihəsini üçüncü oxunuşda qəbul edib. Parlamentin 84 üzvü qanun layihəsini dəstəkləyib, 30 deputat isə əleyhinə səs verib. 

Bundan əvvəl isə Gürcüstanın Prezidenti Salome Zurabişvili qanun layihəsinə veto qoyacağını bəyan edib.

Qeyd edək ki, qanunun qəbulunu istəməyən qüvvələr isə parlamentin binası qarşısında etiraz aksiyası keçirirlər.

TAHİR





Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
79
baki-xeber.com

1Mənbələr