AZ

Kənd təsərrüfatı məhsullarının qiyməti niyə ucuzlaşmır? (AÇIQLAMA)

"Yaz mövsümünün ikinci ayında olsaq da, hələ ki, pomidor və xiyarın qiymətlərində ucuzlaşma yoxdur. Belə ki, hazırda bazarlarda xiyarın bir kilosunun qiyməti 1 manatdan yuxarı, pomidorun qiyməti isə 3 manatdan artıqdır".
 
Bu sözləri Valyuta.az-a iqtisadçı Akif Nəsirli ötən ilin bu ayı ilə müqayisədə bu il kənd təsərrüfatı məhsullarının qiymətlərinin baha olmasının səbəbləri haqqında danışarkən deyib. 

İqtisadçının sözlərinə görə, ötən ilin indiki dövrü ilə müqayisədə qiymətlərin baha olmasının səbəbi məhsul qıtlığıdır. Bunun da müxtəlif səbəbləri var:
 
"Artıq bir neçə ildir bazarda istixana məhsulları azalıb. Hətta bu məhsulların Rusiyaya ixracı da azalıb. Bəzi səbəblərdən bir çox istixanalar bağlanıb. Tovuzda, Şəmkirdə, Qazaxda istixana sahibləri dövlət qurumları ilə anlaşa bilmədiyi üçün məcbur olaraq istixanaları bağladılar. İndi o sahibkarların bəziləri bostan əkib, bağ salıb və s. Ona görə də bu il pomidor-xiyarın qiyməti bahadır. Digər istixanalar isə böyük şirkətlərə məxsusdur".
 
Akif Nəsirli bildirib ki, qiymət bahalığının digər bir səbəbi isə keçən illə müqayisədə inflyasiyadır:

"Bazarda ümumi qiymətlərin inflyasiyası da kənd təsərrüfatı məhsullarının qiymətinin nisbətən bahalaşmasına gətirib çıxarır. Çünki bu işlə məğul olan sahibkarlar bazara bağlı olaraq öz işlərini qurur, həm şəxsi, həm də biznes xərclərini qarşılamağa çalışır. Ona görə də qiymətlər bahalaşanda bütün məhsullarda bu hiss olunur".
 
Həmsöhbətimiz son olaraq qeyd edib ki, bu il kənd təsərrüfatında bol məhsul ili hesab olunur:

"Bu il məhsullar bol olacaq. Yay aylarında bütün mövsümü məhsulların qiyməti mövsümün və bolluğun təsiri altında ucuzlaşacaq. Lakin bostan bitkilərinin qiymətində ucuzlaşsa da, bir çox meyvələrin qiymətlərində bu ucuzlaşma hiss olunmayacaq".

Qeyd edək ki, Dövlət Statistika Komitəsinin yazdığı məlumata görə, keçən ilin bu ayı ilə müqayisədə ərzaq məhsulları, xüsusi ilə kənd təsərrüfatı məhsullarının qiyməti bahalaşıb.

Davud

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
78
valyuta.az

1Mənbələr