AZ

“Daha çox hansı çəkilərdə lisenziya gözləyirdiksə, o çəkilərdə də əldə etdik”

Qadın güləşçimiz Mariya Stadnik (50 kq) ötən şənbə Paris Olimpiadasına lisenziya qazanıb.

35 yaşlı idmançı buna İstanbulda keçirilən Dünya Olimpiya Təsnifat turnirində nail olub. Titullu güləşçimiz lisenziya uğrunda görüşdə italiyalı Emmanuela Liuççi ilə qarşılaşıb. Rəqibini məğlub edən (10:0) Stadnik Paris-2024-ə vəsiqə əldə edib.

Ölkəmizin idmançılarının Paris Olimpiadasına qazandığı lisenziya sayı 24-ə çatıb. Bunların 12-si güləşçilərin payına düşür. Bu nəticəni uğurlu saymaq olarmı? Olimpiadada Rusiya və Belarus güləşçilərinin olmayacağını nəzərə alsaq, bu yığmadan hansı nəticəni gözləmək olarmı? Daha hansı çəkilərdə lisenziya qazanmağa ümid var idi, lakin alınmadı? "Futbol+"un bu suallarını Güləş Federasiyasının mətbuat xidmətinin rəhbəri Sərxan Musalı cavabladı:

“Nəticəni ideal olmasa da, yaxşı saymaq olar. Daha çox hansı çəkilərdə lisenziya gözləyirdiksə, o çəkilərdə də əldə etdik. Müqayisə üçün qeyd edim ki, əvvəlki Olimpiadada cəmi 7 güləşçiylə təmsil olunmuşduq. Müstəqil ölkə kimi 8-ci dəfə Olimpiya Oyunlarında iştirak edəcəyik. 12 lisenziya say baxımından 4-cü ən yaxşı nəticəmizdi. Pekin-2008, London-2012 və Rio-2016-da daha çox güləşçiylə təmsil olunmuşduq. Qadınlarda 57 və 68 kq-da lisenziya qazana bilərdik. Çünki bu çəkilərdə təcrübəli güləşçilərimiz iştirak edirdi. 57 kq-da əvvəlcə Jalə Əliyevanın Bakıda, daha sonra isə Alyona Kolesnikin İstanbulda püşkdə bəxti gətirmədi. Hər iki güləşçimiz ilk mərhələdə güclü rəqibə məğlub oldu. Təəssüf ki, Elis Manolova 68 kq-da ümidləri doğrultmadı. 53 və 62 kq-da gənc güləşçilərimiz çıxış edirdi deyə, onlardan lisenziya gözləmirdik. Hər halda, Ruzanna Məmmədova böyüklər arasında debüt etməsinə baxmayaraq, ilk mərhələdə dördqat Avropa çempionu Anastasiya Qriqoryevaya tam üstünlüklə qalib gələrək gələcək adına ümid verdi. Olimpiadada Rusiya və Belarus güləşçilərinin iştirakına qadağa yoxdu. Sadəcə, müharibəni dəstəkləmiş Rusiya və Belarus idmançılarının iştirakına qadağa qoyula bilər. Bu, daha çox sərbəst güləşə aiddi. Belə olsa, güləşin bu növündə medal şansımız artacaq. Hər halda, BOK-un çıxaracağı qərarı gözləyək”.


İstanbulda lisenziya qazanan Mariya başqa bir xəbərə görə üzülüb. Onun atası Vasili Stadnik uzun sürən xəstəlikdən sonravəfat edib...

Sonda lisenziya qazanan bütün güləşçilərimizin ad-soyadını xatırladırıq: sərbəst güləş - Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Osman Nurmaqomodov (86 kq), Maqomedxan Maqomedov (97 kq), Giorgi Meşvildişvili (125 kq), Mariya Stadnik (50 kq); yunan-Roma güləşi - Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Sənan Süleymanov (77 kq), Rafiq Hüseynov (87 kq), Sabah Şəriəti (130 kq).

GÜNAY SÜLEYMANOVA
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
77
football-plus.az

1Mənbələr