AZ

GDU-da “COP29 - Ekoloji dayanıqlığa və yaşıl artıma diqqət” mövzusunda dəyirmi masa keçirilib

GDU-da

Gəncə, 14 may, AZƏRTAC

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi ilə bağlı qərar ölkəmizə növbəti dəfə böyük etimad və inamın göstəricisidir. Dünya birliyinin Azərbaycana göstərdiyi inam və etimad isə Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu daxili və xarici siyasətin nəticəsidir. Bakının bu tədbirə ev sahibi kimi seçilməsi həm də onu göstərdi ki, Azərbaycan qlobal səviyyədə iqlim dəyişiklikləri ilə mübarizə aparan dövlət kimi özünü tanıda bilib və beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilib.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Gəncə Dövlət Universitetində (GDU) “COP29 - Ekoloji dayanıqlığa və yaşıl artıma diqqət” mövzusunda keçirilən dəyirmi masada humanitar məsələlər üzrə prorektor dosent Gülsüm Fətəliyeva bildirib. Tədbirdə Ekologiya və ətraf mühitin mühafizəsi kafedrasının müdiri professor Sevda Əhmədova “Təmiz ətraf mühitə nail olmaq və yaşıl inkişafın təşviqi” mövzusunda çıxış edərək ekoloji tarazlığın və ətraf mühitin qorunması, alternativ enerji mənbələrindən səmərəli istifadə, eləcə də iqlim dəyişmələrinin qarşısının alınması istiqamətində görülən işlərin əhəmiyyətindən danışıb. O, Azərbaycan Prezidentinin Sərəncamı ilə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsinin ölkəmizdə ətraf mühitin mühafizəsi sahəsində aparılan məqsədyönlü və ardıcıl dövlət siyasətinin tərkib hissəsi olduğunu diqqətə çatdırıb.

Botanika kafedrasının professoru Aynur Bayramova “Azərbaycan COP29-un varisi kimi” mövzusunda məruzəsində COP29 kimi qlobal tədbirin ölkəmizdə keçirilməsinin böyük əhəmiyyətindən bəhs edib.

Ekologiya və ətraf mühitin mühafizəsi kafedrasının dosenti Tünzalə İsgəndərova “Azərbaycanda ətraf mühitin mühafizəsi və iqtisadi artım arasında tarazlığın yaradılması” mövzusunda çıxış edib. Diqqətə çatdırılıb ki, son illər dünyada ekoloji tarazlığın pozulması bütün ölkələrdə olduğu kimi, Azərbaycanda da bu sahəyə diqqətin artırılmasını zəruri edib.

İqtisadiyyat kafedrasının müəllimi Aytac Cəfərovanın “COP 29-dan irəli gələn maliyyə və investisiya imkanları” mövzusunda məruzəsi dinlənilib. Vurğulanıb ki, COP29-dan irəli gələn maliyyə və investisiya imkanları Azərbaycanın iqtisadi istəkləri üçün çox vacibdir. COP29 təkcə ətraf mühit layihələri üçün deyil, həm də işğaldan azad edilmiş ərazilərə qayıdışla bağlı yaşıl təşəbbüslər üçün kanal rolunu oynayır.

Tədbir ətraf mühitin qorunması istiqamətində müzakirələrlə davam edib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
1
azertag.az

2Mənbələr