AZ

"Qadın-kişi bərabərliyi anlayışının özünü fərqləndirmək lazımdır" - MÜNASİBƏT BİLDİRİLDİ

"Qadın-kişi bərabərliyi anlayışının özünü fərqləndirmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında fəlsəfə doktoru, sosioloq Ağasəlim Həsənov deyib.

O bildirib ki, əgər biz bioloji və fiziki baxımdan yanaşsaq, təbii ki, qadınla kişi eyni deyil, fərqli cinslərin nümayəndələridir: "Amma sosial bərabərliyə gəldikdə isə insanların hüquq və azadlıqları baxımından yanaşdıqda qadınlarla kişilər demək olar ki, eyni hüquqlara malikdirlər. Hər bir dövlət konstitusiyasında hər bir vətəndaş üçün onun cinsi, irqi, etnik, dini mənsubiyyətindən asılı olmayaraq bərabər hüquqlar təsbit olunur. Bu mənada qadınlar və kişilər eyni hüquqlara malikdirlər və bərabərdirlər.

Hər bir cəmiyyətdə qadın və kişinin müəyyən rolu vardır. Cinsə görə onların üzərinə düşən vəzifələr və məsuliyyətlər vardır. Bunu heç vaxt unutmaq olmaz. Bu, çox ciddi, aktual məsələdir. Ötən əsrin 20-ci illərinə qədər qadınlar kişilərlə münasibətdə bir çox hüquqlardan məhrum idilər. Ona görə də onların ictimai-siyasi həyatda iştirakı, əmək bazarında özünə iş tapma imkanları və sair bu kimi məsələlərdə qadınlar kişilərdən geri qalırdılar. Bu da qadının cəmiyyət həyatında iştirakını məhdudlaşdırırdı. Ötən əsrin 20-ci illərində gender siyasəti deyə bir siyasət modeli ortaya çıxdı. O siyasət qadınla kişi arasında bərabərliyi eyni zamanda onların sosial baxımdan insan hüquq və azadlıqları baxımından bərabər olduğu ideyasını dəstəklədi. Bundan sonra qadınların ictimai-siyasi həyatda rolu artmağa başladı, əmək bazarında artıq qadınlar çoxçeşidli iş imkanları əldə etdilər. Daha cinsə görə bir çox əlavə güzəştlər nəzərdə tutuldu və bu, ölkələrin qanunvericiliyində öz əksini tapdı".

"Azərbaycan da keçmişinə baxdıqda hələ 1918-ci ildə, Xalq Cümhuriyyəti dövründə o zamankı Azərbaycan Parlamentində qəbul edilən qanunlarda qadınlara seçmək, seçilmək hüququnu tanıdı. Əmək bazarında qadınların iş əldə etmək imkanlarını xeyli dərəcədə yaxşılaşdırdı. Bundan əlavə hamilə qadınlara onların işləməsinə aid humanist müddəalar, güzəştlər tətbiq olundu. Amma bütün bunları qeyd etməklə demək istəyirəm ki, qadınla kişi arasında bərabərlik anlayışının mahiyyətinə varmalıyıq. Yəni qadınla kişi harada bərabərdir, harada bərabər deyil? Fiziki baxımdan yanaşsaq, qadınla kişi bərabər deyil. Fiziki iş görmə imkanlarına görə, əlbəttə ki, kişi qadından daha güclüdür.
Məsələyə əks tərəfdən yanaşdıqda qadınlara kişi işlərinin verilməsi, yaxud da kişi xüsusiyyətlərinin müxtəlif aspektlərdən tədricən qadına aid edilməsi, qadının kişiləşməsi, kişinin qadınlaşması tendensiyası da çox təəsüf ki, müşahidə olunmaqdadır. Bu nəticə etibarilə çox təhlükəli fəsadlar törədə bilər. Qadın qadın olaraq qalmalıdır, kişi də kişi olaraq qalmalıdır. Kişi kişiyə xas olan xüsusiyyətlərin daşıyıcısı olaraq qalmalıdır, qadın isə zəif cinsin nümayəndəsi olaraq xüsusiyyətlərini özündə cəmləşdirməlidir. Təhlükəli nəticələrə o aiddir ki, cinslərarası fərq itir. Bunun çox mənəvi, psixoloji, dini tərəfdən baxdıqda çox ciddi fəsadları vardır. Çünki əmək bazarında kişilərə qadın işlərinin verilməsi, yaxud da, əksinə qadınlara kişi işlərinin verilməsi tədricən onların fərdi olaraq cinsəl xüsusiyyətlərinə təsir etmiş olur. İstənilən peşə bir fərddə müəyyən xüsusiyyətlər formalaşdırır. Əgər bu gün biz əmək bazarında daha ağır şərtlərdə, kömür şaxtalarında işləyən qadınları görsək, buna normal yanaşaraq onların fərd olaraq işlə məşğul olması kimi müsbət qiymətləndirə bilərik.

Qadınların ağır işlərdə fiziki baxımdan yer alması onların sağlamlığına öz mənfi təsirini göstərəcəkdir. Biz unutmamalıyıq ki, qadın cins olaraq nəsil artırmada çox böyük funksiya yerinə yetirir. Onun sağlamlığında yarana biləcək problemlər gələcəkdə ümumi nəsil artırmaya, geniş mənada yanaşsaq, əhali artımı məsələsinə öz mənfi təsirini göstərəcək.

Digər fəsadlardan biri kimi cinslər arasında bu fərqliliyin aradan qaldırılması həm də gələcəkdə ailə institutuna çox ciddi təsir edəcək. Yəni ailə institutu tədricən sıradan çıxa bilər. Gənc əhali bu kimi əcaib xüsusiyyətlərə malik odluqca onların ailə qurmaq, nəsil artırmaq kimi istəkləri azalacaqdır. Bu da ailə institutunun dağılmasına, əhali artımına ciddi təsir edəcək. Qadının kişiləşməsi, kişinin də qadınlaşması çox təhlükəli tendensiyadır. Onun mənəvi, psixoloji, fiziki, bioloji tərəfləri də vardır. Bu, çoxçeşidli fəsadlar ortaya çıxara bilir. Gələcəkdə arzuolunmaz tendensiyaların ortaya çıxmasına səbəb ola bilər" - deyə o, əlavə edib.

Müəllif: Söylü Ağazadə
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
11
sia.az

1Mənbələr