AZ

Şuşa ucalığından növbəti xəbərdarlıqlar TƏHLİL

8 noyabrda Ali Baş Komandanımızın, Müzəffər Ordumuzun və Rəşadətli əsgər və zabitlərimizin şücəati ilə göz bəbəyimiz Şuşamız işğaldan azad olundu. Üçrəngli Bayrağımız artıq 3-cü ildir ki, Şuşamızda dalğalanmaqdadır. Ölkə rəhbərimiz, Ali Baş Komandanımız İlham Əliyev xalqa müraciətdə bu böyük Qələbəni xalqına bəyan etməkdən böyük fəxarət və qürur hissi duyduğunu demişdir: “Böyük fəxarət və qürur hissi ilə bəyan edirəm ki, Şuşa şəhəri işğaldan azad edildi! Şuşa bizimdir! Qarabağ bizimdir! Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Bütün şuşalıları ürəkdən təbrik edirəm. İyirmi səkkiz il yarım işğal altında olan Şuşa azad edildi! Şuşa indi azaddır! Biz Şuşaya qayıtmışıq! Biz bu tarixi Qələbəni döyüş meydanında qazandıq. 2020-ci il noyabrın 8-i Azərbaycan tarixində əbədi qalacaqdır. Bu tarix əbədi yaşayacaq. Bu, bizim şanlı Qələbəmizin, zəfərimizin günüdür! Bu qələbəni biz döyüş meydanında qazandıq, danışıqlar masası arxasında yox”.

Bəli, sözü imzası qədər dəyərli və keçərli olan Qalib Liderimiz, Prezident İlham Əliyev Şuşaya qayıdan sakinlərlə görüşü zamanı demişdir: “Otuz iki ildən sonra siz doğma Şuşaya qayıdırsınız. Bu gözəl tarixi hadisə münasibətilə sizi ürəkdən təbrik edirəm. Siz otuz iki il vətən həsrəti ilə yaşamısınız, amma bilirəm ki, bir an da Şuşanı unutmamısınız, bilirdiniz və inanırdınız ki, siz buraya qayıdacaqsınız. Mən də bilirdim, mən də inanırdım və Prezident kimi 2003-cü ildən başlayaraq sizi və bütün keçmiş köçkünləri öz doğma vətəninə qaytarmaq üçün əlimdən gələni əsirgəmirdim”.

BİZ DƏ QÜRURLA TƏKRARLAYIRIQ, 44 GÜNLÜK VƏTƏN MÜHARİBƏSİ ŞANLI TARİXİMİZDİR VƏ AZƏRBAYCAN XALQI BUNDAN SONRA ƏBƏDİ BU ZƏFƏRLƏ FƏXR EDƏCƏK

Bəli, tarixi Zəfərimizdən ötən üç ildən artıq dövrdə elə bir gün yoxdur ki, Qarabağın tacı Şuşa hansısa hadisəyə şahidlik etməsin, qonaqlarını qarşılamasın. 28 illik həsrətdən sonra tarixi sahibinə qovuşan torpaqlarımız, o cümlədən Şuşa bərpa-quruculuq dövrünü yaşayır. Müasir şəhərsalma qaydalarına uyğun olaraq qurulan Şuşada keçirilən hər bir tədbir tarixi Zəfərimizin reallıqlarının dünya ictimaiyyətinə çatdırılmasında əhəmiyyətli rol oynayır. Ümummilli Lider Qarabağı, Şuşanı, Xankəndini daim azad görmək istəyirdi. Bu gün böyük qürur hissi ilə qeyd edirik ki, Qarabağımız, Şərqi Zəngəzurumuz azaddır. Biz bu torpaqlardayıq və burada əbədi olacağıq.

Prezident İlham Əliyev Şuşaya qayıtmış ilk sakinlər ilə görüşü zamanı bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, lakin xarici qüvvələrin haqsız olaraq himayədarlıq etdikləri Ermənistanda hələ də revanşist qüvvələr yenidən Cənubi Qafqazda müharibəni alovlandırmaq cəhdləri edirlər. Fransa və Amerika bilməlidir ki, bu bölgədə Azərbaycanın iradəsindən kənar heç bir məsələ həllini tapa bilməz. Bu qüvvələr Şuşanı nə qədər erməni şəhəri etməyə çalışsalar da, xarici qüvvələri bu cəhdi baş tutmamışdır.

Dövlətimizin başçısı onu da bildirdi ki, qürurla təkrarlayırıq ki, 44 günlük Vətən müharibəsi şanlı tariximizdir və Azərbaycan xalqı bundan sonra əbədi bu Zəfərlə fəxr edəcək. 44 gün ərzində biz hər gün irəli gedirdik. Ermənistan ordusundan fərqli olaraq bir nəfər də olsun hərbçimiz döyüş meydanını tərk etməmişdi. Bizim əsgər və zabitlərimiz hər gün irəli gedirdilər və müharibənin birinci günündə əldə olunmuş qələbə - bir neçə kəndin azad edilməsi sonuncu günə qədər davam etdi və 2020-ci il noyabrın 8-də Şuşanın azad edilməsi düşmənin belini qırdı. “Şuşasız bizim işimiz yarımçıq qalar”, deyən Ali Baş Komandan Azərbaycan xalqının əyilməz ruhunun rəmzi olan bu müqəddəs ünvanı, qəlbimizin Məkkə-Mədinəsini azad etməyincə ordumuzun dayanmayacağını 44 günlük haqq savaşının ilk günlərində qətiyyətlə bildirmişdi. Bəli, bu gün artıq deyilənlər reallaşdı. Məhz Prezident İlham Əliyevin «Dəmir Yumruq» siyasətinə əməl edən güclü Azərbaycan Ordusunun rəşadətli əsgər və zabitlərinin igidliyi ilə 30 illik torpaq həsrətinə son qoyuldu. "Şuşasız Qarabağ, Qarabağsız Şuşa yoxdur" deyən ulu öndər Heydər Əliyevin arzusunu da bu gün Prezident İlham Əliyev "Şuşasız işimiz yarımçıq qalar" deyərək reallaşdırdı. Qəhrəman ordumuzun həyata keçirdiyi bir günlük antiterror əməliyyatı nəticəsində Qarabağdakı xunta rejiminin kökü kəsildi, biz tarixi, əzəli torpaqlarımızı işğalçılardan azad etdik, bayrağımızı Xankəndi şəhərində, Xocalıda, Xocavənddə... dalğalandırdıq! Cənab Prezidentin dediyi kimi, dövlətimizin gücünü və siyasi iradəsini göstərdik. Heç kimlə hesablaşmadan, heç nəyə baxmadan, heç kimdən qorxmadan lazım olan əməliyyatı böyük peşəkarlıqla, məharətlə və fədakarlıqla keçirdik!

«HƏM ERMƏNİSTAN, HƏM ONUN ARXASINDA DURAN, ONLARA YALANÇI VƏDLƏR VERƏN XARİCİ DAİRƏLƏR BİZİMLƏ HESABLAŞMASALAR PEŞMAN OLACAQLAR»

Prezident İlham Əliyev sakinlərlə görüşündəki çıxışında dünyanın ikili standartlara əsaslanan siyasəti ilə bağlı bildirdi ki, vasitəçi adı altında prosesdə iştirak edən Minsk qrupunun 28 ildəki fəaliyyəti Azərbaycan xalqına qarşı yönəldilmişdir. Onların yalançı vədləri və fəaliyyətsizliyi təsadüfi deyildi. Onlar məsələni həll etmək istəmirdilər, bu torpaqları ermənilərə vəd vermişdilər. Ölkə rəhbərimizin, cənab Prezident İlham Əliyevin məhz Azərbaycanın siyasətinin beynəlxalq hüquq və ədalət üzərində qurulduğunu növbəti dəfə xatırladaraq, bildirdi ki iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Cənab İlham Əliyev bu çağırışı da etdi ki, hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir: «Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Burada, bu torpaqda söz sahibi bizik. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır».

"Bu gün də baxın bizə qarşı, kimlər, necə deyərlər, əsas rol oynayırlar - Fransa və Amerika. Bunu açıq demək lazımdır, daha çox Fransa. Onlar da bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil", - deyə Şuşadakı görüş zamanı Prezident İlham Əliyev altını cızdı ki, əgər bu gün yenə də görsək ki, Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin».

Bəli, bu sərt mesaj təkcə Ermənistan tərəfi üçün deyil, işğalçı ölkəni qızışdıran, ruhlandıran, işğalçılara dəstək verməyə çalışanlar üçün də! Bir sözlə, dövlət başçımızın bu çıxışından çoxları öz nəticələrini çıxarmış oldular və bir daha əmin oldular ki, rəsmi Bakının bu məsələdə öz "qırmızı xətləri" var. "Hər kəs bizim iradəmizin necə sərt olduğunu bilir.

Müzəffər Lider İlham Əliyev bir daha mayın 10-da Qarabağdan qətiyyətlə xəbərdarlığını etdi: "İkinci Qarabağ müharibəsindən sonra biz Ermənistana demişik ki, gəlin, sərhədi ədalətli müəyyən eləyək. Yox, istəmirsinizsə, onda biz deyəcəyik, harada istəyirik orada da sərhəd olacaq. Neyləyəcək, kimə zəng edəcək, lap 100 dəfə zəng etsin, nəticəsi nə olacaq? ...Bu bölgəyə maraq göstərənlərə bir daha demək istəyirəm ki, bizimlə hesablaşmadan burada bir addım da atılmamalıdır bundan sonra. Əminəm ki, mənim sözümü eşidirlər, bilirlər, mən nəyi deyirəmsə, onu da edirəm".

Bəli, sözü imzası qədər dəyərli və keçərli olan Qalib Prezidentimiz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin tələbi ilə hələ Vətən müharibəsi zamanı kapitulyasiyaya, məğlubiyyət aktına imza atan düşmən Ağdamı, Kəlbəcəri, Laçını bir güllə atılmadan qaytarmışdı. Məhz Prezident İlham Əliyevin şəxsi əzmi, siyasi qətiyyəti, sərrast diplomatik gedişləri sayəsində düşmən də, ona arxa duran qüvvələr də ayağımıza gəlib. Son olaraq Qazaxın kəndlərinin azad edilməsinin timsalında da aydın görünür ki, qalib lider İlham Əliyevin bir sözü belə kifayət edir ki, tələbi dərhal və qeyd-şərtsiz yerinə yetirilsin. Mayın 10-da Şuşada dövlət başçısı da vurğuladı ki, düşmənə öz yerini göstərdik və bu gün düşmən bizim qarşımızda acizdir: "Bu gün təkcə bizim tələbimizlə heç bir başqa, necə deyərlər, vasitəyə əl atmadan Qazaxın dörd kəndi bizə qaytarılır. Bir tələbimlə qaytarılır, bax, belə də olmalıdır".

Və bu baxımdan da Azərbaycan qalib ölkədir və bundan sonra diktə edən tərəf də hər zaman Azərbaycan olacaq! Və qalib ölkənin qalib lideri Azərbaycan Prezidenti İlham Əliyevin söylədiyi kimi: “Ermənistan istəsə də, istiəməsə də...”

RƏFİQƏ KAMALQIZI

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
107
1
sesqazeti.az

2Mənbələr