AZ

"Temu" bazarda öz yerini tutmuş digər platformaları üstələyə bilər?

Azərbaycanda onlayn alış-veriş proqramlarına maraq çoxdur. Artıq "Amazon", "Trendyol", "Alibaba", "HepsiBurada", "Aliexpress" və s. kimi şopinq platformaları siyahısına "Temu" da əlavə edilib. Lakin bir çox insan yeni yaradılmış platformadan alış-veriş etməkdə ehtiyat edir. Hərçənd tətbiqin təklif etdiyi ucuz qiymətə olan məhsulları sınaqdan keçirənlər də az deyil.

Maraqlıdır, reklamlarına tez-tez rast gəldiyimiz "Temu" bazarda öz yerini tutmuş digər platformaları üstələyə bilər?

Bu barədə marketinq və ictimaiyyətlə əlaqələr üzrə ekspert Səfər Aslanov "Operativ Media"ya açıqlamasında deyib ki, belə bir proqnozun indi verilməsi doğru deyil, çünki müxtəlif platformalar müxtəlif regionlarda nisbi üstünlüklər əldə edirlər:

"Bunda rol oynayan faktorlar alıcı kütləsini təkil edən bazarlarda qanunvericilik, yerli tərəfdaşlarla münasibətlər və bazara məxsus spesifik xüsusiyyətlərdir. İndiki halda platformaların miqyasını müqayisə etsək, ictimaiyyətə açıq məlumatlara əsasən "Temu"nun dünya üzrə 70 milyon aktiv istifadəçisi var. İstifadəçilərin 40%-dan artığı ABŞ-dəndir və Böyük Britaniyada istifadəçi sayına görə 2-ci yerdədir. 2023-cü ilin iyun ayında şirkətin dövriyyəsi 1 milyard dolları keçib. Bəzi ekspertlərə görə, şirkətin dövriyyəsi hər ay 30-35 % böyümə sürətində irəliləyir. Qlobal bazar nöqteyi-nəzərindən yanaşsaq, burada düşünməli çox az şey var. Lakin lokal bazarlar cəhətdən müxəlif ssenarilərin olması mümkündür. Birinci növbədə bazara giriş baryerləri doğru anlaşılmalıdır. Digər məqam isə yerli tərəfdaşların çoxluğu və yayılmaya təsiri nəzərə alınmalıdır. Bu 2 vacib ünsür biznesin irəliləməsinə təsir edən əsas amillərdədir. "Temu" bazarda yenidir və güclü tərəfdaşlar cəlb etmək niyyətindədir. Əgər buna müvəffəq olarsa, ciddi rəqib sayıla biləcək".

Ekspert qeyd edib ki, platforma bazarda yer etmək üçün bir müddət daha qiymətlərini ucuz saxlayacaq:

"Bu mövzuda istehlakçılar özlərini alış sonrası disonansdan qorumağa daha çox meyillidirlər. Buna görə də bir müddət başqalarının test etməsinə vaxt gedəcək. Bundan sonra kütləvi alışlar başlayacaq. İnsanlar məyus olmaq istəmirlər, bu baxımdan platformanın qiymətləri bir müddət daha ucuz saxlamaq məcbuiryyəti yaranacaq. Əsas məsələ onlayn platformalardan alış-veriş etmək vərdişi olan insanların yeni plaformaya cəlbini stimullaşdırmaq üçün qiymət kommunikasiyasından istifadənin ön planda olmasıdır. Düşünürəm ki, platforma üçün artıq kəmiyyət amilini deyil, keyfiyyət amilini qabartmağın vaxtı çatıb. Bu tip platformalarda satışların artımına əsas səbəb müştəri təcrübələridir. Daha çox təcrübə və daha çox müsbət rəy əldə etməklə ciddi rəqib olunması mümkündür".

Sevinc İbrahimzadə

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
27
operativmedia.az

1Mənbələr