AZ

Bayrağımız Şuşada əbədi dalğalanacaq

Azərbaycan xalqı Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin rəhbərliyi ilə 30 illik erməni işğalına son qoyaraq, parlaq Zəfərə imza atdı. Tarixi ədalət bərpa olunduqdan sonra azad edilmiş ərazilərdə geniş bərpa-quruculuq işlərinə başlamış Azərbaycan dövlətinin əsas hədəflərindən biri də uzun illər torpaq həsrəti ilə yaşamış keçmiş məcburi köçkünlərin tezliklə öz dədə-baba yurdlarına qaytarılmasıdır. Sürətli, mərhələli və planlı şəkildə həyata keçirilən qayıdış siyasəti dövlət başçımızın daim nəzarətindədir. Doğma yurdlarına qayıdanlar içərisində Şuşa sakinləri də var. Dövlət başçımız tərəfindən mədəniyyət paytaxtımız elan olunmuş Şuşa şəhərinə qayıdış qəlbi Vətən sevgisi ilə döyünən hər bir soydaşımızı hədsiz qürurlandırır.

10 may 2024-cü il tarixində Prezident İlham Əliyevin Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşü baş tutdu. Rəmzi məna daşıyan görüşdə dövlət başçımız öz nitqində bildirdi ki, biz heç vaxt müharibə istəməmişik, bu gün də istəmirik. Azərbaycan dövləti 44 günlük Vətən müharibəsindən sonra yekun sülh sazişinin imzalanması istiqamətində davamlı cəhdlər etdi. Lakin yenə də xarici havadarlarının əlində oyuncağa çevrilmiş Ermənistan bu çağırışları cavabsız qoydu. Ona görə də Azərbaycan Respublikası 19-20 sentyabr 2023-cü il tarixində lokal antiterror tədbirləri həyata keçirməyə məcbur oldu ki, bu da qələbələrimizin davamı hesab olunur.  

Qarabağa və Şərqi Zəngəzura Böyük Qayıdışın reallaşması hər birimizi ürəkdən sevindirir. İşğaldan azad edilmiş ərazilərin bərpası, burada dayanıqlı inkişafın təmin edilməsi və keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışı I Dövlət Proqramında yer almış əsas müddəalardandır. Qayıdış prosesi sosial-iqtisadi inkişaf dinamikası və demoqrafik meyillər nəzərə alınmaqla, sosial ədalətin qorunması meyarlarına uyğun şəkildə reallaşdırılır.

Qalib Azərbaycan xalqının mövqeyi qəti, Müzəffər Ali Baş Komandan Cənab İlham Əliyevin iradəsi sarsılmazdır. Azərbaycan Respublikası beynəlxalq aləmdə yüksək nüfuza malikdir. Ölkəmizin iradəsi və iştirakı olmadan regionda heç bir layihə reallaşa bilməz. Möhtərəm Cənab İlham Əliyev Şuşa şəhərinə köçmüş ilk sakinlərlə görüşündə xüsusi qeyd etdi ki, Ermənistana dəstək verən dövlətlər, o cümlədən Fransa və Amerika bilməlidirlər ki, bizim iradəmizdən kənar bu bölgədə heç bir məsələ həll olunası deyil. Hansısa səfirin Şuşaya gəlməsi bizə minnət kimi təqdim edilməməlidir. Gəlir gəlsin, gəlmir, heç lazım da deyil. Guya onların gəlib-gəlməməsi ilə nəsə dəyişir, heç nə dəyişmir. Bizim siyasətimiz beynəlxalq hüquqa və ədalətə əsaslanır.Ermənistanda revanşistlər baş qaldırır, Fransa Ermənistana öldürücü silahlar verir, o silahların kritik həddə çatmasını görsək, onda bizdən heç kim inciməsin. Heç kim bizim qabağımızda dura bilməz. Heç kim bizə heç nə diktə edə bilməz və bizim daxili işlərimizə müdaxilə edə bilməz. Nəyi lazım biliriksə, onu da edəcəyik. Şuşanı nə qədər erməniləşdirməyə çalışsalar da, ona nail ola bilməyiblər. Çünki Şuşa əzəldən Azərbaycan şəhəri olub, işğal dövründə də öz azərbaycançılıq simasını qoruyub saxlayıb. Əgər ermənilər bunu özlərinə doğma şəhər sayırdılarsa Şuşanı quraydılar, yaradaydılar, dağıtmayaydılar. Bir daş daş üstə qoyulmayıb. Biz gəlmişik burada əbədi yaşamağa və bundan sonra Azərbaycan Bayrağı bu torpaqlarda əbədi dalğalanacaq.

Cavid Məmiyev,

YAP Sumqayıt şəhər təşkilatının sədr müavini

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
134
ikisahil.az

1Mənbələr