AZ

“Qəbələ” Premyer Liqadan getdi: klubun sonrakı taleyi necə olacaq?

Ötən gün AFFA İcraiyyə Komitəsinin keçirilən iclasında Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar qəbul edilib. Bu isə o deməkdir ki, Premyer Liqada sonuncu yeri tutan “Qəbələ” I Liqada mübarizə aparacaq. Azərbaycanı uzun illər Avropada da təmsil etmiş “Qəbələ” klubunun çempionatı tərk etməsi komandanın gələcək taleyini sual altında qoyub.

Tanınmış televiziya aparıcısı, jurnalist Sənan Şəfizadə 90deqiqe.Az-a açıqlamasında AFFA İcraiyyə Komitəsinin qərarının normal, çox peşəkar olduğunu deyib. O bildirib ki, idman prinsipi qorunmalı, axırıncı yeri tutan komanda birinci divizyona düşməlidir:

“Premyer Liqanı tərk etmək faciə deyil. Faciə Premyer Liqaya qayıtmamaqdır. "Qəbələ" klubunun sponsorlarında bir az problem yarandığı üçün maliyyə sıxıntıları oldu. Azərbaycan klublarında ən böyük problemlərdən biri də odur ki, klublarımız, təəsüflər olsun ki, pul qazanmırlar, ancaq xərcləyirlər. Təbii ki, burada bir neçə klub istisnadır. Məsələn, "Qarabağ" avrokuboklardan qazanır, eləcə də digər klublarımız sponsorlardan qazanır. Amma "Qəbələ" bu sahədə bir az çətinliklərlə üzləşir, amma gözəl akademiyası var. Məncə, rəhbərlik 1-ci divizyonda da qarşısına məqsəd qoymalı, ilk ildəcə yüksək hədəflər uğrunda çalışaraq 1-ci yeri tutub Premyer Liqaya qayıtmalıdırlar”.

Komandanın aşağı düşməsində qəbahət bir şey olmadığını deyən S. Şəfizadə söyləyib ki, AFFA bu kluba müəyyən maliyyə yardımı ayıracaq:

“Nəzərə alaq ki, AFFA 1-ci divizyona düşən "Qəbələ"yə akademiyanı və təbii ot örtüyü olan meydanlarını qoruması üçün yardım edəcək. Yəni bu, xüsusi bir amildir. Əksinə idman prinsipi qorunmalıdır. Əgər aşağı pilləni tutan komanda Premyer Liqanı tərk etmirsə, bu artıq çempionatın qaydalara əsasən keçirilməsini sual altına alacaq. Azərkeşlər birləşməli, rəhbərlik sponsorlar tapmalıdır. Ümumiyyətlə, Azərbaycanda sponsorların çoxu daim sürətli nəticə istəyirlər. Yəni heç kim gözləmək istəmir. Əsas problemlərdən biri də budur. İkinci məqam odur ki, "Şamaxı" da Premyer Liqaya qayıdır. Yəni bunu da nəzərə almaq lazımdır”.

"Qəbələ"nin çox zəngin tarixinin olduğunu deyən jurnalist S.Şəfizadə bir neçə il öncə komandanın Dortmund “Borusiya”sı ilə oynadığını xatırladıb: 

“Bu gün isə həmin “Borussiya” artıq finaldadır. Amma "Qəbələ" aşağı düşmək istəyir. Məncə, rəhbərlik də qarşısına məqsəd qoyub yenidən Premyer Liqaya qayıtmağa çalışmalıdır. Komandanı dağılmağa qoymaq olmaz. Komandanın çox güclü ənənənələri var. "Yuventus" kimi komanda vaxt olub İtaliya B Seriyasında oynayıb. Sadəcə qayıtmaq lazımdır”.

Sadiq Cavadov



Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
174
90deqiqe.az

1Mənbələr