AZ

Titulunu qorumağa gedir - TƏQDİMAT

Bu yay bütün Avropanın diqqəti Almaniyaya yönələcək. Qitənin 24 ən güclü millisi sayca 17-ci Avropa çempionatında mübarizə aparacaq. İyunun 14-dən iyulun 14-dək davam edəcək yarışın startına 31 gün qalıb.

İdman.biz AVRO-2024-ün iştirakçılarının təqdimatını davam etdirir. Bu həftə B qrupunun komandalarını nəzərdən keçiririk. “Ölüm qrupu”nun favoriti İspaniya olsa da, son illər qeyri-sabitliyi ilə seçilən İtaliya da Almaniyaya çempionluq üçün gedir.

Avropa və dünyada fərqli komanda
İtaliya millisi AVRO-2020-nin qalibidir. “Skuadra Adzurra” Almaniyada titulunu qorumağa çalışacaq. İndiyədək yalnız bir dəfə - 2012-ci ildə əvvəlki çempion adını qorumağı bacarıb. İkiqat Avropa çempionu olan apenninlilər son üç yarışda iki final oynayıblar. AVRO-2012-nin gümüş mükafatçısı dörd il sonra 1/4 finala qədər irəliləyib. Üstəlik, son iki Millətlər Liqasında üçüncü yeri tutan İtaliya Avropada ən güclülər sırasında qaldığını sübut edib. Amma yığma dünya çempionatlarında azarkeşlərinə yalnız üzüntü verir. 2002-ci ildə qazanılan çempionluqdan sonra fiaskolar bir-birini sıralayır. DÇ-2006 və DÇ-2010-da qrupdan çıxa bilməyən yığma sonrakı iki mundialı ümumiyyətlə televiziyadan izləyib.

Almaniyaya çətin yol
Avropa çempionu turnirdən kənar qalmaq təhlükəsindən son anda qaçıb. Seçmə mərhələdə İngiltərəyə iki dəfə uduzan İtaliya Almaniyaya vəsiqəni çətinliklə qazanıb. Şimali Makedoniya ilə görüşdə də xal itirən komanda ikincilik mübarizəsində Ukraynanı əlavə göstəricilərdə üstələyib. Son turda məhz əsas rəqibinin qonağı olan “Skuadra Adzurra” uduzmamaq vəzifəsinin öhdəsindən gəlməklə (0:0) ikinci yerini qoruyub.

Gəncləşən komanda
İtaliya tarixində 11-ci dəfə Avropa çempionatına qatılacaq. Üç il əvvəlki qitə çempionu nəsildəyişmə prosesi yaşayıb. Luçano Spallettinin komandası xeyli gəncləşib. Artıq Leonardo Bonuççi və Corco Kyellini kimi təcrübəli müdafiəçilər yığmada deyil. Buna baxmayaraq, “Skuadra Adzurra” qızıl medal iddiasındadır. Lakin bunun üçün “Ölüm qrupu”ndan çıxmaq zəruridir. İspaniya və Xorvatiya kifayət qədər təhlükəli rəqiblərdir. Qeyri-sabit İtaliyadan isə qrupda 1-ci yeri də gözləmək olar, fiasko da.

İtaliya millisinin qrupdakı oyunları:
15 iyun. İtaliya - Albaniya
20 iyun. İspaniya - İtaliya
24 iyun. Xorvatiya – İtaliya

Qeyd edək ki, B qrupunun görüşləri 6 fərqli şəhərdə - Berlin, Dortmund, Hamburq, Helzenkirhen, Düsseldorf və Leypsiqdə keçiriləcək.

Vüqar Xeyrullayev
İdman.biz

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
65
idman.biz

1Mənbələr