AZ

Gürcüstan hökuməti Qərbə deyil, Rusiyaya meyillidir: Rəsmi Tiflisin Avropalaşma yolu bağlanır

Qonşu Gürcüstanda vəziyyət daha da kritikləşib. "Xarici agentlər" haqqında qanunun 3-cü oxunuşda müzakirəsi gərginliyin yaranmasına səbəb olub. Sessiya zamanı iqtidar və müxalifət arasında dava düşüb.

ABŞ Dövlət Departamentinin sözçüsü Vedant Patel Gürcüstan hakimiyyətinin “Xarici təsirin şəffaflığı haqqında” qanununu qəbul etmək istəyini pisləyib. O, rəsmi Tiflisin atdığı addımların mümkün nəticələri barədə xəbərdarlıq edib. Patel bildirib ki, hökumətin davranışları gürcü xalqının özünüifadəsi və arzuları ilə bir araya sığmır:

"Gürcüstan əhalisinin 80 faizindən çoxu Avropa İttifaqına üzv olmaq istəyir. Biz bu istəyi dəstəkləyirik və Gürcüstan hökumətini Avropa İttifaqı ilə inteqrasiya yolunda davam etməyə təşviq edirik. Gürcüstan hökuməti Avropa İttifaqına daxil olmaq və NATO kimi transatlantik alyanslarla əlaqələr qurmaq istəyini bəyan edib, amma bu hökumətin həyata keçirdiyi qanunvericilik fəaliyyəti onun bəyan etdiyi məqsədlərə uyğun gəlmir”.

Politoloq Fuad Abbasov Bakıvaxtı.az-a açıqlamasında deyib ki, Rusiyanın ölkədə işləyən, fəaliyyət göstərən, bu və ya digər şəkildə digər dövlətlərin mənfəətinə xidmət etdiyini düşüdüyü insanları "xarici agent" elan etməsindən sonra belə bir anlayış meydana gəldi.

Ekspertin sözlərinə görə, məhz ondan sonra Rusiyada siyasi və ya hüquqi şəxslər "xarici agent" elan olunmağa başlandı:

"Daha sonra ABŞ Dövlət Departamenti "Russia today", "Sputnik News" və digər mətbuat orqanlarının fəaliyyət göstərməsini qadağan edəcək bir qanun hazırlayaraq, sözügedən media qurumlarının Amerikada fəaliyyətini məhdudlaşdırdı. Beləliklə ABŞ və Rusiya arasında "xarici agent" macərası başladı”.

Onun sözlərinə görə, sonrakı dönəmdə eyni təcrübəni Rusiya digər dövlətlərə də tətbiq etməyə qərar verdi. Bu dövlətlərin də başında Gürcüstan gəlirdi. Gürcüstan Latviya, Litva və Estoniya istisna olmaqla keçmiş sovet respublikaları arasında avropalaşma yolunu tutmuş ilk ölkədir:

“2008-ci ildə Rusiya-Gürcüstan müharibəsindən sonra Gürcüstan qərbləşmə istiqamətində ciddi addımlar atmağa başladı. Amma daha sonra Rusiyanın təsiri altında olan liderlərin Gürcüstanda hakimiyyətə gəlməsi ilə Qərbə inteqrasiya məsələləri arxa plana keçdi. İndiki gürcü hökuməti "Xarici agent" haqqında qanunu qəbul etməklə Gürcüstanın avropalaşma cəhdlərini də məhdudlaşdırmış oldu. Şübhə yox ki, bunun sifarişçisi Rusiyadır".

Fuad Abbasov: Gürcüstan növbəti dəfə Rusiyanın satelliti vəziyyətə gətirilə bilər

Analitik vurğulayıb ki, qanunun qəbul olunması Gürcüstanın Avropalaşma yolunun bağlanması deməkdir:

"Necə ki, Ermənistandakı QHT-lər xaricdən aldıqları qrantlarla Nikol Paşinyanı inqilab yolu ilə hakimiyyətə gətirdi, eləcə də Gürcüstanda belə risk var. Xaricdən gələn qrantlar vasitəsi ilə ölkədə ictimai rəy meydana gətirmək və növbəti çevrilişə cəhd etmək ehtimalı yüksəkdir. Hökumət bu məqamları nəzərə alaraq, sözügedən qanunu qəbul etdirmək istəyir. Əlbəttə, Avropa İttifaqı ilə Gürcüstanın əlaqələri korlana, Gürcüstan növbəti dəfə Rusiyanın satelliti vəziyyətə gətirilə bilər. Baxmayaraq ki, əhali buna qarşıdır, amma ölkəni idarə edənlərin rusyönlü hakimiyyət olduğunu hər kəs anlayır. Gürcüstan hökuməti Qərbə deyil, Rusiyaya meyillidir".

Aydın Baxış

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
152
50
bakivaxti.az

10Mənbələr