AZ

ABŞ Çindən idxal edilən mallara tarifləri artırır

ABŞ

Bakı, 14 may, AZƏRTAC

ABŞ Prezidenti Co Bayden mayın 14-də Çindən idxalı edilən məhsullara 18 milyard dollarlıq yeni tariflər elan edib. Tarifi ən çox artırılan elektrikli avtomobillər sektordur.

AZƏRTAC xəbər verir ki, yeni tariflər Ağ evin ABŞ-ın iqtisadi gələcəyi və milli təhlükəsizliyi üçün həyati əhəmiyyət kəsb edən sahə adlandırdığı sənayeyə, o cümlədən polad, alüminium, yarımkeçiricilər, elektromobillər, akkumulyatorlar, günəş panelləri, gəmi boşaltma kranları və tibbi məhsullara təsir göstərir.

Bu elan noyabrın 5-də keçiriləcək prezident seçkiləri üçün kampaniyanın gedişatına və yenidən seçilmək istəyən Baydenin Çinə qarşı daha sərt tonda olması fonunda verilib.

Bəyanatda Ağ evin elan etdiyi bəzi tariflər 2025 və ya 2026-cı ildə qüvvəyə minəcək, ona görə də onların icrası faktiki olaraq seçkidə kimin qalib gəlməsindən asılı olacaq.

Ən böyük rüsum elektromobillərin idxalına tətbiq ediləcək. Onlar üçün tariflər təxminən 4 dəfə artaraq 25 faizdən 100 faizə qalxıb. Bu, 2022-ci ildən 2023-cü ilə qədər Çindən ABŞ-a elektromobil ixracının əhəmiyyətli dərəcədə - 70 faiz artması ilə əlaqədardır. Vaşinqton həmin avtomobillərin idxalını daxili bazarın inkişafı üçün təhlükə hesab edir.

Bayden 2032-ci ilə qədər ABŞ-da satılan yeni avtomobillərin üçdə ikisinin elektrikli olmasını istəyir və onların istehsalını təşviq etmək məqsədilə müxtəlif proqramlar həyata keçirir.

Digər əhəmiyyətli tarif artımı elektrikli nəqliyyat vasitələrində istifadə olunan akkumulyatorlara aiddir. Bu, Çinin kritik mineralların hasilatı və emalı sahəsində hökmranlığı sayəsində 80 faizinə nəzarət etdiyi bazardır.

Bu il akkumulyator hissələrinə rüsum 7,5 faizdən 25 faizə yüksələcək. Digər mühüm faydalı qazıntılar üzrə tariflər 0 faizdən 25 faizə çatdırılacaq.

Ağ ev, həmçinin gəmi boşaltma kranlarına bu il 0 faizdən 25 faizə qaldırılacaq yeni tarifləri açıqlayıb. Tibbi məhsulların, yəni şpris və iynələrin idxalına rüsum isə 0 faizdən 50 faizə qaldırılacaq.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
25
azertag.az

1Mənbələr