AZ

Böyükağa Mikayıllı: “Müəllimlərin sertifikatlaşdırılmasının strateji hədəfləri daha genişdir”

Sertifikatlaşdırma təhsil sistemlərinin inkişafını nizamlayan, müəllimlərin elmi-pedaqoji, metodiki, intellektual səviyyəsini daim tələb olunan formada saxlayan, onların peşəkar hazırlığının, pedaqoji fəaliyyətinin yeni mərhələsinə yol açan prosesdir.
 
TehsilForumu.Az xəbər verir ki , Bunu “Azərbaycan müəllimi”nə açıqlamasında təhsil eksperti Böyükağa Mikayıllı müəllimlərin sertifikatlaşdırılması prosesinə münasibət bildirərkən deyib. Dünyanın bir sıra ölkələrinin təhsildə sertifikasiya təcrübəsini araşdıran mütəxəssis qeyd edib ki, Azərbaycanda da bu prosesin həyata keçirilməsi müsbət hal kimi dəyərləndirilməlidir:
 
”Bu prosesin təhsil sistemimizdə müsbət tendensiyaya çevriləcəyinə və inkişafa təkan verən bir amil olacağına şübhə yoxdur. Dünya təcrübəsini araşdırdıqda, aşkar görmək olur ki, tədris prosesinin təkmilləşdirilməsi, müasir xarakter almasının təməlində məhz müəllimlərin peşəkarlıq səviyyəsinin inkişaf etdirilməsi dayanır. Bunun ən optimal yolu kimi sertifikasiya diqqət mərkəzinə gəlir. Dünya ölkələrinin təhsil sistemləri ilə tanışlıq deməyə əsas verir ki, müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi tədrisin keyfiyyətinin yüksəldilməsində əsas amillərdən biri hesab olunur və müəllim sertifikatlaşdırmadan keçməklə müəyyən dövr üçün fəaliyyət hüququ qazanır". 
 
B.Mikayıllı bildirib ki, müəllimlərin sertifikatlaşdırmadan keçirilməsi metodikası ayrı-ayrı ölkələrdə fərqlidir:
 
”Metodika, yanaşma fərqli olsa da, sertifikatlaşdırma fəlsəfəsi dünyanın təhsil ictimaiyyəti tərəfindən eyni cür qəbul olunur: Müəllimin peşəkar hazırlığının zamanın ruhuna uyğunlaşdırılması. Pedaqoji sahə insan kapitalını formalaşdırdığı, insanın mənəvi, intellektual inkişafına zəmin yaratdığı üçün burada inkişaf tendensiyasını izləmək mühüm vəzifə kimi qarşıda dayanır. Sertifikatlaşdırma prosesi təhsil sahəsində hər zaman aktual olub və öz əhəmiyyətini getdikcə daha da artırmaqdadır”. 
 
Ekspertin fikrincə, sertifikatlaşdırma yalnız müəllimin bilik və bacarıqlarının, onun peşəkar hazırlığının yoxlanılması kimi dərk olunmamalıdır:
 
”Bu, məsələnin yalnız bir tərəfidir. Onun əsas strateji hədəfləri isə daha genişdir. İlk yerdə müəllimin özünün peşəkar inkişafının zəruriliyini dərk etməsi dayanır və müəllim pedaqoji ustalığını artırmaqla məşğul olmağa başlayır. Pedaqoji ustalığın getdikcə artması müəllimin işinin səmərəsini yüksəldir. Sertifikatlaşdırma müəllimin səriştəlilik səviyyəsinin artmasına, bununla da daxili motivasiyanın yüksəlməsinə yol açan ən vacib amillərdən biridir. Sertifikatlaşdırma peşəkar fəaliyyətə yeni tip yanaşmanı, pedaqoji prosesin digər iştirakçıları ilə qarşılıqlı əlaqələrin yeni-yeni formalarının axtarılıb tapılmasının istək və bacarıqlarını formalaşdırır. Ümumilikdə isə, müəllimin özünün peşəkar fəaliyyətinə yeni münasibəti yaranır. Sertifikatlaşdırmadan keçən müəllim şagirdlərinin qarşısına peşəkarlıq baxımından tam fərqli bir müəllim kimi çıxmaq imkanı qazanır. Bu da qeyd etdiyimiz kimi, tədrisin keyfiyyətinin yüksəldilməsi ilə müşayiət olunur. Müəllimin məktəbdə, eləcə də ictimaiyyət arasında nüfuzunun artmasını da bu sıraya daxil etmək mümkündür”.
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
259
tehsilforumu.az

1Mənbələr