AZ

Şuşadan islam dünyasına TƏHLİL

Bəşər tarixində yeni və ən mütərəqqi bir səhifə olan İslam mədəniyyəti cəmiyyətdə misli olmayan dəyişiklikləri yaratmış oldu. İslam dini yüksək əxlaqi dəyərləri, ədaləti, bərabərliyi, sülhü təbliğ edən dindir. Bu gün dünyada gedən ikili standartlara, İslama qarşı qarayaxma kampaniyalarına baxmayaraq İslam öz dəyərlərini qoruyub saxlayıb və inkişaf etdirir. Ulu Öndər Heydər Əliyev deyirdi: "Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır. İslam Qafqaz xalqlarına səadət, xoşbəxtlik gətiribdir, inkişaf, İslami dəyərlər gətiribdir. Bu dəyərlər – müqəddəs kitabımız Qurani-Kərimdən gələn İslami dəyərlər Qafqaz xalqlarının milli-mənəvi dəyərlərinin əsasını təşkil edir".

Bu gün Azərbaycan dünya ölkələri üçün dini tolerantlıq nümunəsinə çevrilib. Dünyada çoxmədəniyyətli ölkə imici qazanmış Azərbaycanda müxtəlif xalqlar arasında ənənəvi dostluq və qardaşlıq münasibətləri və tolerantlıq hökm sürür. Ölkəmizdə yaşayan müxtəlif xalqlara milli-mənəvi dəyərlərini, dini etiqadını, adət-ənənələrini qoruyub-saxlamaq, dil və mədəniyyətini inkişaf etdirmək üçün demokratik şəraitin təmin edilməsi Azərbaycanı dünya ölkələri üçün tolerantlıq örnəyinə çevirib. Ölkəmizdə bütün dini konfensiyaların nümayəndələrinə etiqad azadlığının təmin edilməsi üçün zəruri şərait yaradılıb. Azərbaycanda rus pravoslav, katolik kilsələri var, hər biri də hər bir dövlətin diqqət və qayğsı ilə əhatə olunub. Bir sıra dövlətlər, məhz bizim təcrübəmizdən yararlanmağa çalışırlar. Ölkəmiz dünyanın inkişaf edən və bəşəri dəyərlərə sayğı göstərən ölkə kimi tanınıb.

"BİZ MÜASİR DÖVLƏT QURMUŞUQ. O DÖVLƏT Kİ, DƏRİN MİLLİ-MƏNƏVİ TƏMƏL ÜZƏRİNDƏ QURULUB"

Bütün dinlərə hörmətlə yanaşan Azərbaycanın islami dəyərlərə də olan münasibəti əməli fəaliyyətdə aydın görünür. Müxtəlif dinlərin məbədlərinə qayğı və diqqət, o cümlədən, dini ocaqlara - məscidlərimizə olan münasibət Azərbaycanda din-dövlət münasibətlərinin və vətəndaş həmrəyliyinin yüksək səviyyəsini nümayiş etdirir. Bu gün Azərbaycan dünyəvi, müasir dövlət olmaqla yanaşı, milli dəyərlərə və adət-ənələrinə böyük hörmətlə yanaşan bir ölkədir. Ölkəmizdə din-dövlət münasibətləri formalaşıb. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, "Biz müasir dövlət qurmuşuq. O dövlət ki, dərin milli-mənəvi təməl üzərində qurulub". İslami dəyərlər milli-mənəvi dəyərlərimizin ayrılmaz hissəsidir və Azərbaycan islamı olduğu kimi - sülh, mərhəmət dini kimi dünyaya çatdırmaq istiqamətində tədbirlər həyata keçirir.

Azərbaycan müsəlman ölkələri ilə dostluq və qardaşlıq əlaqələrinə malikdir və bütün müsəlman ölkələri ilə sıx əlaqələr quraraq beynəlxalq müstəvidə bir-birini daim dəstəkləyirlər. Azərbaycanın İslam Əməkdaşlıq Təşkilatının fəal üzvü kimi islam həmrəyliyinin möhkəmlənməsinə öz dəyərli töhfəsini verir. Azərbaycan həm də bu gün beynəlxalq aləmdə dinlərarası dialoqun möhkəmləndirilməsi üçün öz dəyərli töhfəsini verir.

Dünya təşkilatları ilə əməkdaşlıq və dostluq münasibətlərinin inkişafı ölkəmizin xarici siyasət kursunda prioritet istiqamətlərdəndir. Müxtəlif sahələrdə qurulan əməkdaşlıq münasibətləri dövlətlər arasında qarşılıqlı anlaşmanın yaranmasına və davamlı olmasına öz təsirini göstərir. Azərbaycanın İslam Təhsil, Elm və Mədəniyyət Təşkilatı olan İSESKO ilə də münasibətləri də möhkəm təmələ əsaslanır. 1979-cu ildə təşkil edilmiş İSESKO ilə Azərbaycan dövləti yaxından əməkdaşlıq edir və dünyada mədəniyyət abidələrinin qorunması prinsipini dəstəkləyir. Bakı şəhərinin 2009-cu il üçün İslamın paytaxtı, eləcə də Naxçıvan şəhərinin 2018-ci il üçün İslam Mədəniyyətinin Paytaxtı elan olunması İSESKO-Azərbaycan münasibətlərini bir daha aydın göstərir. Şuşanın 2024-cü il üçün "İslam dünyasının mədəniyyət paytaxtı" elan edilməsi şəhərin İslam sivilizasiyasının mərkəzlərindən biri kimi təqdimində mühüm rol oynayacaqdır. Mayın 11-də Şuşanın Cıdır düzündə VII "Xarıbülbül" Beynəlxalq Musiqi Festivalının və "Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" ilinin açılış mərasiminin keçirilməsi Şuşanın daş yaddaşına hopan bir tarix kimi ədbədiləşdi.

DİNİ-MƏDƏNİ ABİDƏLƏR MƏKANI

Şuşa şəhəri nəinki Azərbaycanın, türk dünyasının, islam dünyasının eləcə də bütün dünyanın mədəniyyət payxatı elan olunmağa layiqdir. Milli-mənəvi dəyərlərinin beşiyi kimi tanınan Şuşa əsrlərin sınağından çıxaraq yüzilliklərin daş yaddaşında tarix yazıb. Bu tarix Şuşa haqqında olan bütün məlumatları özündə əks etdirib. Zəngin və şanlı tarixi keçmişə malik olan Şuşa ətrafındakı qədim yaşayış yerləri, o cümlədən, məşhur Cıdır düzündəki Şuşa mağarası bu ərazinin Azərbaycanda ən qədim insan düşərgələrindən biri olduğunu sübut edir. Şuşa – İslam dünyasının mədəniyyət paytaxtı 2024" elan olunması islam mədəniyyətinin zənginliklərini dolğun təzahür etdirən Şuşaya xüsusi ehtiramın ifadəsidir və İslam dünyasının həmrəyliyinin yeni rəmzinə çevrilməklə qarşılıqlı əməkdaşlıq münasibətlərinin daha da genişləndirilməsində özünəməxsus rol oynayacaqdır.

Şuşada dini abidələrə dövlətimiz tərəfindən diqqətlə yanaşılır. Ermənilər tərəfindən dağıdılmış dini abidələrimizə yeni həyat verilir. Bu günlərdə Şuşada Mamayı məscidinin bərpadan sonra açılışı bunun göstəricilərindən biridir. Heydər Əliyev Fondunun "PAŞA Holdinq"in dəstəyi ilə məsciddə və məscid ərazisindəki bulaqda apardığı bərpa işlərinə 2023-cü ildə başlanılıb. Mamayı məscidi şəhərin mərkəzi hissəsində yerləşən Mamayı məhəlləsində XIX əsrin sonlarında tikilib. Məhəllə məscidləri kimi Mamayı məscidinin də damında azan vermək üçün taxtadan güldəstə quraşdırılmışdır. Mamayı məscidi sovet hakimiyyəti illərində poeziya evi kimi də fəaliyyət göstərib. Şəhərin digər məhəllələri kimi burada da məscid, bulaq, kiçik meydan və hamam olub. İşğal dövründə məscid və onun yanında yerləşən bulaq yararsız hala salınıb. Erməni işğalçıları şəhərdəki bir çox abidələr kimi ərazidəki Mamayı bulağını da erməniləşdirməyə çalışmışdılar. Bulağın üzərindəki yazılar silinib və yerinə xaç işarəsi həkk olunmuşdu. Bundan başqa, ermənilər saxtakarlıq edərək bulağın daşlarının üzərinə erməni və rus dilində yazılmış lövhə də həkk etmişdilər. Aparılan bərpa işləri nəticəsində artıq burada erməni vandalizminin bütün izləri aradan qaldırılıb.

Mamayı məscidində tarixən mehrab sərt ağac materialından istifadə olunub. Bərpa zamanı bütün işlər tarixi görkəm nəzərə alınmaqla aparılıb. Məscidin pəncərələri tarixi görünüşünə uyğun bərpa edilib, qarşı tərəfdə yararsız halda olan döşəmə yenidən qurulub.

Bundan əlavə Şuşada Heydər Əliyev Fondu tərəfindən Yuxarı Gövhər Ağa, Saatlı məscidləri, eləcə də Mehmandarovların malikanə kompleksi ərazisindəki məscid bərpa edilib və 2023-cü ilin may ayında istifadəyə verilib.

İSLAM HƏMRƏYLİYİNİN GÜCLƏNDİRİLMƏSİNƏ TÖHFƏ

Xatırladaq ki, 2-3 dekabr 2019-cu il tarixlərində İSESCO-nun Baş qərargahında keçirilmiş İslam Dünyası İrsi Komitəsinin növbədənkənar toplantısında Azərbaycan mədəni irs nümunələri - Bakının İçəri Şəhər, Qız Qalası və Şirvanşahlar Saray Kompleksi, Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi, Qobustan Qaya Sənəti Mədəni Landşaftı İslam Dünyası İrsi Siyahısına daxil edilmişdir. Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Ölkəmizin müsəlman dünyası ilə əlaqələrinin genişlənməsi prosesi son dövrlər daha intensiv xarakter almışdır. İslam həmrəyliyinin gücləndirilməsi məqsədi ilə Azərbaycan dövləti ardıcıl olaraq siyasət yürüdür. Bildiyimiz kimi, Azərbaycan 2017-ci ildə "İslam Həmrəyliyi Oyunları"nı qəbul etdi, Ölkəmizdə Cənab İlham Əliyevin Sərəncamı ilə "İslam Həmrəyliyi İli" elan olundu. Bu, islam ölkələrinin birliyinə verilən ən böyük töhfə oldu.Bildiyimiz kimi, İslam Konfransı Təşkilatının üzvü və ya müşahidəçisi olmayan ölkə ISESCO-nun üzvlüyünə iddia edə bilməz. Bu baxımdan müstəqil Azərbaycan "İslam dünyasının BMT - si" adlandırılan İslam Əməkdaşlıq Təşkilatın da fəal üzvüdür.

SÜLHÜN VƏ TƏHLÜKƏSİZLİYİN TƏŞVİQİ

Hazırda Azərbaycan təşkilatın fəal üzvlərindən biri kimi, müsəlman dünyasının üzləşdiyi cari problemlərin həllində aktiv iştirak edir. Təşkilatın qarşısında duran vəzifələrin yerinə yetirilməsində qətiyyət və təşəbbüskarlıq göstərir. Hələ müstəqilliymizin ilk illərində erməni təcavüzünə məruz qalmış, informasiya-təbliğat imkanları zəif və məhdud olan Azərbaycanın haqlı mövqeyinin İslam dövlətləri tərəfindən dəstəklənməsi və onun vasitəsilə təcavüzün ağır nəticələrinin dünya ictimaiyyətinə çatdırılmasında müstəsna rolu qeyd edilməlidir. İƏT Azərbaycan və Ermənistan arasında münaqişənin həll olunması ilə bağlı Azərbaycana davamlı dəstək göstərib. İslam Əməkdaşlıq Təşkilatı Azərbaycan torpaqlarının 20 faizinin qonşu Ermənistan tərəfindən işğalı ilə nəticələnmiş münaqişənin həlli ilə bağlı bir neçə qətnamə qəbul etmişdir. Rəsmi Yerevanın tutduğu qeyri-konstruktiv mövqeyini diqqətdə saxlayaraq İƏT Xarici İşlər Nazirlərinin Şurası tərəfindən "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü", "Azərbaycana iqtisadi yardımın göstərilməsi" və "Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan torpaqlarında İslam dininə aid tarixi və mədəni irsin və ibadət ocaqlarının dağıdılması və təhqir olunması" adlı qətnamələr qəbul etmişdi. İƏT Azərbaycanın haqq işini hər zaman dəstəkləyib və bu, təşkilat üçün prioritet olaraq qalır. Bildiyimiz kimi, İƏT-in Baş Katibliyi Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikasının Tovuz rayonu istiqamətində hücumunu, atəşkəsi pozmasını, nəticədə azərbaycanlı əsgərlərin həlak olmasını və yaralanmasını kəskin şəkildə pisləyən bəyanat yaymışdı. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirdiyi kimi, İslam Əməkdaşlıq Təşkilatı bizə birmənalı dəstək oldu. Torpaqlarımızın işğaldan azad olunmasında hər zaman Azərbaycanı dəstəkləmişdir.

ÇOXMƏDƏNİYYƏTLİ HARMONİYANIN İNKİŞAFINA TƏKAN

Azərbaycan İslam dünyasında qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi, dünyada sülhün və təhlükəsizliyin təşviqi sahəsində böyük səylər göstərən mühüm təşkilatlardan olan ICESCO ilə əməkdaşlığa xüsusi əhəmiyyət verir.

Təsadüfi deyil ki, məhz Azərbaycan dünyanın tolerant mərkəzlərindən birinə çevrilib. Ölkəmizdə keçirilən beynəlxalq tədbirlər, dialoqlar, mədəniyyətlərarası dialoq, humanitar forum, dünya dinlərinin liderlərinin zirvə görüşləri - bütün bunlar bu gün Azərbaycan reallıqlarıdır. Cənab Prezident çıxışlarının birində vurğulayıb: "Biz çalışırıq bu tədbirlərin keçirilməsi ilə ümumi işimizə töhfəmizi verək ki, dünyada da dini, milli zəmində heç vaxt anlaşılmazlıq və qarşıdurma olmasın. Əfsuslar olsun ki, biz bir çox hallarda bunun əksini görürük. Yaxın Şərqdə, Avropada, digər yerlərdə dini amil əsasında müharibələr, davalar və qanlı toqquşmalar baş verir. Bu, əlbəttə ki, bizi çox narahat edir. Yenə də deyirəm, ümid edirəm ki, Azərbaycan öz müsbət təcrübəsini başqa ölkələrlə bölüşərək, ümumbəşəri dəyərlərə qiymətli töhfəsini verir və verəcəkdir".

Dövlət başçımız ölkədə milli-mənəvi dəyərlərin qorunub-saxlanmasında müstəsna xidmətlər göstərir. Dövlətimizin başçısı islam dininin xalqımızın həyatındakı rolunu, onun milli kimliyimizin formalaşmasındakı əhəmiyyətini nəzərə alaraq, ölkədəki dini ibadətgahların qorunmasında, onların gələcək nəsillərə çatdırılmasında əsl fədakarlıq nümayiş etdirir. Son illərdə Azərbaycanda yeni məscidlərin tikilməsi və və ya təmir edilməsi, milli-mənəvi dəyərlərimzə olan diqqətdir. Xalqımız üçün çox böyük dəyər kəsb edən Bibiheybət, Təzəpir, Əjdərbəy, 743-cü ildə tikilmiş Şamaxı məscidi və başqaları insanların ixtiyarındadır. Azərbaycanda tarixi, dini abidələr qorunur və son illərdə, yüzlərlə məscid tikilib və təmir edilib. Ölkəmizdə dinlərarası münasibətlər də ən yüksək səviyyədə tənzimlənir. Təbii ki, görülən bu işlərdə əsas məqsəd vətəndaşların rahat ibadət etmələrini təmin etməkdir. Şübhəsiz, dinə bu cür qayğının təməlində milli-mənəvi dəyərlərimizin qorunması, qloballaşan dünyada milli özünəməxsusluğun itirilməsinin qarşısının alınması, azərbaycançılıq məfkurəsinin təbliği və gəncləri milli ruhda yetişdirmək istəyi durur.

Qətiyyətlə deyə bilərik ki, müxtəlif mədəniyyətlərin və dinlərin nümayəndələrinin və etnik azlıqların harmoniya halında yaşadığı Azərbaycan uğurlu bir inkişaf yolundadır. Azərbaycan istər ölkə səviyyəsində, istərsə də beynəlxalq səviyyədə dinlərarası və çoxmədəniyyətli harmoniyanın inkişafına təkan verir və bu nailiyyətin davamlı olması üçün tədbirlər həyata keçirir.

Zümrüd BAYRAMOVA

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
sesqazeti.az

1Mənbələr