AZ

“Trendyol”da çatdırılma qiymətlərinin kəskin artımının səbəbləri nədir? - AÇIQLAMA + FOTO

Türkiyənin məşhur onlayn alış-veriş şirkəti “Trendyol” Azərbaycana məhsulların çatdırılma xidmətində qiymət dəyişikliyi edib. Şirkət qiymətləri 2,5 dəfə artırıb. 

Xatırladaq ki, dünənə kimi 79,99 türk lirəsi (4,23 AZN) hesablanan çatdırılma xidməti, bu gündən 199,99 türk lirəsi kimi (10,63 AZN) hesablanacaq. Bu da daha çox daşıma xərci tələb edəcək.

Bu məsələ insanlar arasında çaşqınlığa səbəb olub. Belə ki, bir müddət öncə Azərbaycanla Türkiyə arasında gəlirlərə görə ikiqat vergitutmanın ləğv edilməsi ilə bağlı qərar qəbul edilib. Bununla bağlı müvafiq sənəd Azərbaycan Prezidenti tərəfindən təsdiq edilib. Proqnoz edilirdi ki, iki ölkə arasında əldə olunan razılaşma Türkiyədən Azərbaycana idxal olunan məhsulların qiymətində ucuzlaşmaya səbəb olacaq. Lakin tam əksi ilə qarşılaşdılar. Əhali “Trendyol”da çatdırılma qiymətlərinin artırması və ikiqat vergitutmanın ləğvinin bir-birinə zidd olduğunu deyirlər.

Bəs görəsən, bu iki məsələ həqiqətənmi bir-birinə ziddir və proses hansı şəkildə tənzimlənəcək?

Mövzu ilə bağlı Oxu.Az-a açıqlama verən iqtisadçı-ekspert Asif İbrahimlinin sözlərinə görə, bu qərardan sonra sahibkarlar bir ölkədə vergi ödəyəcəklər:

“Azərbaycanda fəaliyyət göstərən türkiyəli vergi ödəyicisi ölkəmizdə vergi ödəyirsə, Türkiyədə öz vergilərini ödəməyəcək. Yəni həm Azərbaycanda, həm də öz ölkələrində vergi ödəməyəcəklər. Və ya tam əksi Azərbaycanda qeydiyyatdan keçmiş vergi ödəyicisi Türkiyədə fəaliyyət göstərərkən gəlirlərindən qardaş ölkəyə vergi ödəməyəcək. Mahiyyət ondan ibarətdir.

Bu, ikitərəfli ticarət əlaqələrinə təsir edəcək. Müəyyən xərclərin azalmasına gətirib çıxaracaq”.

Ekspert qeyd edib ki, hər hansı bir məhsulun və ya xidmətin formalaşmasında xərclər əsas rol oynayır:

“Xərclər nə qədər çox olarsa, həmin xidmətin, məhsulun qiyməti də bir o qədər yüksək olacaq. Yükdaşımalarda olan tariflərdə dəyişikliklər, qiymət artımları bütün sahələrə təsirini göstərir. Buna görə də yekun çatdırılmanın qiymətinə təsiri qaçılmazdır.

Yükdaşımalarda olan artım gətirib qiymət artımına çıxartdı. Bu da bahalaşmanın bir təsir üsuludur. Daxili və xarici faktorlardan ibarət olaraq bu, məhsulun da qiymətinə öz təsirini göstərir”.

Məsələ ilə əlaqədar Oxu.Az olaraq “Trendyol Azərbaycan” şirkəti ilə əlaqə saxladıq.

Şirkətdən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yeni qaydalara əsasən, müxtəlif həcmli bağlamaların karqo qiyməti fərqlənir:

“Ən aşağı desi (bir bağlamanın eni və uzunluğu - red.) qiyməti məhsulların əksəriyyətində 79,99 TL (4,23 AZN) olaraq qalır və dəyişməyib. Daha böyük həcmdə olan bağlamalar üçün isə bu rəqəm 99,99 TL - 399,99 TL (5,27 AZN - 21,08 AZN) arasında dəyişir. Müştərilərimiz çatdırılma sifarişi verərkən müvafiq karqo qiymətlərini platformamızda görə bilərlər”.

Nəzrin Vahid

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
88
2
oxu.az

3Mənbələr