AZ

“Rusiya-Ermənistan hökumətləri arasındakı gərgin münasibətlər bu kimi məsələlərdə həlledici rol oynayır” - Politoloq

Ötən həftə Ermənistanın sorğusu əsasında keçmiş deputat Tiqran Urixanyan Rusiyada saxlanılmışdı. Bu barədə erməni mətbuatı məlumat yayıb. Lakin saxlanılan keçmiş deputat daha sonra sərbəst buraxılıb. Urixanyanın sərbəst buraxılmasının səbəbi bəlli deyil. Ermənistanda onun barəsində vəzifəli şəxs tərəfindən qanunsuz sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ittihamı ilə cinayət işi qaldırılıb.

Qeyd edək ki, fevralın axırında azərbaycanlı idmançı və fitnes ustası Kamil Zeynallı da Ermənistanın axtarışı nəticəsində Moskvanın Domodedovo hava limanında saxlanılmış, lakin bir gündən sonra sərbəst buraxılmışdı. Ermənistan Rusiyanın bu addımından şikayət edərək azərbaycanlı idmançının nəyə görə buraxılmasının izahını istəmişdi.

Ermənistan Prokurorluğu daha əvvəl də onların sorğusu əsasında Rusiyada saxlanılan başqa şəxslərin sonradan heç bir izahat verilmədən sərbəst buraxıldığını qeyd edib. Bu, son zamanlar Ermənistanın Rusiyaya qarşı olan münasibətindən qaynaqlana bilərmi?

Politoloq Nəsimi Məmmədli Herbiand.az-a bildirib ki, Rusiya ilə Ermənistan arasında hüquqi, hərbi, siyasi, iqtisadi və digər sahələrdə əməkdaşlığı tənzimləyən çoxsaylı sazişlər, razılaşmalar var:

“Bu razılaşmalar həm çoxtərəfli, həm də ikitərəfli formatlarda mövcuddur. Dövlətlərarası istənilən razılaşmalarda əsasən beynəlxalq hüququn və beynəlxalq münasibətlərin təməl şərtlərinə əməl olunur. Əks halda, icra mexanizmlərində tərəflərin maraqları baxımından hər hansı problem çıxanda bunu beynəlxalq hüququn prinsipləri ilə qorumaq mümkün olmaz. Müəyyən regional birliklərin, ittifaqların özəl qaydalarla əməkdaşlıq etməsi nümunəsi var. Xüsusilə də, Rusiyanın istəyi ilə yaranan, əsas təminatçı funksiyasını Rusiyanın daşıdığı birliklərdə fərqli yanaşmaların şahidi ola bilirik”.

Nəsimi Məmmədli qeyd edib ki, ilk növbədə Rusiya öz strateji maraqlarına toxunan, müddəalarını pozmağa gücü çatan istənilən razılaşmaları tərəddüd etmədən sabotaj edə bilir:

“Rusiyanın himayəsində olan birliklərdə beynəlxalq hüququn deyil, Kremlin siyasətinin üstün qüvvəsi var. Digər tərəfdən isə son vaxtlar Rusiya-Ermənistan hökumətləri arasındakı gərgin münasibətlər də bu kimi məsələlərdə həlledici rol oynayır. Əgər Ermənistanda Rusiyanın istədiyi hakimiyyət olsaydı o zaman fərqli yanaşmalar ola bilərdi. Yaxud da belə məsələlər ictimai müzakirələrə çıxmazdı. Rusiya ilə münasibətlərdə Ermənistan prokurorluğunun iddia etdiyi kimi halların olması istisna deyil”.

Bəxtiyar CƏFƏRLİ

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
85
herbiand.az

1Mənbələr