AZ

"Əsas məsələ odur ki, işsizlərin içində cavanların sayı az olmalıdır" — Deputat

İşsiz və işaxtaran şəxslərla bağlı yeni qanun layihələri hazırlanacaq. Bu məsələ Dünya Bankı Qrupunun 2024-cü il üzrə “Yol Xəritəsi”ndə əksini tapıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə 2024-cü il iyulun 1-dək işsiz və işaxtaran şəxslərə yönəlik məşğulluq tədbirlərinin səmərəliliyinin artırılması, o cümlədən bu sahədə mütərəqqi beynəlxalq təcrübələr nəzərə alınmaqla yeni mexanizmlərin tətbiqini nəzərdə tutan qanunvericilik layihələrini hazırlayaraq aidiyyəti üzrə təqdim etməsi tapşırılıb.

Məsələ ilə bağlı Demokrat.az-a açıqlama verən Milli Məclisin deputatı Rüfət Quliyevin sözlərinə görə, ölkə iqtisadiyyatının təxminən 85 %-i bazar iqtisadiyyatıdır:

“Burada iki böyük bəla var, biri işsizlik, digəri isə inflyasiyadır. Biri ilə mübarizə aparanda, digəri artır. Bu, klassik bazar iqtisadiyyatının ən böyük dərdidir. Buna görə də işsizliyi tamamilə aradan qaldırmaq mümkün deyil. Bazar iqtisadiyyatı şəraitində bunun səviyyəsinin təxminən 2-3 faiz olması normal haldır. Bu göstərici 5-6 faiz və daha yuxarıdırsa, narahat olmağa əsas var deməkdir. Əsas məsələ odur ki, işsizlərin içində cavanların sayı az olmalıdır. Çox olanda bu, cəmiyyət üçün böyük bir problem yaradır. Bunun həlli yolu isə mikro və orta sahibkarlığın inkişafı və genişlənməsidir.  Hansı qanunun qəbul olunmağından aslı olmayaraq bu günləri Yaponiya, Avropa ölkələri və Amerika kimi bütün inkişaf etmiş ölkələrdə kiçik sahibkarlığın ümumdaxili məhsulda payı təxminən 55-65 faizdir. Biz də bu rəqəmə çatmaq istəyirik. Düzdür, hələ çatmamışıq, amma yarısını keçmişik artıq. Üzümüzə gələn illərdə bu məsələni həll edəcəyik. Dövlət bunun üçün xüsusi proqramlar həyata keçirir. İşsizlik iqtisadiyyatın inkişafının törəməsidir.Yəni, iqtisadiyyat yüksək templə inkişaf edəndə, kiçik və orta sahibkarlığın inkişaf tempi artıq olanda işsizlik kifayət qədər aşağı düşür. Misal üçün, regionlarda kənd təsərrüfatı subyektləri, fermerlər effektiv formada işlərini görsələr, təbii ki, mal bolluğu olacaq.  Emal istehsal zavodları artıq bölgələrdə də fəaliyyət göstərməyə başlayacaq. Ümumillikdə düşünürəm ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi həssas qruplardan olan insanlara, ehtiyacı olanlara yardım etməklə öz funksiyasını yerinə yetirir”.

Törə Zeynallı
Demokrat.az
Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
18
demokrat.az

1Mənbələr