AZ

Azərbaycan ilə Türkmənistan arasında əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub

Bakı, 14 may, AZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfiri Qismət Gözəlov bu ölkənin Balkan vilayətinə səfər edib.

Səfirlikdən AZƏRTAC-a bildiriblər ki, səfər çərçivəsində Q. Gözəlov Balkan vilayətinin və inzibati mərkəz olan Türkmənbaşı şəhərinin hakimləri, “Türkmən Dənizdəryayolları” Agentliyinin sədri, Türkmənbaşı Beynəlxalq Dəniz Limanın rəhbəri və “Balkan” gəmiqayırma zavodunun direktoru ilə görüşüb, limanda və gəmiqayırma zavodunda olub.

Səfər zamanı keçirilən görüşlərdə Azərbaycan ilə Türkmənistan arasında ikitərəfli əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə müzakirələr aparılıb, təkliflər irəli sürülüb.

Qeyd olunub ki, Türkmənbaşı limanı ölkələrimizin iqtisadi-ticari və dəniz nəqliyyatı sahəsində əlaqələrinin genişlənməsi ilə yanaşı, tranzit yükdaşımalarda da əhəmiyyətli rol oynayır.

Bu liman Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhliz) fəaliyyətində mühüm mövqeyə malikdir. Çindən və digər Cənub Şərqi Asiya ölkələrindən Avropaya daşınan tranzit yüklərin böyük hissəsi bu liman vasitəsilə Azərbaycana, buradan isə Bakı-Tbilisi-Qars dəmir yolu ilə Türkiyə və Avropaya çatdırılır.

Görüşlərdə tranzit sahəsində qarşılıqlı faydalı əməkdaşlığın inkişaf perspektivləri də müzakirə olunub.

Səfər çərçivəsində diplomat Balkan vilayətində yaşayan soydaşlarımızla görüşüb, onların qayğıları ilə maraqlanıb, təkliflərini dinləyib.

Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
57
2
azertag.az

3Mənbələr