AZ

Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, dünyanın ən gözəl yerlərindən biri olacaq



Prezident İlham Əliyev və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın 10 may 2024-cü il tarixində Şuşa şəhərinə səfəri baş tutmuşdur. Bu tarix Prezidentin Şuşa sakinləri ilə görüşü zamanı dediyi kimi Şuşanın yeni tarixinin başlanğıcı idi. Bildiyimiz kimi otuz iki ildən sonra artıq Şuşada yeni həyat başlayır. Şuşalılar düşməndən azad olunmuş öz doğma yurdlarına, el-obalarına geri dönüş edirlər.Təbii ki, bu çox mühüm tarixi hadisədir.Digər mühüm əhəmiyyəti isə bu tarixi hadisənin məhz Ulu Öndər Heydər Əliyevin 101 illiyi günü baş tutmasıdır. Prezident İlham Əliyevin rəhbərliyi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın humanitar missiyası ilə görülən işlər çərçivəsində təkcə tarixi, dini və mədəni abidələrimiz deyil, həm də Şuşanın timsalında ənənəvi dəyərlərimiz, milli ləyaqətimiz və qürurumuz bərpa olunur.
10 may 2024-cü il tarixdə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şuşada birinci yaşayış kompleksinin açılışında iştirak edib və şəhərə köçmüş ilk sakinlərlə görüşüblər. Dövlətimizin başçısı görüşdə çıxış edərək bildirib. Otuz iki ildən sonra şuşalılar doğma Şuşaya qayıtdılar. Bu gün bizim qürur mənbəyimiz olan Şuşanı və o vaxt işğal altında olan digər torpaqları öz canı-qanı bahasına azad edən gənc nəslin nümayəndələri olub. Savadlı, bilikli, vətənpərvər, fiziki cəhətdən güclü, mənəvi cəhətdən sağlam, saf gənc nəsil yetişdirdik və onlar 44 gün ərzində öz sinələrini qabağa verərək torpaqları azad etdilər.Şuşalılarla görüşündəki çıxışında dövlətimizin başçısı 44 günlük müharibədə bütün Azərbaycan xalqının bir yumruq kimi birləşdiyini və İkinci Qarabağ müharibəsində Qələbə qazanmağımızdan sonra bütün dünyada xalqımıza qarşı rəğbət hissinin daha da artdığını vurğuladı. Azərbaycan xalqı elə bir qəhrəmanlıq, elə bir fədakarlıq göstərmişdir ki, bu gün bütün dünyada Azərbaycan oğulları haqqında danışırlar və bizim xalqımıza hörmət edirlər.Çünki biz öz haqqımızı danışıqlar yolu ilə yox, kiminsə güzəşti hesabına yox, döyüş meydanında bərpa etdik, şəhərlərimizi, kəndlərimizi azad etdik, qan tökdük, şəhidlər verdik. Bütün Azərbaycan xalqı 44 gün ərzində bir yumruq kimi birləşmişdi.Şuşa sakinləri ilə söhbəti zamanı dövlətimizin başçısı başqa bir mühüm məqama da toxundu. O, haqlı olaraq bildirdi ki, bu gün Azərbaycan Qafqazın aparıcı dövlətidir və bu reallıqla hər kəs hesablaşmalıdır.Burada söz sahibi bizik, Qafqazda aparıcı dövlət bizik, iqtisadi, siyasi, hərbi, hər cəhətdən aparıcı dövlət bizik, bizimlə hər kəs hesablaşmalıdır. Həm Ermənistan, həm onun arxasında duran, onlara yalançı vədlər verən xarici dairələr bizimlə hesablaşmasalar peşman olacaqlar. Bu gün Qazaxın 1990-cı və 1992-ci illərdə işğal edilmiş torpaqları bir güllə atılmadan bizə qaytarılır.Dövlətimizin başçısı delimitasiya və demarkasiyanın da bizim şərtlərimiz əsasında həyata keçirildiyini bildirdi və qeyd etdi ki, bu, bizim növbəti zəfərimizdir. Heç bir başqa vasitəyə əl atılmadan, güc tətbiq edilmədən, sadəcə rəsmi Bakının tələbi ilə, Azərbaycan Prezidentinin hökmü ilə İrəvanın Qazaxın işğal altında olan dörd anklav kəndini bizə qaytarılması həqiqətən də ciddi diplomatik, siyasi uğurdur.Şuşadan olan keçmiş məcburi köçkünlərin artıq öz evlərinə, yurdlarına qayıtmağa başlaması “Böyük Qayıdış” Proqramının uğurla həyata keçirilməsinin təsdiqidir. Bu Proqram bilavasitə Prezident İlham Əliyevin nəzarəti altında həyata keçirilir. Ermənistanın işğalçı siyasətinin nəticəsində tamamilə məhv edilmiş, dağıdılmış Qarabağ və Şərqi Zəngəzur dövlət başçımızın yorulmaz fəaliyyəti nəticəsində yenidən qurulur və sakinlərin öz yurdlarına qayıdıb xoşbəxt və firavan yaşaması üçün hər bir şərait yaradılır.
Bir sözlə, postmüharibə dövründə Azərbaycan dövləti, Azərbaycan xalqı bir daha öz qurucu xarakterini ortaya qoyaraq azad edilmiş ərazilərdə erməni vandalizminin ağır nəticələrini aradan qaldırmaq üçün bütün gücünü səfərbər edib. Bu sırada Şuşanın dirçəldilməsi də geniş vüsət alıb. Hər şey çox müfəssəl və dəqiq, ən müasir şəhərsalma qaydalarına uyğun planlar əsasında qurulur. Bu bərpa-yenidənqurma işlərinə dünyanın aparıcı şirkətləri cəlb olunub. Cənab Prezidentin də qürur hissilə söylədiyi kimi elə bir gözəl şəhər yaradılır ki, hər birimiz, hər bir azərbaycanlı bununla fəxr edəcək və bütövlükdə Qarabağ və Şərqi Zəngəzur bölgələri nəinki Azərbaycanın, Qafqazın, hətta dünyanın ən gözəl yerlərindən biri olacaq.

Anar Məmmədov,
YAP Gədəbəy rayon təşkilatının məsul əməkdaşı




Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
161
1
aia.az

2Mənbələr