AZ

Pişəvəri hökumətinin mərkəzlərindən olan Azərbaycan şəhəri - ARAŞDIRMA

APA “Güney Azərbaycanı tanı” layihəsi çərçivəsində Məhəmməd Rəhmanifərin “Adaşından ayrı düşən Astara şəhəri” adlı məqaləsini təqdim edir.

Layihənin əvvəlki yazısını buradan oxuya bilərsiniz.

Biz azərbaycanlıların nisgilli keçmişini bəlkə də heç nə Astara və Culfa şəhərləri qədər əks etdirə bilməz. 1828-də Azərbaycanı ikiyə ayıran Türkmənçay müqaviləsi tamamən bu iki şəhərin ürəyinin ortasından keçərək sərhədin hər iki tərəfində də eyni adı daşıyan iki şəhərin var olmasına gətirib çıxardı. Xəzər dənizinin kənarında yerləşən Astara şəhəri Gilan əyalətinin ən çox turist cəlb edən şəhəri sayılır.

Qeyd etmək lazımdır ki, İranda ölkə inzibati ərazi bölgüsünə görə Güney Azərbaycan bölgəsi Qərbi Azərbaycan, Şərqi Azərbaycan, Ərdəbil, Zəncan, Əlburz, Qəzvin və Həmədan əyalətlərinə (ostanlarına) bölünür. “Güney Azərbaycanda yer adlarının farslaşdırması” başlıqlı yazımızda qeyd etdiyimiz kimi, 1925-də İranda Rza Şah (Pəhləvi) taxta oturandan sonra mərkəzi hökumət yeni ölkə bölgüləri bəhanəsi ilə Azərbaycanı parçaladı. Bunun üçün yeni ostanlar (əyalətlər) yaradaraq Azərbaycan adını bir çox yerin üstündən qaldırdılar. Məsələn, bu gün ölkənin rəsmi idari və inzibati bölmələrində, eləcə də şəhər və vilayət adlarında Zəncan, Qəzvin, Həmədan, Əlburz və Ərdəbil kimi ostanlar (əyalətlər) Güney Azərbaycanın tərkib hissəsi sayılmır və Azərbaycan adı yalnızca Şərqi Azərbaycan və Qərbi Azərbaycan deyilən iki ostanın üstündə qalmaqdadır! Bu arada, Güney Azərbaycanın Astara, Bicar (Gərus), Qurvə, Sonqur, Saqqız kimi bəzi tarixi şəhərləri başqa ostanlar (əyalətlər) arasında pay-bölüş olunub.


Bu şəhər yeni ölkə bölgüləri bəhanəsiylə Azərbaycan əyalətindən ayrılmazdan əvvəl Şərqi Azərbaycan əyalətinin şərqində Ərdəbil şəhərinin qəsəbələrindən biri idi. Astara 1958-də şəhər statusu alaraq birbaşa Şərqi Azərbaycan əyalətinin mərkəzi Təbriz şəhərinə bağlansa da, 2 il sonra Gilan əyalətinə verildi. Bu gün Astara şəhəri Gilan əyalətinin mərkəzi olan Rəşt şəhərindən 180 km uzaqdadır. Halbuki Astara ilə Ərdəbil əyalətinin mərkəzi olan Ərdəbil şəhəri arasında məsafə cəmi 70 km-dir. Şəhərin Ərdəbil əyalətinə birləşdirilməsi ilə bağlı astaralıların dəfələrlə xahişlərinə baxmayaraq, Tehran həmişə buna qarşı çıxıb.


Qeyd etdiyimiz kimi, Astara şimaldan Azərbaycan Respublikasındakı Astara, şərqdən Xəzər dənizi, qərbdən Ərdəbil vilayəti, cənubdan isə Taleş şəhəri ilə həmsərhəddir. Culfa şəhərini ikiyə parçalayan Araz çayıdırsa, Astara şəhərini ikiyə parçalayan Astaraçaydır. Düzdür, Astaraçay Azərbaycan ədəbiyyatında Araz qədər ayrılıq simvoluna çevrilə bilməsə də, praktikada eyni işi görür. Astara sərhəd şəhəri olduğu və Xəzər dənizinin sahilində yerləşdiyi üçün iqtisadi və turizm qütblərindən biridir. Bu şəhər Gilan əyalətində turistlərin yerləşdirilməsi baxımından birinci yerdədir və ildə təxminən 6 milyon yerli və 800 min xarici turist cəlb etməkdədir.

2017-ci ilin siyahıyaalınmasına əsasən, Astara şəhərinin əhalisi 91 257 nəfərə bərabərdir. Bu şəhərin əhalisinin böyük əksəriyyəti Azərbaycan türkcəsində danışır. Dini mənsubiyyət baxımından isə əhalinin əksəriyyəti müsəlman və şiədir.

Tarixdə Astaranın izləri

Şəhərin qədim tarixi haqqında əlimizdə kifayət qədər bilgi yoxdur. Məsələ ilə bağlı ciddi akademik araşdırma da aparılmayıb. Astaranın adı çəkilən ən qədim mənbə “Hudud al-'Aləm” kitabıdır ki, təxminən 982-ci (hicri 372-ci) ildə yazılıb. Bu kitabda indiki Astaranın yerində olduğu düşünülən “Astarab” şəhərinin adı çəkilir. Bununla belə, Həmdullah Mostofi “Nüzhətül-Qulub” adlı məşhur əsərində (1329-cu ildə (hicri 730-cu) ildə yazılıb) nə Astarabın, nə də Astaranın adını çəkir. Qədim tarix və coğrafiya kitablarında şəhərin adının çəkilməməsi bu fikri ortaya qoyur ki, bəlkə də Astara keçmiş zamanlarda o qədər də böyük və əhəmiyyətli deyilmiş. Hər halda, mövzu ilə əlaqəli ciddi tədqiqat aparılmayınca, bu haqda qəti şəkildə fikir bildirmək doğru olmayacaq.

Astara adı ilə bağlı ən qədim qeydləri Zəhirəddin Mərəşiyə (hicri IX əsr) aid olan “Gülüstan və Deyləmistan” kitabında görmək olar, burada 3 dəfə “Astara” şəklində, bir dəfə isə “Astarə” şəklində şəhərin adı qeydə alınıb. Mir Xand (hicri IX əsrin digər tarixçisi) “Ruzət- os-Səfa” kitabında Astaranın adını çəkən ikinci tarixçidir. Astara əyaləti və əhalisi I Şah İsmayılın hakimiyyətə gəlməsində və Səfəvi hökumətinin sabitləşməsində oynadığı mühüm rola baxmayaraq, Şah Abbasın dövründə Həmzə xanın üsyanına görə şahın qəzəbinə tuş gəldi, lakin Astaranın hakimi olan Şah Səfinin hökmdarı Saru Xan zamanı Astara bir daha diqqət çəkdi. Əslində o vaxtdan bəri ticarətin inkişafı və strateji məqsədlərlə əlaqədar bu şəhər əhəmiyyət kəsb edib.

Azərbaycanlı türk kimliyi

Qeyd edildiyi kimi, şəhər 1828-ci ildə Türkmənçay müqaviləsinə əsasən ikiyə bölündü. Lakin şəhərin ikiyə bölünməsi Astarada yaşayan insanların da ikiyə bölünməsi anlamına gəlməməkdədir. Aradan nə qədər zaman keçsə də, sərhədin bir tərəfində ruslaşdırma, başqa tərəfində farslaşdırma siyasətləri yürüdülsə də, Azərbaycan türklərinin tarixi yaddaşında əbədi olaraq yazılmış olan qardaşlıq ruhu rahatca silinib aradan gedəsi deyildi. Təsadüfi deyil ki, Astara 1945-də Seyid Cəfər Pişəvərinin başçılığı ilə qurulan Azərbaycan Milli Hökumətinin formalaşmasında mübarizə mərkəzlərindən və fəal şəhərlərdən biri olub. Astara Azərbaycan hökumətinin Baş prokuroru Firudin İbrahiminin doğulduğu yer olub. Elə həmin gənc prokuror ki, ölənə qədər yolundan dönməyib, Azərbaycanın düşmənlərinə edamdan xilas olmaq üçün yalvarmaq istəməyib.


Azərbaycan Milli Hökuməti bir ildən sonra İranın mərkəzi hökuməti tərəfindən vəhşicəsinə basdırıldı və ortadan qaldırıldı. Bundan sonra İranın mərkəzi hökuməti bir daha Azərbaycan mədəniyyətini məhv etməyə cəhd etdi. Bu cəhdlər hələ də davam edir, lakin bu şəhərin əhalisi hələ də öz kimliyini qoruyub saxlamaqda qərarlıdır. İran hökumətinin son yüz ildəki siyasəti Azərbaycan türklərinin bir qismini assimilyasiya etməyi bacarsa da, başqa şəhər və kəndlərimizdə olduğu kimi, Astarada da mədəniyyətimiz hələ də yaşamaqdadır. Azərbaycan rəqsi və musiqisi, azərbaycanlı həvəskarların çıxışları, aşıqların ifaları, bayatılar, Azərbaycan muğamatı, çərşənbə axşamı, Novruz bayramı dəbləri, sayaçılar, təkəmçilər, çillə gecəsi, “Koroğlu” dastanı kimi adətlər, dəblər və ənənələr bu şəhərdə yaşadıqca demək ki, Azərbaycan ruhu hələ bu şəhərdə yaşayır. Bu dəblərin hamısı hələ də Astarada qorunmaqdadır. Bundan əlavə bölgədə olan yerlərin adları və Azərbaycan mədəniyyətinin bir parçası olan ləzzətli yeməklərin adları da Azərbaycan Türk kimliyini əks etdirməkdədir. Açıqcası bu şəhərin küçələri və bazarları hər zaman fərqli-fərqli bölgələrdən səyahət üçün Astaraya gələnlərlə dolu olsa da, şəhərdə gəzərkən Azərbaycanda olduğunuzu tam olaraq hiss edəcəksiniz.

Astara şəhərinin görməli yerləri

Astara şəhərinin Azərbaycan Respublikası tərəfində sərhəd məntəqəsində yerləşən, lakin Güney Azərbaycan tərəfdən də görünən Şindan qalasından başqa əhəmiyyətli bir tarixi abidəsi yoxdur.Bununla belə, şəhər turistik yerlərlə doludur. Bura təbiət tərəfindən yaradılan mənzərəli yerlər daxildir. Hər bir tamaşaçını valeh və heyran edən bu təbii attraksionlardan biri də Astara-Ərdəbil yolunun düz ortasında yerləşən Heyran gədiyidir.

Heyran gədiyi

Qeyd edildiyi kimi, bu füsunkar təbiət cazibəsinin Ərdəbil və Astara şəhərlərindən məsafəsi demək olar ki, eynidir. Bu gədik (aşırım) bir tərəfdən meşə ilə əhatə olunub, digər tərəfdən isə nisbətən dərin dərəyə baxır. Ona görə də xüsusi coğrafi mövqeyə malik olduğunu söyləmək olar. Ayrılıq simvolu olaraq tanınan Araz çayı da onun yanındakı vadidən keçir və İran ilə Azərbaycan arasında sərhəd sayılır. Heyran gədiyində avtomobil sürmək hər kəs üçün unudulmaz bir xatirədir. Lakin bu sıldırım və aşırım yolda, xüsusən də yağışlı və qarlı günlərdə avtomobil sürməyin öz riskləri var. Çoxillik sürücülük vərdişinə malik olmayanlar isə bu marşrutda avtomobil sürməkdən çəkinməlidirlər.


Heyran gədiyi marşrutu ən gözəl təbiət turizmi marşrutlarından biri hesab edilməlidir. Meşədən, bakirə təbiətdən, yaşıllıqdan keçən dolama yol hər bir tamaşaçının gözünü oxşayır. Heyran gədiyi marşrutu boyunca bu ərazinin yerli əhalisi bal və başqa kənd təsərrüfatı məhsulları satır. Eyni zamanda, bu yolun kənarında hər cür yeməklərin, xüsusən də əsl və ənənəvi Azərbaycan yeməklərinin təqdim olunduğu çoxlu restoran və yeməkxanalar var.

Azərbaycan Respublikasının sərhədinə yaxın və hava şəraiti yaxşı olan Heyran bölgəsində turizm sahəsinin inkişafı üçün nəzərdə tutulmuş Heyran istirahət-turizm kəndi tam kompleksə çevrilib. Bu turizm kompleksində kanat yolu ilə yanaşı, kartinq, xizək sürmə, “zip line”, hotel, restoran, qəhvəxana və s. kimi bir çox maraqlı istirahət obyektləri turistlərin istifadəsinə verilir.

Heyran gədiyində kanat yoluna mindikdə şərq tərəfdə Xəzər dənizini, yamyaşıl meşələri və Astara şəhərini, cənub və qərb tərəfdə gözəl Fındıqlı meşəsini, şimal tərəfdən isə Azərbaycanın sərhəd bölgəsini və qədim Şindan qalasını görə bilərsiniz.


Heyran gədiyi bütün gözəlliyi ilə Ərdəbil-Astara bölgəsinin təbii gözəlliyinin yalnız kiçik bir təzahürüdür. Meşələr, şəlalələr, göllər, çöl heyvanlarının yaşadığı yerlər, Xəzər dənizi kənarındakı qonaqlama və gəzi mərkəzləri və şəhərin özünəməxsus tikintilərinin sayı o qədər çoxdur ki, bu qısa yazıda onları bir-bir tanıtmağa imkan yoxdur. Azərbaycan adı üstündən götürülmüş olsa da, hələ də azərbaycanlılığını və türklüyünü qorumaqda olan bu gözəl Azərbaycan şəhərini gedib yaxından görmək gərəkdir.


Bütün xəbərləri reklamsız oxumaq üçün

Günlük ölkədə baş verən xəbərləri bizdən izlə.

Seçilən
93
1
apa.az

2Mənbələr